xarici dil

Xarici dil öyrənənlər üçün məşhur poliqlotdan məsləhətlər

Baxış sayı: 714

Heç cür bir dili öyrənib bitirə bilmirsinizsə, məşhur irland poliqlot  Benni Luisin məsləhətləri ilə tanış olmaq vaxtıdır. 10 dildə sərbəst danışan və unikal dil öyrənmə metodu hazırlamış Benninin bir neçə qaydası var. Onlarla tanış olaq:

 

Lazımlı sözləri düzgün qaydada öyrənin 

Bir çox insan yaddaşının pis olmasına görə, söz öyrənə bilmədiklərini bəhanə gətirirərək, elə öyrənməyi başlamadan bitirirlər. Benni qeyd edir ki, dil öyrənmək üçün çox söz bilməyə ehtiyac yoxdur, belə ki, danışığımızın 65%-i cəmi 300 təkrarlanan sözdən ibarətdir. Bunun üçün sizə üzərində tez-tez işlənən sözlər qeyd olunan söz kartları lazım olacaq. Bu kartları “Anki” və buna bənzər tətbiqləri yükləyib öyrənə və ya özünüz hazırlaya bilərsiniz.

 

Doğma sözləri öyrənin

Poliqlot qeyd edir ki, yeni dil öyrənməyə başladıqda ilk olaraq doğma sözlərdən başlayır. Belə ki, öyrənmək istədiyimiz hər dildə ana dilimizdəki sözlərə doğma olan sözlər var. Fransız, italyan, portuqal dillərində ingilis dili ilə ortaq cəhətləri var. Məsələn, ingilis dilində –tion sonluğunun qarşılığı digər dillərdə –coin, –zione-dur. Bu cəhətlər işinizi asanlaşdıracaq.

Benninin dediyinə görə, hətta ingilis dilinə uzaq olan, məsələn yapon dili kimi dillərdə belə doğma sözlər var, sadəcə onları tapmaq lazımdır. Həmçinin, bir çox dillər ingilis dilindəki sözləri inteqrasiya edərək öz dillərinə adaptasiya edirlər.

 

Danışmaq istədiyiniz dildə hər gün dinləyin və oxuyun   

Benni qeyd edir ki, xarici dil öyrənmək üçün xarici ölkəyə getməyə ehtiyac yoxdur, çünki oranın havasında sizi xarici dildə danışdıracaq sehrli heç nə yoxdur. Poliqlot bunu öz təcrübəsi ilə sübut edib, belə ki, Braziliyada yaşadığı vaxtda ərəb dilini öyrənib. Öyrənmək istədiyiniz dildə seriallara baxmağı, filmləri izləməyi, xəbər saytları ilə yanaşı maraqlı bloqları və saytları oxumağı məsləhət görür.

 

Danışmağı öyrənmək üçün danışmağa başlayın   

Xarici dildə oxumağa və qulaq asmağa başlamısınızsa,  deməli, artıq danışmaq vaxtıdır. Bunun üçün dil daşıyıcısı ilə danışmağa başlamaq lazımdır. Benninin ən çox üzərində dayandığı fikir odur ki, əgər xarici dildə danışmaq istəyirsinizsə, elə başdan mütləq danışmağa başlamaq lazımdır. Benni xarici dili öyrənməyə başladığı ilk gündən hər gün azı 1 saat həmin dildə danışır. O, xarici dildə sürətli danışmağı tez öyrənib, çünki özünün qeyd etdiyi kimi çox məşq edib.

Danışmağa başlayarkən bu qaydalara riayət edin:

  • Siyahı tutun və orda danışacağınız mövzuları qeyd edin;
  • “Lazımlı sözləri düzgün qaydada öyrənmə” üsuluna riayət edərək lazım olan mövzuya aid sözləri toplayın və danışmağa hazırlaşın. Unutmayın ki, siz sözləri ilk danışıq üçün öyrənməlisiniz və məhz yeni öyrəndiyiniz sözləri işlətməyə başlayanda artıq nələrdə səhv etdiyinizi və nələri öyrənməli olduğunuzu başa düşəcəksiniz;  
  • Dialoqda aktiv iştirak etməyə çalışın və fərqli mövzularda aktiv danışmağa çalışın.

Benni çin və yapon dilində virtual danışmaq üçün italki.com saytını məsləhət görür. Məşhur poliqlot hesab edir ki, artıq danışmağa başladıqdan sonra həmin dilin qrammatikasını daha tez başa düşməyə başlayır. Lakin elə insanlar var ki, dili öyrənməyə başladıqda qrammatikanı da eyni şəkildə çox tez qavrayırlar. Məhz buna görə də dil öyrənməkdə sizin şəxsi yanaşmanızdan da çox şey asılıdır.

 

Pulunuza qənaət edin, ən yaxşı resurslar pulsuzdur  

Benniyə görə dil öyrənmək üçün çoxlu pul xərcləməyə ehtiyac yoxdur, çünki pulsuz variantlar həddindən artıq çoxdur. Xərciniz yalnız dil daşıyıcısı ilə ünsiyyət qurmaq üçün çıxa bilər. Onun məsləhət gördüyü ödənişsiz portallardan biri Duolingo-dur.

Bundan başqa, poliqlot söz və ifadələrin düzgün səslənməsini öyrənmək üçün “Forvo” portalını məsləhət görür. “Lang8“  portalında isə yazdığınız mətni pulsuz yoxlatdıra bilərsiniz.

 

Böyüklər dili uşaqlardan daha yaxşı öyrənir   

Bir çoxlarının düşündüyü kimi “Uşaqlar dili daha tez öyrənirlər” fikri ilə Benni razılaşmır. Əgər siz də yaşınızı bəhanə edərək həvəsdən düşürsünüzsə, bu xəbər xoşunuza gələcək. İsrailin Haifa Universitetində alimlərin apardığı tədqiqat göstərib ki, böyüklər uşaqlarla müqayisədə dil öyrənməkdə daha produktivdirlər. Belə ki, böyüklər intuitiv olaraq qrammatik qaydaları uşaqlardan daha yaxşı başa düşürlər.

Bundan başqa, yaşın artması ilə dil öyrənmək arasındakı məhdudiyyəti göstərə bilən bir araşdırma yoxdur. Böyüklər üçün əsas maneələrdən biri vaxtın olmaması və digər səbəblərdir.

 

Sözləri xüsusi üsulla yadda saxlayın 

Əzbərlədiyimiz sözlər yadımızdan çıxır, onları tez unuduruq. Benni bu vəziyyətin çıxış yolunu mnemotexnikada görür. Mnemotexnikanın köməyi ilə sözlər yaddaşımıza “yapışacaq”. Benni bu texnika ilə sözləri yadda saxlamaq üçün pulsuz memrise.com platformasını məsləhət görür.

Başlanğıcda sizə narahat gəlsə də öyrəndikcə bu metodun effektivliyini kəşf edəcəksiniz.

 

Məqsədlərinizi düzgün təyin edin

Dil öyrənərkən etdiyimiz səhvlərdən biri məqsədi düzgün təyin etməməkdir. Məsələn, məqsədiniz yeni ilə qədər ingilis dilini öyrənməkdir? Bəs öyrəndiyinizi necə başa düşəcəksiniz? Hansı göstəricilərə əsasən bunu ölçəcəksiniz?

Ona görə məqsədiniz dəqiq və ölçüləbilən olmalıdır. Məsələn, dili hansı səviyyədə bildiyinizi öyrənmək üçün “European Common Framework” platforması köməyinizə gələcək. Bu sistem vasitəsilə məqsədlərinizi dəqiq təyin edə, inkişaf səviyyənizi ölçə biləcəksiniz.

Bundan başqa, uzun müddətli məqsədlər təyin etmək məsləhət deyil, məsələn, 1 və ya 2 il. Çünki bu müddətdə çox şey dəyişə bilər. Qısa müddətli və ən əsası sizə uyğun gələn qısa müddəti seçib çox çalışın. Bu, 6 həftə, 3 ay və s. ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir