usaq

Uşaqlar nədən qorxurlar?

Baxış sayı: 1. 061

Uşaqların qorxuları yaşlarına görə dəyişir. Hələ kiçik yaşlarda qorxuların əsas mənbəyi səslər olduğu halda, yuxarı yaşlarda konkret qorxular ortaya çıxır. İndi isə yaşlara görə qorxuları nəzərdən keçirək…

2 yaş: Bu yaşda daha çox səslərlə bağlı qorxulardan söhbət gedə bilər. Məsələn, qatarın səsi, yük maşınının səsi, tozsoranın səsi, həmçinin göy guruldaması, şimşək çaxması, fırtına qopması və s. Digər tərəfdən, qaranlığı, böyük və ya tünd rəngli əşyaları, həmçinin papaqları da bu yaşdakı uşaqlar üçün qorxulu saymaq olar.

2,5 yaş: Yatağının yerinin dəyişməsi, yuxuya gedərkən anasının yanından ayrılması, kiminsə qapıdan girməsi və s. kimi “kənar hərəkətlər” bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.

3 yaş: Bu yaşda ən çox vizual qorxulardan söhbət gedə bilər. Məsələn, qaranlıq, heyvanlar, polis və s.

4 yaş: Bu yaşda da əsas yeri səslərlə bağlı qorxular tutur. Xüsusilə də, mühərrik səsi, qaranlıq, vəhşi heyvanlar və s. bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.

5 yaş: Əslində, bu yaşı o qədər də qorxulu saymaq olmaz. Bu yaşda da əsasən vizual qorxulardan söhbət gedə bilər. Digər tərəfdən, bəzi konkret qorxuları da (məsələn, hər hansı bir yerini əzmək, kəsmək, yandırmaq və s. kimi) bu yaşda olan uşaqlar üçün xarakterik saymaq olar.

6 yaş: 6 yaşa gəlincə bu çox qorxulu yaşdır. Bu yaşda olan uşaqlar qapı və telefon zəngindən də, həşərat və quş səsindən də qorxurlar. Konkret qorxulara gəlincə, bura su, od, fırtına qorxusunu aid etmək olar. Həmçinin, bu yaşda olan uşaqlar yataqlarının altında kiminsə olmasından da qorxa bilərlər.

7 yaş: Qaranlıq, zirzəmi, dam qorxusu bu yaşda olan uşaqlar üçün xarakterikdir. Digər tərəfdən, bu yaşda olan uşaqlar oxuduqlarından, televizorda və ya kinoda gördüklərindən, hətta kölgələrindən də təsirlənə bilərlər.

8-9 yaş: Bu yaşlarda qorxular nisbətən azalır. Sudan və qaranlıqdan daha az qorxurlar. Artıq qorxuları daha realdır. Məsələn, hər hansı bir işi yerinə yetirməmək, məktəbdə uğursuzluğa məruz qalmaq, oyunda məğlubiyyətlə üzləşmək və s.

Bəs uşağınız qorxursa, nə etməlisiniz? İlk növbədə:

– Uşağınızın qorxusuna təmkinlə yanaşın.

– Əksər qorxuların müvəqqəti olduğunu unutmayın.

– Ona kömək etməzdən əvvəl qorxduğu şeylərdən təcrid etməyə çalışın.

– Qorxduğu şeylərə alışdırmaq üçün məsələyə addım-addım yaxınlaşın. Məsələn, yüksəklikdən qorxursa, nisbətən az yüksək yerlərə çıxarın. İtdən qorxursa, işə it balasına alışdırmaqla başlayın.

– Uşağınızın nələrdən qorxduğunu və bu qorxuların yaş dövründən asılı olub-olmadığını müəyyən etməyə çalışın.

– Uşağınızın qorxusu həddindən artıq çoxdursa və ya keçmək bilmirsə, bir mütəxəssislə məsləhətləşin.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir