xas

XAŞ: Sevək, yoxsa iyrənək? – ARAŞDIRMA

Baxış sayı: 337

Kəllə-paça və xaş şorbasının xüsusilə yüksək vitamin və mineral tərkibi ilə soyuqdəymə xəstəliklərinə qarşı qılınc rolu oynadığı hər kəsə məlumdur. Yəni, bunlar bədən müqavimətini artırır. İyrənənlərlə yanaşı, bu yeməyi sevənlər də az deyil.

Həmçinin, kəllə-paça və xaş antibiotik rolunu oynayan və enerji verən ən məşhur təamlardan biridir. Bəs, bunun kimlərə fayda və zərəri var? Hansı saat aralıqlarında istehlak edilməlidir?

Məlumdur ki, qış aylarının gəlişi ilə şorba istehlakı xeyli artır. Təbii antibiotik kimi tanınan kəllə-paça və xaş şorbası, əslində, bir sıra qış xəstəliklərinin qarşısını alır. Bədən müqavimətini artırmaq, enerji vermək, əzələləri və sümükləri gücləndirmək ilk olaraq qeyd edə biləcəyimiz faydalar arasındadır. Amma əslində, siyahı daha uzundur.

Bədən müqavimətini artırır

Başda qeyd etdiyimiz kimi, xaş və kəllə-paçanın faydaları arasında birincisi bədən müqavimətini artırmasıdır. Tərkibindəki sıx kollagen miqdarı sayəsində bu effekti təmin edir. Qeyd edək ki, kollagen bədəndəki dəri, tendon və ya sümüklərdən alınan struktur zülallardır. O, həmçinin bütün bədən zülallarının əksəriyyətini təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, toxumalara yapışdırıcı təsir göstərir.

 

Antibiotik kimi fəaliyyət göstərir

Qrip, soyuqdəymə və ya buna bənzər qış xəstəliklərinin təsirindən xilas olmaq üçün bol miqdarda kəllə-paça istehlak etmək faydalıdır. Burada antibiotik funksiyası ön plana çıxır. Xüsusilə qara bibər və bol sirkə ilə kəllə-paça və xaşın təsirini daha da artırmaq mümkündür. Damaq dadınıza uyğun olaraq şorbanıza limon və sirkə də əlavə edə bilərsiniz.

 

Hüceyrə yeniləyici təsirə malikdir

Həkimlər hər hansı bir zədə, çat və ya qırıq-çıxıq üçün mütləq xaş, yaxud kəllə-paça şorbasını tövsiyə edirlər. Bunun arxasında yüksək kollagen effekti meydana çıxır. Hüceyrə zədələnməsini dayandırmaq və cavan görünmək istəyənlər üçün də bu şorba böyük əhəmiyyət kəsb edir.

Enerji verir

Bədən müqavimətini artırmaq, antibiotik funksiyasını yerinə yetirmək və hüceyrə yeniləmək funksiyaları ilə əlaqədar olaraq, xaş və kəllə-paça şorbası bədənə enerji verir və fiziki fəaliyyətinizi daha asan həyata keçirməyə imkan verir. Yəni müəyyən aralıqlarla nizamlı olaraq istehlak edilən bu şorbalarla əslində bədəninizə əhəmiyyətli miqdarda vitamin və mineral əlavə etmiş olursunuz.

Sümükləri gücləndirir

Həmçinin sümüklərin və əzələlərin inkişafına kömək edir. Çünki tərkibində çoxlu miqdarda kollagen var. Təbii ki, yüksək protein mənbələri əzələlərin və sümüklərin güclənməsində böyük rol oynayır. Qeyd edək ki, əzələ kütləsini artırmaq istəyən idmançılar müəyyən aralıqlarla kəllə-paça və xaş şorbası da içirlər.

 

İnfeksiyanın təmizlənməsini sürətləndirir

Dəri və sidik yolu infeksiyası zamanı kəllə-paça və xaş şorbası infeksiyanın təmizlənməsini sürətləndirir. Yəni, antioksidan xüsusiyyətləri sayəsində bütün bədənə yayılmağa başlayan infeksiyanın təmizlənməsinə böyük töhfə verir.

