valideyn

Valideynlər övladlarındakı istedadı necə kəşf etməlidirlər?

Baxış sayı: 173

“Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, Papa statusuna qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım”.

Deyəsən, Pikassonun da valideynləri onun istedadının hansı yöndə olduğundan bixəbər olub, başqa sahəyə yönəltmək istəyiblər. Necə ki, qonşumuzun qızı Ayselin valideynləri onun fikrini soruşmadan rəqsə, pianinoya istiqamətləndiriblər. Ayselin 13 yaşı var. Yaşıdlarından fərqli olaraq, onu həyətdə oynayan görmək mümkün deyil. Çünki Aysel səhər dərsə gedir, sonra məktəbdə hazırlığa qalır. Məktəbdən sonra isə onu həftənin bəzi günləri rəqsə, pianinoya və ya üzgüçülüyə aparırlar. Deməzdim ki, bunların hamısına Aysel könüllü olaraq gedir. Bunu hər dəfə ya rəqsə, ya pianinoya gedərkən anası ilə birlikdə olan dialoqundan anladım. Aysel hər dəfə yorğun olduğunu, həmin dərslərdə iştirak etmək istəmədiyini, anası isə əksini deyir. Və tam 2 ildir ki, Ayselin “uşaqlıq” adlandırdığımız dövrü istəmədiyi tərzdə keçir.

Əslində valideynləri də anlamaq olar. Hər valideyn əqli və fiziki keyfiyyətləri ilə həmişə bir addım öndə olan, yaradıcı, uğurlu və xoşbəxt, hər sahədə nümunə göstərilən uşaqlar böyütmək istəyirlər. Amma bəzən bu istək həddi aşır. Valideynlərin istəyi uşaqların məcburiyyətinə çevrilir.

 

Bəs uşağın hansı sahəyə marağı olduğunu necə bilməli? Valideynlər bu məqamda nə etməlidirlər?

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının  nəzdində  “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva onlara müraciət edən uşaqların oradakı pedaqoq və psixoloqların testindən keçdiyini bildirir: “Uşaqların istedadını yoxlamaq üçün mahnı oxutdururuq, rəqs etdiririk, şeir söyləməsini istəyirik. Bundan başqa, uşaqla təklikdə psixoloqumuz söhbət edir. Ondan bura öz istəyi ilə, yoxsa valideyninin məcburiyyəti ilə gəldiyini soruşuruq. Təbii ki, əgər uşaq istəmir, valideyninin təkidi ilə gəlirsə, biz onu götürmürük. Və ya hər ikisinin istəyi ilə uşaq gəlir, amma istedadı yoxdursa, yenə də həmin uşağı qəbul etmirik. Uşaq testlərdən keçən zaman hansı sahəyə marağının olduğunu aydınlaşdırıb, həmin sahəyə yönəldirik.  Bəzən elə  uşaqlar gəlir ki, baxırsan çox istedadlıdır, amma təəssüf ki, marağı yoxdur.  Yəni o açıq şəkildə bildirir ki, mən aktyor və ya aktrisa olmaq istəmirəm. Bir misal deyim. Bir uşaq gəlirdi bizim studiyaya və kifayət qədər də istedadlı idi. Həmçinin başqa dərnəklərə də gedirdi. Bir gün  uşaq dərsdə ağlayaraq dedi ki, mənim evdə çoxlu oyuncaqlarım var. Amma mən onlarla oynamağa vaxt tapmıram.  Axı bu teatr, şahmat kursları mənim nəyimə lazımdır? Biz onun valideyni ilə danışıb başa salmağa çalışdıq ki, bundan sonra  uşağı gətirməsin. Yəni məcburi şəkildə uşağa nə isə elətdirmək olmaz. Bunun gələcəkdə heç bir faydası olmayacaq.  Bizdə hazırda 30-a yaxın uşaq var. Hər biri də könüllü şəkildə gəlir. Uşağı sərbəst buraxmaq lazımdır. Valideynlər uşaqların bütün istəklərinə müdaxilə edirlər.  Bəzi valideynlər uşaqlarını dinləmir. Onlar üçün uşağın nə istədiyi yox, özlərinin nə istədiyi əsasdır”.

“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyir ki, uşaqları istədiyi sahə üzrə istiqamətləndirsək, bu zaman o, daha böyük uğurlar qazanar: “Uşağın biliyi bacarığı üst-üstə düşməlidir. Uşağın bacarığı var, amma biliyi yoxdursa, o, həmin sahədə uğur qazana bilməz. Bunun əksi də mümkündür. Bilik və bacarıq vəhdət təşkil etməlidir.  Bəzi valideynlər elə bilir ki, hər şey biliklə həll olur. Aparır uşağı rəssamlıq kursuna yazdırır. Lakin uşağın bacarığı yoxdur.  Bacarıq anadangəlmə, onun temperamentindən, xarakterindən asılı olan bir şeydir, bilik isə sonradan qazanılır. Ola bilər ki, valideyn uşağının  hansısa bir bacarığını kəşf etsin və bunu inkişaf etdirmək üçün onu kursa göndərsin. Əgər bir uşağın bacarığını valideyn düzgün aşkar edə bilmirsə, həmin uşağın gələcəkdə özünü təsdiq etməsində problemlər yaşanır.  Hazırda o qədər bacarığı kəşf olunmayan,  heç bir istiqamətə yönləndirilməyən uşaqlar var ki, onların istedadından valideynləri xəbərsizdir”.

Müsahibimizdən uşaqların  istedadının neçə yaşından bilindiyini soruşduq: “Uşaqlarda hansı istiqamətə bacarığın olması artıq 5 yaşından sonra özünü büruzə verir. Bu yaş dövründə olan uşaqların valideynləri daha diqqətli olmalı, övladlarını müşahidə etməlidirlər. Bu yaşdan sonra uşaqları müəyyən bir istiqamət yönəltmək olar. Bəzən elə valideynlər var ki, uşağı 3 yaşından nəyisə öyrənməyə məcbur edir. Bu, düzgün deyil.  Həmin yaşdan daha erkən öyrənməyə başlamaq uşağı yorar.  Uşağı həddindən artıq da yükləmək olmaz. Bu, onun özünü dəyərsiz, robot kimi hiss etməsinə səbəb olar. Təbii ki, uşağın inkişafı üçün onu kurslara, müəyyən dərnəklərə aparmaq yaxşıdır. Amma bu da həddində və göstərilən yaşdan sonra olmalıdır.  Xüsusi testlər var. Hansı ki, o testlər əsasında uşağın hansı istiqamətdə bacarığı olduğunu aydınlaşdırmaq olur. Əgər valideyn özü müəyyənləşdirə bilmirsə, yaxşı olar ki, mütəxəssisə müraciət etsin. Uşaq istədiyi sahəyə yönələndə özünü cəmiyyətdə daha yaxşı ifadə edə bilir. Özünəinam əskikliyi yaşamır”.

Psixoloq, NLP məşqçi Şamama Ağamuradova bildirir ki, insan ancaq zövq aldığı işlə məşğul olanda xoşbəxt olur: “Onlara seçim etmək imkanı verməliyik ki, sabah öz həyatı haqqında qərar verə bilsinlər. Yanlarında olub, onların inkişafına kömək etmək, hər sahə ilə tanış etmək lazımdır. Vaxtı çatanda özləri onsuz da istədiklərini seçəcəklər. Valideynlər çalışsınlar uşaqlara psixoloji travmalar vurmasınlar. “Su axıb öz çuxurunu tapar” atalar misalı təsadüfən deyilməyib. Uşaqlar əvvəl axır öz yerlərini bu həyatda tutacaqlar. Uşaqları məcbur etmək olmaz ki, sən mütləq bu sahəyə getməlisən. Bəzən valideynlər vaxtı ilə özlərinin edə bilmədiklərini övladlarının etməyini tələb edirlər. Amma düşünmürlər ki, zaman dəyişib. İnsan zövq aldığı işlə məşğul olmalıdır”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir