Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: “Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur” deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
V.Rəşidova onu da qeyd edib ki, bəzi analar erkən uşaq dünyaya gətirirlər: “Erkən yaşda uşaq dünyaya gətirən ana birinci özünü tanımalıdır. Özgüvəni qaydasında olmalıdır. Özünü ana olmaq üçün hazır hiss etməlidir. Özünü tanımalıdır. Ana olmağa özünü hazır bilirsə, problem deyil, uşaq dünyaya gətirə bilər. Ana özünə inanırsa, özünü ana rolunda görürsə, təbii ki, problem olmaz. Təəssüf ki, ana olmağa hazır olmayanlar bunun məsuliyyətini dərk etmədən uşaq dünyaya gətirir və ciddi problemlərlə üzləşirlər. Əgər qadın hamilə qalıbsa, ya da ana uşaq dünyaya gətirmək barəsində düşünürsə, daxilən buna hazır olmadıqda psixoloqa müraciət etməli və bu problemi çözməlidirlər. Əks halda bu, sabah ana və uşaq arasında bir anlaşılmazlıq yaşadır”.
Psixoloqun dediyinə görə, valideynlərin məsuliyyətləri ilə bağlı maariflənmələri çox önəmlidir: “Qadın hamiləlikdən öncə və sonra ana olmaq və uşağın qayğısına qalmaq, uşaq psixologiyası haqqında ədəbiyyat oxumalıdır. Analar üçün xüsusi psixoloji seanslara, seminarlara qatılmalıdır. Ana özünü hamiləlik dövrü üçün hazır hiss etməyəndə uşaq dünyaya gətirmək dönəmi ona çətin, ağır bir mərhələ kimi görünür”.
Mütəxəssis qeyd edib ki, gec yaşda valideyn olmağın da öz problemləri var. Belə ki, valideynlərlə uşaq arasında münasibətin, ünsiyyətin qurulmasında çətinliklər yaranır. Ana və ata yaşlı olur. Uşaq isə şıltaqlıq etmək, gəzmək, əylənmək, fəal oyunları valideynləriylə birgə oynamaq istəyir. Yaşlı valideynlər isə yaşına görə onlarla bunları edə bilmir. “Uşaqlar bu səbəbə görə sevgi duyumsuzluğu yaşayırlar. Ana və atadan gözləntilərini ala bilmirlər. Disbalans yaranır. Uşaqlar böyüdükcə başqa insanlara yönəlir, valideynlərin verdiyi tərbiyədən tamam fərqli istiqamətə yönəlirlər. Sevgini, qayğını, diqqəti başqa insanlardan almağa çalışırlar. Gec ata və ya ana olmaq bu kimi problemlərin kökünü qoyur. Yaşlı valideynlərın uşağa baxmağa o qədər də həvəsləri olmur. Onlar oyunlara, uşağın istəklərinə o qədər də maraq göstərmir”.
Onun sözlərinə görə, valideyn olmaq üçün 21-22 yaş daha uyğundur: “Bu yaşdan sonra uşaq dünyaya gətirmək daha gözəldir. Amma 22 yaşında olan insan da özünü valideyn olmaq üçün hazır hiss etmirsə, yaxşı valideyn olması sual altında qalır. Ola bilər ki, 19 yaşında bir xanım özünü ana rolunda görür, bunun məsuliyyətini dərk edir və yaşının az olmasına baxmayaraq, həqiqətən də uşaqları düzgün tərbiyə edir, ana olmağın ləzzətini, xoşbəxtliyini yaşayır”.
Psixoloq bildirib ki, qardaş-bacının həmyaşıd olmağının üstünlükləri çoxdur: “Onların ortaq maraqları olur, bir-birini yaxşı başa düşürlər, daha çox birgə vaxt keçirirlər. Aralarında yaş fərqi böyük olan qardaş-bacının da münasibətlərinin müsbət cəhətləri çoxdur. Qardaş-bacı münasibətlərinin düzgün qurulmasında yaş o qədər də rol oynamır, əsas ailənin verdiyi düzgün tərbiyədir. Valideynlər övladlarına bərabər diqqət, qayğı və sevgi verməyi bacarmalıdır. Əlbəttə ki, son beşiyi digər uşaqlardan fərqləndirmək və böyüdükləri üçün diqqətdən kənarda qoymaq fəsadlar yarada bilər”.
Ailədə uşaqların sayına gəlincə, V.Rəşidova bildirib ki, ailədə 3-4 uşaq olarsa, bu, çox gözəldir: “Çoxuşaqlı ailələrdə həmişə kiçik uşaqlar böyük bacı-qardaşdan çox şey öyrənilər. Onları özünə bənzəmək istədikləri obraz kimi seçirlər. Daha ağıllı olur, özlərini daha çox təsdiq etməyə çalışır. Bunun üstün cəhətləri var”.
Aynurə MƏMMƏDOVA
21 22 yasda Analarin nə qədər stress yaşadığının şahidiyikk…Ana olmağin yaşı yoxdur!