Saç tellərini gücləndirir

Saçların qırılması və tökülməsi demək olar ki, hər kəsin başına gələn bir vəziyyətdir. Bəli, ediləcək ən məntiqli şey peşəkar dəstək almaq və daimi həll yolu tapmaqdır. Ancaq təbii həll yolları axtaranlara kəllə-paça və xaş şorbasını tövsiyə edə bilərik. Çünki zəifləmiş saç tellərini nəmləndirərək onları canlandırır. Yəni, saçlarınızın daha sağlam bir quruluşa sahib olması üçün kəllə-paça şorbası içə bilərsiniz.

Çəki artırmağa kömək edir

Arıqlamaq istəyənlərin sayı qat-qat çox olsa da, bunun əksini yaşayanlar da var. Xüsusilə əzələ kütləsini artırmaq, kökəlmək və bədənlərini formalaşdırmaq istəyənlərə kəllə paça və xaş tövsiyə olunur. Yenə yüksək vitamin və mineral dəstəyi ilə sağlam kökəlməyə müsbət təsir edir.

 

Beyin inkişafını dəstəkləyir

Bir çox mütəxəssis zehni inkişaf üçün bol ət və süd məhsulları istehlak edilməli olduğunu vurğulayır. Bu inkişafı kəllə-paça və xaş şorbası ilə dəstəkləyə bilərsiniz.

 

Qan dəyərlərinin normal səviyyələrə çatmasına imkan verir

Digər bir təsir qan dəyərlərini ideal səviyyəyə gətirməsidir. Qan dəyərləri aşağı olan xəstələrin müntəzəm istehlakla normal səviyyəyə qayıtdığı görülmüş və sübut edilmişdir. Başqa sözlə, qan azlığından əziyyət çəkən insanlar da ondan bol-bol istehlak edə bilərlər.

Gözləri gücləndirir

Yəni, göz sağlamlığını qorumaq və daha yaxşı görmək istəyənlər bu şorbaları müəyyən aralıqlarla istehlak edə bilərlər.

 

Qidalandırıcı təsirə malikdir

Tərkibində A və K vitaminləri olduğu, bol zülal ehtiva etdiyi, yağ turşuları ilə birlikdə birləşdirici toxumaları gücləndirici təsiri olduğu üçün müntəzəm olaraq istehlak edilməlidir.

 

Zərərləri

Xaş və kəllə-paçanın bəzi hallarda mənfi təsirləri ola bilər. Hər şeydən əvvəl, istehlak edilən bu şorbaların miqdarına diqqət yetirməlisiniz. Yağ və xolesterinlə zəngin olan şorbaların həddindən artıq istehlakı insanlarda xolesterinin artmasına səbəb olur. Bundan əlavə, damarlarda tıxanma və sərtləşməyə səbəb olur. Bu vəziyyətlər də insanlarda infarkt və ya insult yarada bilər.

Həmçinin bu şorbaların yüksək yağ tərkibi də kökəlmənizə səbəb ola bilər. Həddindən artıq istehlakla tez çəki qazana bilərsiniz.

Hamiləlik zamanı içə bilərik?

Sümük sağlamlığı, ağız sağlamlığı və saç sağlamlığı üçün müalicəvi faydalarla dolu olan kəllə-paça və xaşın istehlakı ilə bağlı hamilə qadınlara xəbərdarlıq edilir. Bu toksinlər hamiləlik zamanı dölə zərər verə bilər. Bu səbəbdən hamilə qadınlar hamiləlik dövründə kəllə-paça şorbası istehlak etməməlidirlər.

Ayaq şorbasını mütəmadi olaraq və az miqdarda içmək tövsiyə olunur. Gün ərzində 1 porsiyadan çox olmamaq sağlamlığınız üçün olacaq. Çox ayaq şorbası istehlak etmək kökəlməyə səbəb olur. Əgər ayaq şorbasını tez-tez istehlak etsəniz, damarların tıxanma riskini artırarsınız.

 

Kəllə-paça və xaşı nə vaxt içmək lazımdır?

Gecələr istehlak edilə bilsə də, səhərlər istehlak etmək sağlamlıq baxımından daha uyğundur.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Ona dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Məsələn, Türkiyədə, İranda kəllə-paça adı ilə məşhurdur.

Xaş da dolma və digər milli yeməklərimiz kimi, bölgələrə görə müxtəlif çeşidlərə bölünür. Elə bölgə var ki, burada xaşın içinə noxud, dəfnə yarpağı, soğan, yaxud da kartof əlavə edirlər:

“Bişmə texnologiyası olduqca sadədir. Üstünə çıxacaq qədər su əlavə edilib qaynayana qədər gözləyirlər. Qaynadıqdan sonra isə aşağı tempdə 5-6 saat, bəzən isə səhərə qədər bişirilir. Bu da heyvanın yaşlı və cavan olmasından irəli gələn vaxt aralığıdır. Əgər yaşlı heyvandırsa onu 10-12, cavandırsa 5-6 saata bişirmək tövsiyə edilir”.

Ekspert xaş bişirmək üçün heyvan ayaqları alan zaman diqqət edilməli bir neçə məqama da toxundu. O, həmçinin düzgün “ütmə” texnikası barədə oxucularımızı bilgiləndirdi:

“Xaş üçün çox vaxt heyvanın qabaq ayaqları götürülür. Buna səbəb isə ön ayaqların daha ətli olmasıdır. Bundan başqa, heyvan arxa ayaqları üzərində oturduğundan, ön ayaqlardan yemək hazırlanması daha məqsədəuyğundur. Kəllə-paçanın ütülməsinə gəldikdə isə, qazda ütülmənin heç bir ziyanı yoxdur. Mənim yadımdadır ki, əvvəllər vedrənin içində ocaq qalayar orada ayaqları ütərdilər. Bu, ən təbii üsuldur. Kəllə-paça hazırlayan zaman diqqət edilməli məqamlardan biri də yuma qaydasıdır. Sümüyü bir qədər yağlı olduğundan, onu təmizlədikdən sonra, suyunu 3-4 dəfə dəyişərək yumaq lazımdır. Bundan başqa, kəllənin burun hissəsini kəsmək lazımdır. Bir qədər çırpdıqdan sonra isə burun hissəsindən çirklər gələcək və təmizlənmiş olacaq. Bişdikdən sonra duz əlavə edilir”.

Xaşın insan orqanizminə mənfi təsirlərinə gəldikdə isə ekspertin sözlərinə görə, bu yeməyi istehlak etməkdə heç bir ziyan yoxdur. Tam ütülərək təmizlənib, bişirilən xaşın tərkibində ziyanlı maddə qalmır:

“Çox vaxt bəzi “diyetoloq”lar insanlara yanlış informasiyalar verirlər. Guya “Azərbaycan mətbəxinin kalori dəyəri yüksəkdir”, “Azərbaycan mətbəxi öldürür”. Bunlar başa düşmür ki, bizim milli mətbəximiz formalaşıb. Xaş təqdim olunursa, onun kalori dəyəri nə qədər yüksək olsa da, yanında servis edilən sirkə tarazlığı təmin edir. Bir də xolesterini gündəmə gətirirlər. Bilmək lazımdır ki, xolesterinlər faydalı və zərərli olmaqla iki yerə bölünür. Zərərli xolesterinləri yaradan xaş, quyruq, kərə yağı və başqa heyvanmənşəli ət-yağ məhsulları deyil. Qanda pis xolesterinləri şəkər yaradır. Buna görə də insanlar mütəxəssislərin fikirlərinə əhəmiyyət verməlidir. Kor-koranə şəkildə diyetoloq kimi fəaliyyət göstərən insanların sözünə aldanmaq olmaz. Onlar mətbəximizi gözdən salmağa çalışırlar. Bəli, xaş ağırlıq yarada və kökəlməyə səbəb ola bilər. Xaşı yedikdən sonra fiziki aktivlik əsas şərtdir. Ürək, qan-damar sistemi və bu kimi digər xəstəliklərdən əziyyət çəkənlər isə həkim məsləhəti olmadan istehlak etməsinlər”.

Sonda isə mütəxəssis insanlara hər gün xaş yeməyi tövsiyə etdiyini qətiyyətlə dilə gətirdi: “Əgər diqqət etmisinizsə, xaş yedikdə insanı yuxu tutur. Bu da ifraz olunan melatonin hormonu ilə əlaqədardır. Bu hormon insanda gümrahlıq hissi yaradır, immun sistemini gücləndirir. Beləcə, insan orqanizmi viruslara qarşı daha müqavimətli olur. Soyuq aylarda xaş istehlak etməyi yeyə bilən və bilməyən hər kəsə şiddətlə tövsiyə edirəm. Hər səhər yesinlər. Ona görə də “3 gün” kurs keçib, adını diyetoloq qoyanlara qarşı dövlət ciddi tədbirlər görməlidir”.

 

Ayşən Vəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir