masinlar

Utilizasiya proqramı: bu şərtlər avtoparkı yeniləyə biləcəkmi? – ARAŞDIRMA

Baxış sayı: 620

Bu qərarlarda məqsədin ölkənin avtomobil parkının yenilənməsi olduğu göstərilsə də, bu məsələ ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bir çoxları bu qərarların tam əks-effekt verəcəyini- istismardan çıxmaqda olan maşınların bərpa olunaraq yenidən dövriyyəyə daxil edilməsinə və köhnə maşınların qiymətinin bahalaşmasına səbəb olacağını düşünür. Çünki tam yeni və ya yaşı 10 ilədək olan avtomobilin qiyməti hətta orta təbəqə vətəndaş üçün də əlçatan deyil. Burada qiymət ən azı 20 mindən başlayır. Lakin yerli bazarda qiyməti 10 min manat cıvarında olan normal maşınlar tapmaq mümkündür.

Utilizasiya verigisinin maşının ili artdıqca daha da çoxalması da effektsiz tədbirdir. Çünki vətəndaş təzə maşına nisbətən köhnə maşına görə ildə 20-30 manat artıq ödəyə bilər, amma məsələn 3-5 minlik maşınını satıb 20 min manatlıq maşın ala bilməz. Çünki bu maşını utilizasiyaya verdikdə ona ortalama 1000 manat ödənilir ki, bu da ancaq salondan təzə maşın alındıqda istifadə oluna bilər. Salonda isə ən ucuz yerli yığım avtomobilin qiyməti 17-18 mindir. 1000 manat güzəşt edildikdə qalan 16-17 mini vətəndaş hardan alacaq? Kreditlə götürsə belə, bu maşın ona azı 25 min manata başa gələcək. Bu halda vətəndaş uzun illər ayda 300-400 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil.

Bundan başqa, öz maşınının təkcə motoru 1000 manatdan çox edir. Digər detalları da satsa azı 2-3 min manat da əlavə gəlir əldə edə bilər, o halda niyə utilizasiyaya verib 1000 manat alsın ki? Onsuz da təzə maşın ala bilməyəcək.

.

Köhnə maşından təzəsinə keçidin problemləri

Göründüyü kimi Azərbaycanda elan olunan utilizasiya şərtləri, ödəniləcək məbləğ vətəndaşlar üçün heç də sərfəli deyil, bu səbəbdən heç kim bunda maraqlı olmayacaq. Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə ya da heç olmasa onun yarı qiymətinə alması, ölkədə yığılan maşınları və xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də faizsiz və uzunmüddətli kreditlə. Yalnız bu halda bu proqram effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.

Avtomobillərin gömrük rüsumu yüksək olduğundan əhalinin 90 faizinin yeni və az işlənmiş maşın almaq imkanı yoxdur. Normal bir təzə və ya az işlənmiş maşın ölkəyə gömrük rüsumları ilə birgə 20-30 min manata gəlib çıxacaq. Lakin 10-15 min manata daxili bazardan saz vəziyyətdə 10-15 ilin maşınlarını almaq mümkündür. Yerli yığım maşınların isə dediyimiz kimi keyfiyyəti və qiymət münasibəti uyğun olmadığından alıcılar onları almaqda maraqlı deyillər.

Bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Salondan alınmış təzə maşınla o bunu edə bilməyəcək. Yeni maşınların təmir və servis xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınlarla həmin işi görməsi mümkün olmayacaq. Deməli belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 3-5 min manatlıq xarab maşınının əvəzinə 10 min manata daha yaxşı vəziyyətdə olan işlənmiş maşın ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə- 3-5 min manata qəbul etməli, qalan məbləği (məsələn 5-10 min manatı) ona kreditlə 5-10 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.

.

Avtoutilizasiya proqramı haqda xarici təcrübə

Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada demək olar ki, 15 ilə yaxındır ki, köhnə avtomobillərin utilizasiyası proqramı qüvvədədir. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.

Hər il vətəndaşlara Rusiya istehsalı olan 100 mindən çox müasir avtomobil satılır, dövlətin utilizasiya proqramının büdcəsi isə təxminən 1,5 milyard dollar civarındadır.

Dövlət texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid yeni avtomobilləri almağa həvəsləndirir. Nəticədə son 10-12 ildə Rusiyanın avtomobil parkının yarıdan çoxu yenilənib. Üstəlik, yerli avomobil modellərinin satışı kəskin artıb.

ABŞ-da da kütləvi şəkildə istismar müddətini başa vurmuş avtomobillər utilizasiya edilir, bu maşınların sahiblərinə normal ödəniş verilir və güzəştli kreditlər təkif olunur. Beləliklə, vətəndaşlar rahatlıqla avtomobillərini təzələyir. Əksər Avropa ölkələrində də belədir.

Köhnə yox, nasaz maşınlar yığışdırılmalıdır

Hazırda Azərbaycanda təxminən 1,5 milyona avtomobil istismardadır. Təxminən 1 milyon minik avtomobilinin yaşı (ölkə avtoparkının 70%) 10 ildən yuxarıdır. 20 faizinin isə yaşı 30 ildən çoxdur. Azərbaycanın avtomobil parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var.

Avtomobilin yaşının onun texniki vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Elə maşınlar var ki, yaşı 15-20 ildir amma 5 ilin maşınından dəfələrlə daha keyfiyyətli, daha saz vəziyyətdədir. Dünyanın bütün ölkələrində 50-100 arası yaşı olan avtomobillər istifadə olunur, əlbəttə, texniki vəziyyətləri normal halda. Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçə bilirsə, demək istifadəyə yararlıdır.

Və ya əksinə, elə maşınlar var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. Yəni, 10 ilin maşını 20 ilin maşınından daha pis vəziyyətdə ola bilər.

Göründüyü kimi, proseslə bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun. Əgər hökumət maşın parkının yenilənməsini istəyirsə idxal olunan 10 ilədək yaşı olan avtomobillərə gömrük və vergi rüsumlarını minimuma endirməlidir. Ya da yerli yığım avtomobilləri ucuz qiymətlə və uzunmüddətli kreditlə təklif etməlidir. O halda vətəndaş uyğun qiymətə normal avtomobil əldə edə biləcək və özünün köhnə maşınını utuluzasiyaya verəcək.

 

Avtomobillərin idxal rüsumu çox yüksəkdir

Son dövrlərdə hər il ölkəyə 50-100 mindən arası avtomobil gətirilir. 2023-cü ildə bu rəqəm 88 mindən çox olub. Bunun üçün ölkədən 1,5 milyard dollar valyuta çıxıb. 2022-ci ildə 68 min 684 ədəd avtomobil idxal edilmişdi (845 milyon dollar). Deməli, idxal olunan avtomobil sayı 28 faiz, buna sərf edilən vəsaitin həcmi isə 79 faiz artıb. 2022-ci ildə idxal avtomobillərinin orta dəyəri 12.3 min dollar olduğu halda, 2023-cü ildə 17.2 min dollara yüksələrək, 40 faiz artıb.

2015-ci və 2017-ci illərdə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında daha bir yeni aksiz vergisi oldu. Keçən il yaşı 10 ildən artıq olan maşınların idxalı qadağan edildi. Bu ildən isə əlavə olaraq utilizasiya vergisi tətbqi edilir. Nəticədə idxal olunan təzə modellərin qiyməti əhalinin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxdı. Hazırda bizdə avtomobil idxalı üçün vergi və gömrük rüsumları çox yüksəkdir. Ortalama halda maşının dəyəri qədər də rüsum ödənilməlidir. Yəni, 10 min manatlıq maşın üçün 10 min manat da vergi və gömrük rüsumu ödənməlidir.

.

Yeni avtomobillərin satışına zərbə vuran amillər

Təəssüf ki, xaricdən bu qədər avtomobil gətirildiyi halda yerli yığım avtomobillərimiz satılmır. Problem onların keyfiyyətində və qiymətindədir. Vətəndaş baxır ki, 20 min manata keyfiyyəti zəif olan təzə yerli avtomobil almaqdansa, həmin pula xaricdən 5-10 il işlənmiş keyfiyyətli və dözümlü avtomobil ala bilər.

Sürücülərin çoxu qeyd edir ki, yerli maşınlar arzuolunan keyfiyyətdə deyil, üstəlik qiyməti və kredit şərtləri uyğun deyil. Əgər bu məsələ həll edilsə, onları alanların sayı artar.

Yerli avtomobillərin ən böyük payı dövlət orqanlarında ola bilərdi ki, bu da müxtəlif səbəblərdən baş tutmadı. Bir neçə il əvvəl ölkə prezidenti dövlət orqanlarını yerli maşınları almağa çağırdı. İlk vaxtlar bu çağırışa cavab olaraq bəzi dövlət orqanları öz ehtiyacları üçün yerli yığım maşınları alsalar da, sonralar bu proses dayandı. Bu gün biz əksər dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrinin maşınlarının xarici istehsal olduğunu görürük. Halbuki, bu avtomobillər yerli maşınlardan 3-5 dəfə bahadır.

Hansısa məmurun 50-100 minik maşında gəzməsi vacib deyil, dövlətin pulunu buna xərcləməyə dəyməz. Ona görə də, hesab edirik ki, bu tələb rəsmi və qəti olmalıdır. Bütün dövlət təşkilatları yerli avtomobil istifadə etməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, əksər sinif maşınlar yığılır- sedan, krossover, pikap, universal, xeçbek və s. Əgər dövlət orqanları, məmurlar, nüfuzlu şəxslər nümunə göstərib bu maşınları alsalar, adi vətəndaşlar da alar. Bu halda avtomobil sənayesi sürətli inkişaf edər. Getdikcə ehtiyat hissələrinin çoxunun ölkəmizdə istehsalı tətbiq oluna və böyük bir sənaye sahəsi yaranar.

Bir sözlə, proses optimal və ədalətli şəkildə həyata keçirilsə, ölkənin avtomobil parkı 10 il ərzində əsaslı şəkildə təzələnə bilər. Nəticədə həm qəzaların və ölümlərin sayı azalar, həm də ekologiyamız daha az korlanar.

 

Elçin Bayramlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir