Cavid İmamoğlu

Valideynlər niyə “qız yükü” çəkmək istəmirlər?

Baxış sayı: 1. 256

Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması artıq uzun müddətdir ki, cəmiyyətimizin narahatlığına səbəb olan məsələlərdən biridir. Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamika ilə Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyi ehtimalı çox böyükdür.

Bir çox ailələrdə qız uşaqlarına arzuolunmaz övlad münasibəti bəslənildiyini qeyd edən sosioloq Cavid İmamoğlunun sözlərinə görə, əksər vaxt onların həyatına qarşı elə ana bətnindəcə müdaxilələr edilir və selektiv abort yolu ilə onların dünyaya gəlməsinin qarşısı alınır.

Bu cür süni müdaxilələrin qızların sayında kəskin azalma ilə nəticələndiyini vurğulayan sosioloq deyib ki, Azərbaycan doğulanların cins nisbətinin pozulmasına görə ölkələrin sıralanmasında ikinci yerdədir.

Bu isə çox ciddi məsələdir. Əgər qız uşaqlarına qarşı ayrı-seçkiliyə son qoyulmasa, yaxın gələcəkdə Azərbaycan demoqrafik gərginliklə üz-üzə qalacaq:

“Qız uşaqlarının arzuolunmaz övlad hesab olunmasının əsas səbəbi də mental düşüncələrlə bağlıdır. Cəmiyyətdə qadınlara qarşı münasibət birmənalı deyil, gender əsaslı zorakılıqlar mövcud olduğu üçün valideynlər qızların yükünü çəkmək istəmirlər.

Amma anlamırlar ki, onların “qız yükü, duz yükü” səviyyəsinə endirdikləri problem fonunda əhalinin say tərkibi dəyişib, genefondumuz məhv olmaq təhlükəsi ilə üzləşib. Təəssüflə qeyd etməliyəm ki, bu gün qızların sayının azalması gələcəkdə anaların sayının azalmasına gətirib çıxaracaq. Statistikaya görə, 20 il ərzində ölkədə ciddi qadın çatışmazlığı yaranacaq.

Hesab edirəm ki, nə qədər ki demoqrafik problemlə üzləşməmişik, bu sahədə də ciddi maarifləndirmə işlərinə ehtiyac duyulur. Düzgün maarifləndirmə işlərindən sonra bu düşüncənin dəyişəcəyinə ümid edirik.

Əks halda qızların sayının azalması qız qaçırmaların, göbəkkəsmələrin, erkən evliliklərin sayının artmasına rəvac verəcək ki, bu da artıq başqa bir problemə, qadın hüquqlarının pozulmasına gətirib çıxaracaq”. Qız uşaqlarına qarşı ayrıseçkiliyin Azərbaycan mentalitetinə sonradan daxil olduğunu qeyd edən Cavid İmamoğlunun sözlərinə görə, bu hal nə Azərbaycan qanunvericiliyinə, nə dini dəyərlərinə uyğundur. Çünki dini dəyərlərimiz, milli düşüncə tərzimiz bu düşüncə ilə razılaşmır, bu cür halların əleyhinədir. Hətta islam dini qız övladlarına yüksək dəyər verir, qız övladını Allah tərəfindən ailəyə hədiyyə hesab edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir