Uşaqlar necə öyrənir? – BILMƏYİNİZ VACİBDİR

Baxış sayı: 1. 483

Körpələr yeni məlumatları süngər kimi özünə çəkir. Ətraf mühitin öyrənilməsi  müxtəlif üsüllarla görmə, eşitmə, toxunma, hiss etmə və digər vasitələrlə həyata keçir. Uşaqların müxtəlif informasiyaların mənimsənilməsində bu üsüllardan biri əsas sayılsa da digərləri də iştirak edir.

Valideyn və pedaqoqların əsas məqsədi ətraf mühiti, tapşırıqları və məlumatları daha asan, daha uzunmüddətli öyrənilməsi üçün uşaqda hansı qavrama növünün dominant olmasını təyin etməkdir.

İnformasiyanın mənimsənilməsi 3 növə ayrılır:

Birinci növ – vizual. Psixoloqlar bu anlayışı vizual (göz) yaddaşı adlandırırlar. Statistikaya görə uşaqların 65%-i bu qrupa aiddir. Vizual yaddaşı güclü olan uşaqlar gördüklərini daha yaxşı anlayır və yadda saxlayırlar. Vizualist uşaqlar onlara toxunulmasını sevmir. Ətrafdakı insanların emosional hərəkətlərindən, mübahisələrindən vizualistlər daha tez təsirlənirlər. Bu uşaqlar fərdi yarışlarda, individual çalışmalarda daha yaxşı nəticə göstərir. Vizualistləri təyin etmək çətin deyil. Onlar gördükləri yeni insanları, əşyaları diqqətlə müşahidə edir, onlara yaxından baxmağa çalışırlar.

İkinci növ – audial.  Audial – eşitmə yaddaşının güclü olmasıdır. Bu növə 30 % uşaqlar aid edilir. Bu uşaqlar dinlədikləri məlumatları daha tez mənimsəyir, zəngin lüğət ehtiyatına malik olurlar. Audiallar asanlıqla yeni dostlar tapır, yaşıdları arasında lider olurlar. Audial uşaqlar dərsə hazırlaşarkən mətni özlərinə danışır, yeni öyrəndikləri mövzuları dodaqaltı danışırlar. Sizin audial övladınıza  hirsli baxışınız ilə təsir edə bilməyəcək. Onlara sözlərlə baş verənləri izah edin. Bu halda daha tez nəticə əldə edəcəksiniz.

Üçüncü növ – kinestetik. Kinestetik uşaqlar məlumatları toxunuş və hərəkətlərdə qavrayırlar. Bu qrupa aid olan uşaqlar 5%-i təşkil edir. Kinestetik uşaqları çox vaxt hiperaktiv adlandırırlar. Çünki bu uşaqlar saatlarla bir yerdə əyləşə bilmirlər. Belə uşaqlardan ətrafdakılar çox vaxt narazı qalırlar. Sakit otura bilməyən kinestetik övladınızı daha çox əzizləyin. Bu uşaqların əhvalı tez-tez dəyişir, başqalarına tez inciyir və çox həssas olurlar. Əgər övladınız kinestetik qrupa aiddirsə, ona aktiv oyunlar üçün gün ərzində daha çox vaxt ayırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir