poz qazan

Varlanmaq üçün pozanlar – REPORTAJ

Baxış sayı: 636

Daha çox kişilər udsa da, qazanan qadınlardır. Çünki qadınlar udanda çıxıb gedir, kişilər isə udduğunu da burada qoyurlar. Nə yalan deyim, “qazanan qadınlardır” sözü məni də cəsarətləndirir. “İki bilet də mənə verin” deyirəm. Pozuram və…

“Eh Polina, sən hər şeyi qaydalar üzrə edirsən. Amma həyatda lotereya da var. Məsələn, mən həmişə lotereya bileti alıram.

-Heç udubsan?

-Bəs necə? İki dəfə 1 rubl udmuşam…”

Lotereya piştaxtalarının arxasında toplaşanlar “Moskva göz yaşlarına inanmır” filmində Lyudmilanın rəfiqəsi ilə söhbətini xatırladır. Hər şeyi qaydalar üzrə edib varlanmayanlar, pozaraq varlanmaq istəyirlər.

 poz qazan 1

Ümid axtaranlar…

Məşhur yumorist Mixail Jvanetski “lotereya optimistlərin sayını hesablamağın ən doğru yoludur” deyirdi. Biz də optimistlərlə söhbətləşmək üçün 28 May metrosu yaxınlığında yerləşən lotereya satanların “məkanına” yollanırıq.

Burada 3 növ insan var: şansına inanıb düşünmədən oynayanlar, oynayanlara baxıb cəsarətlənənlər, bunların hər ikisi ilə söhbətləşib yenə də risk etməyənlər. Amma hər üçünün məqsədi varlanmaqdır. Biri addım atır, digəri “sürü prinsipi” ilə hərəkət edir, sonuncusu isə götür-qoy edir. Hansının ağıllı olduğunu seçmək çətindir. Çünki bu oyunda ağıllı olan yox, şanslı olan udur…

 

“3 dəfə Allahın adını çəkdim”

Birdən “sevinc”, “xoşbəxtliyin” səsi gəlir. “Ura, uddum”. Tələbə Günay bugünkü xərcliyinə lotereya alıb. Rəfiqələri də yanındadır. 1 manata aldığı lotereyadan 15 manat udur. Günay deyir ki, 3 dəfə Allahın adını çəkdim, ona görə qazandım. Günayın səsinə ətrafdakılar yığışır. Hansı ki, elə bayaqdan xanımın biletinin nəticəsini gözləyirdilər. Alın sizə gözlədiyiniz cəsarət… Qarşınızda 1 manat xərcləyib 15 manat udan xanım var.

Elvin, tələsik “mənə də 1 bilet verin” deyir. Pozur. Yenə ətrafda cəsarət edənlər, etməyənlər gözləyir. Amma Allahın adı bu oğlana kömək etmir. 1 manatını da itirir, xanıma nifrətlə baxır və uzaqlaşır. Sanki günahkar Günaydır…

 

Şans gətirməyəndə, gətirmir…

Bayaqdan yorğun baxışlarla piştaxtadan gözünü çəkməyən təmizlikçi (süpürgəçi) xanım şansını yoxlamaq istəyir. Hava soyuqdur, özü də səhərdən çöldə işlədiyi üçün əlləri donub. O üşüyən əllərlə lotereyanı pozmaq üçün istifadə etdiyi qəpiyi tuta bilmir. Kömək etmək istəyirlər. İmtina edir, deyir ki, özüm pozacağam. Əlinə, şansına inanır. Bəlkə o zəhmətkeş əllər bu gün onu xilas edəcəkdi. Təəssüf ki, uda bilmir. Amma o, nə şanslı Günaydan, nə də Allahdan narazıdır. Şansına söyərək, acıqla süpürgəsini götürür, gedir. Acınacaqlısı isə xanımın getməsi deyil, oradakıların süpürgə tutan yorğun əlləri görsə də, uduşsuz bileti əzib, yerə atmaları, ətrafı zibilləmələridir. Udanda lotereyasını bərk-bərk qucaqlayanlar, uduzanda yerə atmaqdan çəkinmirlər. Nə deyək, şans gətirməyəndə, gətirmir.

 

Naharsız qalan Arif…

Arifin də bu dəfə bəxti gətirmir. Uduzduqca əsəbiləşir. Amma yenə də uduzmağı qəbul edə bilmir. Birini də ver, birini də, birini də… Kənardan dostu dillənir: “Arif, naharın pulunu bitirdin, bəsdir…” Arifin vecinə deyil. Gözünü hirs bürüyüb. Təəssüf ki, Arif də naharsız qalır.

 

Uduzanlar piştaxtası

Maraqlı bir nüans da var. Metronun qarşısında 4 piştaxta quraşdırılıb. Hamısı eyni lotereyanı, eyni qiymətə satsa da, birinin önündə növbə, digəri isə müştərisizdir. Burada da satıcının gülər üzü, xoş siması, müsbət enerjisi özünü göstərir. Gülərüzlü satıcı daha çox satır. “Üzü sirkə satan” isə piştaxtanın arxasında dodağını dişləyir.  Bu piştaxtada nə satıcının şansı gətirir, nə də bilet pozanların. Buranı “uduzanlar polka”sı adlandırırlar.

 

Şans həmişə gülmür

Qazananların piştaxtasına yaxınlaşırıq. Satıcı deyir ki, 10 gün qabaq burada bir nəfər 100 min manat udub: “Hələ pulu almayıb. Yenə də hər gün gəlir, oynayır. 10 ədəd 100 minlik lotereya var. 4-ü udulub, 6-sı qalıb. Ümid edir ki, digər 100 minlik də ona qismət olacaq”. Ümid edək ki, həyatın üzünə güldüyü o şəxs artıq tamahının qurbanı olmaz. Qazandığını yenidən lotereyaya xərcləmək riskdir axı… Şans həmişə gülmür.

Məlum olur ki, burada 1000, 100, 50, 25 min manatlıq uduşlar da olub.

poz-qazan 2

Sevincdən şirinlik verənlər, uduzub pulunu tələb edənlər

Bəs 100 min manat qazandıran piştaxtanın qazancı nədir? Satıcı deyir ki, onlar maaşa işləyirlər: “Bizim gəlirimiz maaşdır. Kiminsə ürəyindən keçirsə, sevincindən şirinlik verir. Amma heç kim satıcıya pul verməyə məcbur deyil”.

Şəhriyarın piştaxtasına yaxınlaşırıq. Qazidir. Bir gözünü müharibədə itirsə də, pozitivliyini qoruyub. Yaxşı görmür, amma pozitiv baxmağı bacarır. O, enerjisi ilə də müştəriləri cəlb edə bilir: “Burada ən çox 10 min, ən az 1 manat udulub.10 min udan sevincindən şirinlik verir, hər kəsi qucaqlamaq istəyir. Burada hər cür adam olur. Pozub əsəbiləşən, udub sevinən. Hətta uduzub pulunu tələb edənlər də az deyil”.

Satıcı ilə söhbətimizdən məlum olur ki, lotereyanı ən çox təqaüdçülər və imtahanını udduğu pulla verəcəyinə ümid edən tələbələr oynayır.

 

“Qazanana qədər oynayacağam”

Söhbət zamanı piştaxtaya Əbülfət dayı yaxınlaşır. Bilet alır, pozur, 5 manat udur. Mən sevinəcəyini gözləyirəm. Amma vecinə deyil. Çünki məqsədi daha çoxudur. Elə o 5 manata da lotereya alır. Bu dəfə uduzur: “Yüz min manatı udmayınca əl çəkməyəcəyəm. Ona qədər udduğum pulların hamısına bilet alacam”. Bəs udana qədər xərclədikləriniz? Sualım cavabsız qalır. Çünki şüuraltında səhv etdiyini özü də bilir. Amma məqsədinin qurbanıdır.

 

Maraqlıdır, ən şanslı qadınlardır, yoxsa kişilər?

Şəhriyar deyir ki, daha çox kişilər udsa da, qazanan qadınlardır. Çünki qadınlar udanda çıxıb gedir, kişilər isə udduğunu da burada qoyurlar. Nə yalan deyim, “qazanan qadınlardır” sözü məni də cəsarətləndirir. “İki bilet də mənə verin” deyirəm. Pozuram, amma şansım gətirmir. Və ən nəhayət, şans oyunları ilə bağlı “qızıl deyim”i xatırlayır və xatırladıram: şans oyunlarının bir fəlsəfəsi var – oynamayan qalibdir…

 

Aygün ƏZİZ

Foto; Firudin Səlimov / Global Media Group




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir