kitablar

Uşaqlarla münasibəti bərpa etməyə kömək edəcək 10 kitab

Baxış sayı: 1. 161

Elə bir valideyn tapılmaz ki, uşağı ilə həmişə əla dil tapa bilsin. Çünki dahi pedaqoq Montessorinin dediyi kimi, uşaqlar başqadırlar. Uşaqları başa düşüb, sağlam psixologiya ilə yetişdirmək üçün onların dünyasına daxil olmaq və ünsiyyəti öyrənmək lazımdır.

Bu yolda sizə milyonlarla valideynə köməyi dəymiş kitablar əlinizdən tutacaq.

 

1) Uşaqlığın sirri

Kitabın müəllifi YUNESKO tərəfindən XX əsrin ən yaxşı pedaqoqlarından hesab olunan italyan pedaqoq-psixoloq Mariya Montessoridir. XX əsrin əvvəlində onun yaratdığı sistemi artıq əsrin sonuna doğru minlərlə məktəb tətbiq etməyə başladı. Yaratdığı sistemin əsasında isə uşağın individuallığını ortaya çıxarmaq, onun öz yolunu tapmaqda və reallaşdırmaqda kömək etmək durur. Bütün həyatını uşaq tərbiyəsi üçün sistem yaratmağa həsr edən pedaqoq “Uşaqlığın sirri” kitabında uşaqların başqa olduğunu başa salmağa çalışır.

Pedaqoqun sözlərinə görə, yalnız bunu fikri qəbul edən valideynlər övladları ilə konfliktdən uzaq ola bilərlər. Müəllifin digər kitabları da uşaq tərbiyəsi və inkişafı üçün ən çox məsləhət görülən kitablardandır.

2) Effektiv valideyn kursu

Dünyada 4 milyon nüsxədən çox satılan bu kitabın müəllifi məşhur amerikalı psixoloq Tomas Qordondur. Valideynlər kitabdan onları narahat edən bir çox sualların cavabını tapacaqlar: Xoşbəxt ailələrin sirri nədir? Uşaqların sərbəst və xoşbəxt olmaqları üçün nə etməli? Valideynlərlə səmimi və etibarlı münasibətləri necə yaratmalı?

3) Necə danışaq ki, uşaqlar qulaq assınlar? Necə qulaq asaq ki, uşaqlar danışsınlar?

Dünyaca məşhur iki ekspert Adel Faber və Eleyn Mazlişin “Necə danışaq ki, uşaqlar qulaq assınlar? Necə qulaq asaq ki, uşaqlar danışsınlar?” kitabı bütün dünyada milyonlarla valideynin sevimlisinə çevrilib. 24-dən çox dilə tərcümə olunan kitab sayəsində valideynlər övladları ilə düzgün ünsiyyət qurmağı, tərbiyə prosesində ortaya çıxan problemləri həll etməyi öyrənə biliblər. Kitab həm də “New York Times” bestseller siyahısında birinci yeri tutub.

4) Valideyn – uşaq: münasibət dünyası

Dünyaca tanınmış klinik psixoloq, pediatr Haim Ginottun  “Valideyn – uşaq: münasibət dünyası” kitabı 3-15 yaşarası uşaqlarla düzgün ünsiyyət prinsiplərini öyrədən bir kitabdır. 30-dan çox dilə tərcümə olunan kitab 5 milyon nüsxədən çox satılaraq bestseller olub. Məşhur psixoloq kitabında valideynlərin bilmədən öz övladlarına dedikləri sözlərin ağır təsirlərindən danışır. Həmçinin, kitabda uşaqların suallarına düzgün cavab verməyi öyrədərək, onların dünyasını başa düşməyə kömək edir.

Onu da qeyd edək ki, dünyaca məşhur ekspertlər Adel Faber və Eleyn Mazliş Ginottun tələbələri olub və ondan ilhamlanaraq kitablarını yazıblar.

5) Uşaqla ünsiyyət qurmaq. Necə?

Məşhur sovet psixoloqu Yuliya Gippenreyterin müəllifi olduğu “Uşaqla ünsiyyət qurmaq. Necə?” kitabı uşaq psixologiyası ilə bağlı ən təqdirəlayiq  kitablardan biridir. Kitab bir neçə hissədən ibarətdir. Hər bölmənin sonunda valideynlər üçün ev tapşırıqları verilir. Psixoloq kitabında valideynlərin ən çox verdiyi sualları cavablandırır. Övladlarının ürəyinə yol tapmaq istəyən valideynlərə kitabı oxumaq məsləhətdir.

6) Balaca uşaqlar və onların anaları

Kitabın müəllifi bu sahəyə böyük töhvə verən, tanınmış ingilis psixoanalitik və pediatrı Donald Vuds Vinnikottdur.  Bütün qadınların yaxşı ana ola biləcəyinə inanan Vinnikkot kitabında anaların öz gücünə inanmasına kömək edir. Kitab müxtəlif mövzuları işıqlandıran mühazirələr şəklində yazılıb: süd vermə dövrü, yenidoğulmuş və ana, şəxsiyyətin inkişafı, ana ilə uşağın ünsiyyəti və s.

“Balaca uşaqlar və onların anaları” kitabı cəmi 76 səhifə olmasına baxmayaraq, digər müəlliflərin kitabları ilə müqayisədə daha ağır bir dildə yazılıb. Lakin hər bir ana bu kitabda özünə lazım olan dəyərli və vacib məlumatı əldə edə bilər.

7) Övladını necə sevməli?

İctimai xadim, həkim və pedaqoq Yanuş Korçakın yazdığı bu kitab digərlərindən çox fərqlənir. Həyatını uşaqlara kömək etmək, onların psixologiyasını öyrənməyə sərf edən həkim kitabı elə bir ağır bir dövrdə yazıb ki, o zaman uşaqların emosiyaları nəinki  vacib sayılırdı, hətta ən sonuncu yerdə idi. Vacib olan intizamlı və tərbiyəli olmaq, sözə qulaq asmaq idi. İndiki zamanda bu yanaşma dəyişib.  Lakin həyatının son illərini gettoda uşaqların qayğısına qalan, onları yemək və dərmanla təmin etməyə çalışan bu insanın sözlərini eşitməyə dəyər.

8) İstedadlı uşağın dramı və “mən”in axtarışı

Bu bestsellerin müəllifi isveçrəli psixoterapevt Alis Millerdir. Məşhur psixoterapevtin kitabından nələri öyrənəcəksiniz? Uşağın aldığı psixi travmaların gələcək şəxsi və sosial həyatında yaratdığı təsirlər, yarana biləcək psixi xəstəliklər və s.  Kitab öz dövründə qərbdə rezonansa səbəb olmuş və bir çox insanın öz uşaqlığına və uşaqları ilə münasibətlərə başqa gözlə baxmağa məcbur etmişdi.  “İstedadlı uşağın dramı və “Mən”in axtarışı“ kitabı illər keçsə də insanların həyatını dəyişməyə davam edir.

9) Toksik valideynlər

“Toksik valideynlər” kitabının müəllifi dünyaca məşhur psixoterapevt Syuzen Forvarddır. Valideyn zorakılığına məruz qalmış bir çox insanın xilaskarı olmuş bu kitabda valideynlərin hərəkətlərinin, uşaqlara qarşı olunan zorakılığın uşaqların gələcək həyatında yaratdığı təsirlər göstərilir. Valideyn-uşaq münasibətlərindəki çətinlikləri incəliklərinə qədər izah edən psixoterapevt, həmçinin həll yolları təklif edir. Müəllifin bu və digər kitablarını oxuyan bir çox insan mənəvi ağrıdan xilas olaraq, daha xoşbəxt yaşamağa başlayıblar.

10) O, məni dəli edəcək!

Anaların bəlkə də ən çox işlətdiyi cümlələrdən biri ilə kitabını adlandıran Eda Leşan dünyaca tanınmış amerikalı pedaqoqdur. Müəllif kitabında hər ailədə baş verən konflikt vəziyyətləri, uşaqların neqativ hərəkətlərinin səbəblərini və onları aradan qaldırmaq yollarını işıqlandırır. Kitabında öz həyatından nümunələr gətirərək, təcrübəsini və səhvlərini oxucu ilə bölüşür.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir