kitab

Uşaqlar üçün kitab seçən valideynlər nələrə diqqət etməlidirlər?

Baxış sayı: 154

Valideyn kimi uşaqların təhsili və şəxsi inkişafına ən çox siz kömək ola bilərsiniz. Sizin kitablara və ədəbiyyata dəyər verməyiniz və bölüşmək keyfiyyətinizi nümunə göstərməyiniz uşaqlara oxumağı öyrətmək yollarından biridir. Əgər uşaq ingilisdilli deyilsə, ona həm ingilis dilində, həm də ana dilində nağıl oxumaq olduqca faydalıdır. Kitab oxumaq üçün gündəlik xüsusi zaman ayırmağınız gündəlik rejiminizin sakitləşdirici və əyləncəli bir hissəsi olacaq. Yatmazdan qabaq oxunan hekayə kitabın səhifələri arasındakı həyəcan və sehri paylaşmaq və uşağın marağını canlı tutmaq baxımından əhəmiyyətlidir. Valideynlə birlikdə kitab oxumaq uşaqlığın ən maraqlı mərhələlərindən biridir. Burada məqsəd sadəcə uşaqlara qiraəti aşılamaq deyil, eyni zamanda oxumaqdan zövq almaqlarını və sevmələrini təmin etməkdir.

 

kitabxana

 

Kitabı uşağa oxumaq, kitabı uşaqla oxumaq və kitabı uşağın oxuması…

Oxunan kitabın janrından və dərinlik dərəcəsindən asılı olaraq, kitabı sizin övladınıza oxuyacağınıza, yoxsa birlikdə oxuyacağınıza, yoxsa ki övladınızın sizə oxuyacağına qərar verməli olacaqsınız. Kitabı uşağa sizin oxumağınız qiraət prosesinin necə icra edildiyini öyrədəcək ona. Bu zaman düzgün nümunələr – qiraətin zövqlü, əyləncəli olduğunu, bizi zənginləşdirdiyini, rahatlaşdırdığını və s. – göstərə bilərsiniz. Uşaqlara kitab oxumaq onların oxuya bilməyəcəyi kitablardan dinləyərək zövq almalarını təmin etməkdir.
Kitabı onunla oxumaq kitabı və hekayənin yaratdığı duyğuları bölüşmək deməkdir. Siz nə qədər yaxşı mütaliəçi olsanız, övladınızın qiraətdə özünəinam hissinin artmağına kömək olacaq. Sıra ilə oxumağınız və balacanızın özünü hazır hiss etdikdə qiraət prosesinə qoşulması onun özünü təkbaşına kitab oxuya biləcək qədər böyümüş kimi görməsinə və kitabı hiss etməsinə imkan verəcək. Bu halda eyni cümlə və sözlərin tez-tez təkrarlandığı kitablara üstünlük verin.
Beləliklə uşaq özü kitab oxuya biləcək. O kitabı istədiyi kimi – səsli və ya səssiz – oxuya bilər. Sevdiyi kitabları təkrar-təkrar oxumaq istəməsinə və ya diqqətini çəkən, lakin sizə görə onun yaşı üçün ağır olan kitablara göz atmağına da mane olmayın.

Oxumağa yeni başlayan uşaqlar

* Kitabların necə oxunduğunu sizdən öyrənirlər;
* Mətnin nələrdən ibarət olduğu – harada başlayıb, harada bitdiyi, sətirlərin soldan-sağa izlənməli olduğu – ilə bağlı fikri formalaşır;
* Kitablara baxmağı və onlara nağıl oxunmasını sevirlər, bu hissə doğmalaşırlar;
* Daha çox sevdikləri kitabları dönə-dönə oxumağa meylli olurlar;
* Özbaşlarına kitab oxumağa cəhd edir, kitabı anlamaq üçün daha çox hafizələrindən və özlərinin, ətrafındakıların portretlərindən istifadə edirlər.
Bu mərhələdə olan uşaqlar üçün seçə biləcəyiniz kitablar: Filip İstman “Sən mənim anamsan?” (“Are you my mother?”), Bill Martin “Qəhvəyi ayı” (“Brown Bear”), Şigeo Vatanabe “Mən ev tikə bilirəm” (“I can build a house”), Maykl Rosen “Ayı ovuna gedirik” (We are going on a bear hunt”), Pat Hutçins “Rosinin səfəri” (“Rosie’s walk”), Jan Omerod “Günəş işığı” (“Sunshine”), Dik Bruna “Mən oxuya bilirəm” (“I can read”) və s.

Kitabla tanışlıq mərhələsini keçmiş uşaqlar

Artıq sizin köməyinizlə kitabla, qiraət prosesi ilə tamamilə tanış olmuş uşaqlar üçün təkbaşına oxumağı hədəfləmək o qədər də çətin olmayacaq. Tanışlıq mərhələsini keçmiş uşaqlarda növbəti mərhələdə bunları mənimsəyir:
* Yazılanların mütləq bir hekayə danışdığını və ya hansısa məlumat verdiyini öyrənirlər;
* Hekayəni, məlumatı anlamaq üçün rəsmlərdən yararlana biləcəklərini mənimsəyirlər;
* Sözlərin hamısının bir mənası, funksiyası olduğunu dərk edirlər;
* Qiraət bacarığı özününkündən yüksək olan kiminləsə kitab oxuduqda eşitdiyi sözlərin mətndəki şəkli formasını anmağa çalışırlar;
* Hekayələri xoşlayırlar;
* Özlərini əsl oxucu kimi hiss etməyə başlayırlar.
Bu mərhələdə onlar üçün seçə biləcəyiniz kitablardan bəziləri: Katrina Germeyn “Böyük yağış gözlənilir” (“Big rain coming”), Marqaret Uayld “Birinci gün” (“First day”), Sem MakBratni “Gör səni nə qədər sevirəm?” (“Guess how much I love you”), Gils Andreae “Zürafələr rəqs edə bilmir” (“Giraffes can’t dance”), Pat Hutçins “İfritə” (“Titch”), Babette Kol “Ana ilə problem” (“Trouble with mum”), Kventin Bleyk “Cənab Maqnolia” (“Mr. Magnolia”).

 

Müxtəlif qiraət üsullarından istifadə edən uşaqlar

Sizin ona nağıl oxumağınızla başlayıb, onunla birlikdə nağıl oxumağınızla davam edən mərhələ bir müddət sonra onun təkbaşına oxuduğu mərhələ ilə əvəzlənir. Bu mərhələdə onun kitab seçimlərinə açıq-aşkar müdaxilə etmədən yüngülvari yönləndirməyə çalışın. Hətta onun yaş qrupuna uyğun kitabları çox sevdiyiniz kitablar kimi də təqdim edərək, marağını cəlb edə bilərsiniz. Bu mərhələdə onun sadəcə kitab zövqü yox, qiraət texnikaları da formalaşır. Kitab oxuyarkən müxtəlif üsullardan istifadə edir. Bu mərhələdə nələr baş verir.
* Oxuyarkən mövzu haqqındakı məlumatları, mətnin formasını mənimsəmək üçün hərf birləşmələrinin şəkli formalarından yararlanırlar;
* Bəzən oxumalarına kömək olması üçün hərflərin əks etdirdiyi səslərdən istifadə edirlər;
* Artıq bir çox sözü şəkli formada tanıyırlar, tanımadıqları sözləri mənimsəmək üçün görmə yaddaşı ilə əzbərlədikləri hərf birləşmələrindən istifadə edirlər;
* Çoxlu şəkillərdən istifadə olunmuş və onlara tanış mövzularda yazılmış kitablar daha rahat qiraəti təmin edir, oxumaq onları yormur;
* Oxuduqları şey bir məna vermədikdə, xətalarını axtarıb, yenidən oxumaqdan çəkinmirlər;
* Bir çox dəyişik mətn formalarını, xüsusiyyətlərini tanıyır və ayırd edə bilirlər. Məsələn, hekayəni, məlumatı, təlimatı ayıra bilirlər.
Bu mərhələdə hansı kitabları seçə bilərsiniz? Sizin üçün bəzi məsləhətlər – Uendi Or “Parkdakı əjdaha” (“Ark in the Park”), Selli Oqders “Qorxunc Devid” (“Dreadful David”), Rod Klement “Babanın dişi” (“Grandad’s teeth”), Bob Qraham “Qumlu çimərlikdən salamlar” (“Greetings from sandy beach”), Emili Rodda “Güc və şöhrət” (“Power and glory”), Libbi Qlison “Kainatın şahzadəsi” (“Queen of the universe”), Elizabet Honi “Ballı sendviç” (“Honey sandwich”).
 

Rahat oxuma mərhələsinə keçmiş uşaqlar
Artıq bir müddət sonra hərf birləşmələrini və sözləri şəkli formada tanıyan balacanız daha sürətlə oxumağa başlayacaq. Bu mərhələdə hansı dəyişikliklər baş verəcək:
* Daha fərqli mövzularda qələmə alınmış, nisbətən daha uzun cümlələrdən ibarət mətnlərə girişəcək, qiraət üçün ayırdıqları zaman artacaq;
* Müxtəlif yazı formalarını (mürəkkəb sözlərin yazılışı, köməkçi nitq hissələrinin harada necə yazıldığını və s.) mənimsəməyə, hekayənin sonu ilə bağlı təxminlər irəli sürməyə, məna pozulduqda xətanın harada olduğunu axtarmağa başlayacaqlar;
* Daha çox söz tanımağa başlayacaqlar;
* Artıq daha çox səssiz oxumağa üstünlük verəcək, yalnız hekayənin süjeti ilə bağlı xırda detalları paylaşacaq, mənanı tutmaq üçün müəyyən hissələri dönə-dönə oxuyacaq, suallar verəcək, artıq oxuduqları haqqında rəy bildirəcək;
* Artıq oxuma hədəfləri formalaşacaq, getdiyi kitabxanada, mağazada özü seçməyə çalışacaq;
* Başqalarının nə oxuduğunu bilməyə, hekayələri axtarıb tapmağa çalışacaq.
Onu hansı kitablara yönləndirərək, qiraətə daha həvəsləndirə bilərsiniz?! Sizin üçün bir neçə seçim təqdim edirik: Qossinni və Uderzo “Asteriks” (“Asterix”), Cil Morris və Linni Muir “Avstraliya kenquruları” (“Australian kangaroos”), Stiv Pariş “Kəşf et və öyrən” (“Discover and learn”), Ceyn Qodvin “Antarktida xəyalları” (“Dreaming of Antarctica”), Rod Klements “Sadəcə başqa bir sıradan gün” (“Just another ordinary day”), Marsia Uilyams “Robin Hudun macəraları” (“The adventures of Robin Hood”), Kolin Tompson “Sonuncu kimyagər” (“The last alchemist”), Narelle Oliver “Şikar” (“The hunt”).

 

Kitab seçərkən cavablanmalı suallar
Övladınıza kitab alarkən çətinlik çəkməyiniz normaldır. Çünki hər kitabı hər yaş qrupundan olan uşağa oxutdurmaq olmaz. Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir. Kitab seçərkən cavablamalı olduğunuz suallar:
Kitab övladınızın diqqətini çəkəcəkmi? – Onun maraq dairəsini, hobbilərini, sevdiyi idman növlərini düşünün. Nəzərə alın ki, siz də maraq duyduğunuz sahələrə aid şeylər oxumağa üstünlük verərsiniz.
Məşhur yazarların bu kitabın davamı kimi yazılmış kitabları varmı və ya bu silsilədə başqa kitab varmı? – Bu zaman uşağınızın əvvəlcə xoşladığı bir kitab və ya yazıçı kitab seçiminizdə əhəmiyyətli olacaq.
Kitabın onun dərsləri ilə yaxınlığı ilə əlaqəsi varmı? – Bəzən məktəb və ya bağçada verilmiş hansısa layihəyə kitab seçimində bünövrə ola bilər.
Kitab fərqli bir yazı üslubu nümunəsidirmi? – Müxtəlif şəkillər, karikaturalar varmı, təqdimat formaları necədir, audio forması varmı?
Bu kitab gələcəkdə də onun kitabxanasında xüsusi bir yer tutacaqmı? – Yaxşı qiraətçi olanlar sevdikləri kitabları mütləq bir neçə dəfə oxuyurlar. Onun üçün dəfələrlə oxumaqdan bezməyəcəyi kitablar seçməyə çalışın. Ətrafınızdakı insanların məsləhətlərinə qulaq verin.
 

Tərcümə etdi: Elcan SALMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir