SAHIB ALTAY

Uşaqları sevməyimizin sirri

Baxış sayı: 558

İllər öncə yaşadığım kirayə evin nəm çəkən divarları arasında ağlıma belə bir fikir gəlmişdi: “Həyat var olmaq uğrunda bütün növ canlılar arasında təşkil olunmuş qaçış turniridir”.

Məncə, insan şüurunun ən üstün xüsusiyyətlərindən biri də sual vermək qabiliyyətidir. Şüursuz olaraq qoynuna atıldığımız təbiətdə, şüurlu olaraq yaratdığımız cəmiyyətdə əldə etdiyimiz, yaratdığımız nə varsa, bunlar hamısı öncə beynimizdə formalaşdırıb, daha sonra axtarışına çıxdığımız sualların nəticəsidir. İnsanın düşünməyə başladığı andan etibarən özünə və ətrafındakılara verdiyi ilk sual da budur:

 

“Mən haradan gəlmişəm və niyə gəlmişəm?”.

İnsanlıq tarixinin ən ali sualı da budur, desək, yanılmarıq. Minillərlə fəlsəfə, din, sənət, elm bu sualın cavabını axtarmaqla məşğul olub və hər yaradıcılıq göstəricisi buna bir cür tərif verib. Məsələn, din deyir ki, kainat və içərisindəki canlılar tək olan yaradıcıya – Tanrıya itaət etmək üçün yaradılıb. Tanrının gözümüzlə görüb, ağlımızla dərk etdiyimiz bu möcüzəvi tablonu yaratmaqda məqsədi öz qüdrətini və yaradıcılıq qabiliyyətini nümayiş etdirməkdir. Sənət deyir ki, həyatda hər şey estetikadır. Təbiət estetik zövqün mərkəzidir. İnsan da qədim dövrlərdən, bu yana nə yaradıbsa, onu model olaraq təbiətdən götürüb. Elmin isə məsələyə münasibəti tam fərqlidir. Elmə görə, təbiətdəki hər canlı təkamül zəncirinin bir halqasıdır və bu zəncirin davam etməsinə xidmət edir.

Təbiət müxtəlif canlı növlərindən və bu növlərin bioloji təkamül nəticəsində meydana gətirdiyi siniflərdən ibarətdir. Hər canlı öz sinfinin, nəslinin təmsilçisidir. Və bütün canlıların üzərinə düşən ən ciddi həyati məsuliyyət, məqsədi nəsilartımaya xidmət edən seksual həzzin fonunda bala doğmaq və bununla təmsil etdiyi növün nəslini gələcəyə daşımaqdır. Heyvanlar, quşlar, bitkilər formal şüura sahib olmadıqları üçün bu prosesi instinktiv olaraq həyata keçirirlər. Təsadüfi deyil ki, onlarda seksual ehtiyac da yalnız nəsilartırmaya xidmət edir. Və yalnız çoxalmaq, bala doğmaq məqsədilə seksual münasibət qururlar.

İnsan da sosial təkamülün başlanğıcında bu məqsədi instiktiv olaraq həyata keçirir, qurduğu cinsi münasibətin mahiyyətini belə bilmirdi. Öncəki məqalələrimizdən birində bu məqamı qısaca qeyd etmişdik: “Mağara dövrünün xüsusiyyətlərindən biri də insanın, cinsi münasibətin mahiyyətini bilməməsi idi. Bu səbəblə də insan sürüləri qadını doğum müşahidələrinin nəticəsində yaradıcı -Tanrı qəbul etmişdilər. Hətta bu məsələ matriarxatı (anaxaqanlıq) formalaşdıran əsas səbəb olub. Sonrakı dövrlərdə bizim doğulan uşağın kişi ilə qadının cinsi münasibətinin nəticəsi olmasını anlamağımız “atalıq” anlayışını meydana gətirir”. İnsanın özünə ilk olaraq verdiyi “Mən necə yaranmışam?” sualı məhz atalığın insan ağlında dərk olunmasından sonra öz cavabını tapır.

news-inner

Burada bir xatırlatma etmək yerinə düşər: Həmin dövrlər özündə bioloji və sosioloji mahiyyət daşıyan insanlığın uşaqlıq dövrüdür. İnsanlığı o dövrdə maraqlandıran əsas suallar nədirsə, sonrakı dövrlərdə doğulan uşaqları da düşündürən suallar eynidir. Günü bu gün də doğulan uşaqların müəyyən yaşlardan etibarən öz atalarına, analarına verdiyi “Mən necə yaranmışam?” sualı eyni təfəkkür prosesinin təzahürüdür. Bu məsələnin tarixən insan şüurunda öz həllini tapması, insanın “yaranış” marağı və axtarışına son qoymadı. Əksinə, insan yaranışla bağlı bundan daha qəliz, dərin və sərhədi sonsuz başqa bir sualla üz-üzə qaldı:

 

“Mən niyə yaranmışam?”

Bir məqamı qısa da olsa qeyd etmək istəyirəm. Digər canlılarda yalnız müəyyən zamanlarda baş qaldıran və ancaq nəsilartırmaya xidmət edən seksual ehtiyac insanda şüuraltı olaraq nəsilartırma məqsədli olsa da, psixoloji və sosioloji mahiyyəti etibarilə həm də davamlı həzz mənbəyidir. İnsanı, təbiətdəki digər canlılardan fərqləndirən xüsusiyyətlər haqqında fikirlər, sadalanan amillər bitmir ki, bitmir. Məhz bu amillərdən biri də seksual ehtiyacın təkcə nəsilartırma instinkti olmamasıdır.
Bəs nə üçün bu istək davamlıdır?
Məncə, formal şüura sahib insan beyninin gələcək mədəniyyət eraları üçün ortaya çıxardığı bir zərurətdir. Məsələn, sosial təkamülün nəticəsində ortaya çıxan ailə modeli nəsilartırma instinktinin əxlaqi və qanuni-rəsmi formasıdır. Doğulan uşağın həm bioloji, həm də sosial varlıq kimi yetişməsi üçün valideynlərin arasındakı münasibətin, mənəvi bağların bir ömür davam etməsi vacibdir. Sesksual ehtiyacın davamlılığı ata və ana arasındakı mənəvi bağların, ortaq dəyərlərin yaşamasına şərait yaradır. Bu ehtiyac hətta özü də bir ortaq sosial dəyərdir.

Ailə haqqında indiyə kimi ən gözəl tərifi alman filosofu Fridrix Nitşe yaradıcılığından oxumuşam: “Ailə – aralarında müəyyən mənəvi bağlar, düşüncə və psixoloji uzlaşması olan iki əks cinsin bir araya gələrək, özlərindən üstün insan yaratması üçün nəzərdə tutulmuş müəssisədir”. Bu tərif insanın həm bioloji, həm də, sosial dəyərlərini əks etdirir. Tarixdə ailə modellərinin ortaya çıxmasının məqsədi insanın seksual ehtiyacını idarə etmək, onu müəyyən əxlaqi və hüquqi çərçivəyə salmaq, eyni zamanda şəxsi əmlak hüququnu formalaşdırıb, bunun fonunda ümumi iqtisadi quruluşun inkişafına təkan vermək idi. Ailənin mərkəzindəki qüvvə uşaqdır. Ancaq tərifdə diqqət çəkən bir ifadə var: “özündən üstün insan yaratmaq”.

 

Bu, nə deməkdir?

Ata və ananın genləri yeni orqanizmdə özünü daha üstün formada kopyalayır. Genin həyatda qalmaq məqsədinin əsas xüsusiyyətlərindən biri də mükəmməlliyə can atması, hər yeni orqanizmdə özünü daha üstün formada göstərməsidir. Məhşur ABŞ yazıçısı və filosofu Will Durantın “Mədəniyyətin mərhələləri” əsərində ifadə etdiyi belə bir fikir var: “İnsanı təbiətdəki digər canlılardan fərqləndirən səbəb formal şüur, onun nəticəsində əldə olunan dəyərlər – yaradıcılıq növləri, mədəniyyət və onların nəsildən-nəsilə ötürülməsidir”.

Deməli, insanın nəsilartırma instikti təkcə onun genlərinin deyil, həm də yaratdığı mədəniyyətin nəsildən-nəsilə ötürülməsinə və bu metodla həyatda qalmasına xidmət edir. Ailənin məqsədi də yeni orqanizmdə təkamül edib, özünü daha üstün formada göstərən gen daşıyıcısı, atanın və ananın aid olduğu toplumun mədəniyyət daşıyıcısı olan övladı dünyaya gətirmək və onu məxsusi sosial dəyərlər əsasında yetişdirməkdir. Gen kimi mədəniyyət də yeni orqanizmlərin ortaya çıxardığı üstün təfəkkürün sayəsində mükəmməlliyə can atır. Bu səbəblə də övladlar həm bioloji, həm də sosioloji cəhətdən valideynlərdən üstün olurlar.

Təbiətdəki bütün canlıların balaları həm öz valideynləri və növ ortaqları, həm də digər növlərin canlıları tərəfindən sevilir.

Atalar, analar və eyni növün nümayəndələri yeni doğulmuş balaları ona görə sevirlər ki, bu balalar öz orqanizmlərində valideynlərin və bir növün genlərini daşımaqla, həmin növün həyatda qalmasını reallaşdırırlar.
Bəs digər növlər?
Məsələn bir ceyranın balası, bir böyük pələngə hansı pozitiv enerjini ötürür?

1. Təbiət bütöv orqanizmdir. Və hər canlı növü bu orqanizmin bir parçasıdır. Doğulan hər bala təbiətdəki canlılığın davam etdiyinin göstəricisidir. Bir növün varlığını əks etdirən balalar digər növlər üçün də gələcək zamanda həyatın davamlılığını əks etdirirlər. Bu da onlarda həyatda qalmaq uğrunda gedən mübarizədə varlığın gələcəyinə zəmanət verir.

2. Varlığın ilkin ehtiyacı qidadır. Bir ceyran nəslinin davam edəcəyindən xəbər verən ceyran balası, ceyran ətiylə qidalanan ana və ya ata pələngə öz balalarının gələcəkdə qidayla təmin olunacağı və bununla da nəsillərinin davamı üçün qida təminatının göstəricisidir.

Müraciət edilən mövzularda heyvanların, quşların və bitkilərin həyatından verilən nümunələrə çox asan şəkildə lakonik izahlar vermək olur. Növbə insana çatanda, tədqiqat və müzakirə müstəviləri çoxalır, fikirlər şaxələnir. Çünki insan xaric bütün canlıların həyat və davranışları yalnız bioloji mahiyyət daşıyır, insan isə bu biolojiliyin üzərinə bir də sosioloji mahiyyət və məsuliyyət yükləyib.

Orta hesabla zaman-zaman hamımızın eşitdiyi, müxtəlif şəkillərdə ifadə olunan bir fikir var: “Həyatda yeganə təmənnasız sevgi valideyn sevgisidir”. “Ata övladı uğrunda hər maneəyə sinə gərir”. “Analıq hissi heç bir sərhəd tanımır”.

Həyat maddi və mənəvi təmənnalar üzərində qurulub. Təbiətdəki digər canlıların balaları kimi, insan və cəmiyyətdə də uşaqlar sevginin əsas mənbəyidir. Ancaq bizim uşaqlara bəslədiyimiz sevgi heç də təmənnasız xarakter daşımır. Yazının bura qədər olan hissəsində bu təmənnasızlığı müxtəlif misallarla izah etməyə çalışdıq.

Burada öncədən unutduğum bir anlayışı qeyd etməkdə fayda var: “Populyasiya”. Latın dilindən tərcümədə mənası “xalq, əhali, toplum” deməkdir. Populyasiya müəyyən ərazidə yerləşən bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzimləyən hər hansısa növün fərdlərindən ibarət qruplaşmadır. Təbiətin bütün canlıları öz bioloji strukturuna və xüsusiyyətlərinə görə bioloji populyasiyalara, insan isə mədəniyyət amilinə görə həm də sosial populyasiyalara ayrılır. Məsələn, hər sürü, qəbilə, millət, xalq, toplum bir bioloji və sosial populyasiyadır. Yaşadığımız ölkədə, aid olduğumuz toplumda dünyaya göz açan hər uşaq öncə öz ata və anasının gen daşıyıcısı, daha sonra bizim toplumsal olaraq bioloji və sosial populyasiyamızı gələcəyə daşıyan vasitəçidir.

“Bala baldan şirindir”. Ailənin tərifini yuxarıda verdiyimiz üçün, bu analayışa bir daha qayıtmağa lüzum görmürəm. Toplumların fərqli kültürü əsasında insanların ailə qurmasının əsas məqsədi seksual ehtiyacı əxlaqi və hüquqi model çərçivəsində təmin etmək və uşaq dünyaya gətirib, nəsil artırmaqdır. Çünki övlad olmadan bizim genlərimizin həyatda qalması mümkün deyil. Məqsədimiz isə budur, həm fərd olaraq, həm də toplum olaraq genlərimizi gələcəyə ötürüb, həyatda qalmaq. Eyni zamanda bizə məxsus olan kültürün, mədəniyyətin tarixdə qalması və yaşaması. Bizim valideyn olaraq öz övladlarımızı sevməyimiz, qorumağımız, onların uğrunda hər cür fədakarlıq etməyimiz öz genlərimizin və yaratdığımız kültürün yaşaması üçün bir mübarizədir.

“Övladda nəvə, dövlətdə dəvə”. Valideynlərin uşaqlarına olan sevgisi öz keyfiyyətini bir mərhələyə kimi qoruya bilir. Uşaqlar böyüyüb, valideyn olmaq yaşına çatanda artıq valideynlər öz övladlarını evləndirməyə sövq edirlər. Hətta övladlar kiçik yaşda ikən küçədə uşağının əlindən tutub, gəzən, üz-üzə gələn valideynlərin bir-birinə etdiyi ən üstün arzu budur:
“Toyunu görəsən”.
Niyə, nə səbəbə?
Çünki ailə çoxalmanı təmin edən əxlaqi və hüquqi müəssisədir. Bir valideynin vəfat edincə öz övladını evləndirməsi, övladının uşaq dünyaya gətirməsi artıq onun öz genlərinin yeni daşıyıcısını görüb, həyatdan rahat getməsi deməkdir. Valideynlərin uşaq sevgisi, övladlar valideynlik mərhələsinə gələndə parçalanır. Hətta bu sevginin çox payı övladların övladlarının (nəvələrin) payına düşür. İnsan ömrü yaşam şərtlərinə görə müəyyən yaş həddində çərçivələnib.

Dövrlərin statistikasına görə müəyyən olunan maksimum yaş həddi var. Heç bu hesablanmasa belə, insan tez, ya da gec bir gün həyatdan köçmək məcburiyyətində olduğunu bilir. Hər yaş insanın “yox olmaq” qorxusunu artırır, onu ömrünün sonuna yaxınlaşdırır. Uşaq dünyaya gələndə valideyn düşünür ki, özündən sonra onun genləri, varlığı bu uşağın timsalında məsələn, əlli il boyunca var olacaq. Ancaq o uşaq artıq valideynlik yaşına çatanda böyük valideynin, yəni babanın, nənənin genlərinin ömrü xeyli azalmış olur və genlərin gələcəyə ötürülməsi üçün nəvələrə ehtiyac var. Bir sözlə, o yaşdakı övlad valideynin yaxın gələcəyə hesablanmış, nəvə isə daha uzaq gələcəyə hesablanmış gen daşıyıcılarıdır. Bu səbəbdən də adətən babaların və nənələrin nəvələrinə olan sevgisi, övladlarına olan sevgisindən daha üstün olur.
Nəsildən-nəsilə özünü kopyalayan genlər kimi, o genlərin daşıyıcılarına da olan sevgi nəsildən-nəsilə adlayır və gen kimi bir sonrakı nəsildə daha üstün şəkildə biruzə verir.

usaq

“Uşaq evin güzgüsüdür”.

İnsanın ictimai mühitdəki keyfiyyət göstəricisi təhsil və tərbiyədir. Bu amillər də birbaşa valideynlərlə bağlıdır. Bir uşağın ictimai mühitdəki davranışının dəyəri, valideynlərinin ona verdiyi tərbiyəyə əsasən ölçülür. Toplumun qəbul etdiyi etika qaydalarına uyğun davranan uşaq həm valideynlərinin adını təmsil edib, digər insanlar tərəfindən onlara müsbət rəy qazandırır, həm də özündə müsbət rəy formalaşdırıb, aid olduğu toplumun digər nümayəndələrinə bu topluma məxsus dəyərlərin gələcəyə ötürülməsi üçün sağlam fərdlərin mövcudluğu mesajını verir.

Doğulan hər uşaq bir ailənin, bir nəslin, bir tayfanın, bir toplumun həm genlərinin, həm də kültür və mədəniyyətinin həyatda qalma, gələcəyə daşıma təminatçısıdır. Bu səbəbdən biz həm öz övladlarımızı, həm də yaşadığımız toplumda doğulan digər uşaqları çox sevirik. Bəs digər toplumlarda doğulan uşaqlar? Onları da sevməyimizin səbəbi ümumi insan nəslinin, bioloji və sosial populyasiyasının gələcəkdə var olacağına bizdə ümid yaratmalarıdır. Bütün canlıların həyatda ən böyük arzusu yaşamaqdır. Balalar həyatdakı canlılığın gələcək varisləridir Uşaq sevgimizin təmənnasının nə olmasından asılı olmayaraq, məncə bütün dünya dillərində ən şirin söz “bəbə” sözüdür…

Qeyd: Həyatda belə qəribə məqamlar da olur. Bundan öncə “Kulis.az”da yayımlanan “Şəhidliyin sosial mahiyyəti” adlı məqaləmdə belə bir ifadə işlətmişdim: “Zaman və məkan anlayışı bütün proseslərin mərkəzində dayanan əsas amillərdəndir. Mətnin yazıldığı məkan və zaman da mətnin tərkibinə, ruhuna önəmli təsir gösətirir”. Şəhidlik haqqında olan həmin yazımı bir şəhidin otağında, onun yazı masasında yazmışdım. Bu, mətnin məkan amili. Uşaq sevgisinə həsr etdiyim bu yazını isə çoxdan planlaşdırdığım halda, heç cür davam etdirə, bitirə bilmirdim. Bu gün ata oldum. Valideynlik hisslərini varlığımda hiss etməyimlə belə bir məqalə ərsəyə gəldi. Bu da mətnin zaman amili…

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir