xocali

Xocalı soyqırımının canlı şahidi: “Meyitləri yuyanda bacımın donunu açılmışdı”

Baxış sayı: 300

Artıq Xocalı faciəsindən 28 il ötür. Hər il Xocalı faciəsinin ərəfəsində həmin faciənin canlı şahidləri ilə 28 il öncəyə qayıdır və unudulmamalı olan tariximizi yenidən xatırlayırıq. Bu dəfə sizə Anar Orucovla  müsahibəni təqdim edirik.

 

– Anar, fevralın 25-dən 26-a keçən gecəni yenidən xatırlayaq. Yadında nələr qalıb?

– Demək olar ki, hər axşam atəş açılırdı. Həmin gecə də atəşdən qabaq helikopterdən vərəqələr dağıdıldı. Bir xeyli keçəndən sonra atəş səsləri gücləndi. Sonra bizi bir binanın zirzəmisinə apardılar, həmin gecəni zirzəmidə qaldıq. Döyüşən insanlar gördülər ki, burda qalmaq mümkün deyil. Atam bizə gəlib dedi ki, əgər bu gecədə burda qalsaq, camaatın hamısı əsir düşəcək. Gecə Xocalıdan çıxdıq. Valideynlərimiz də bizimlə birgə idi. Orda bütün hər şeyimizi qoyub gəldik. “OMON”çuların köməyilə çayı keçdik. Düzənlik bir yerə gələnəcən atışma getdi. Hər yer tamamilə qarla örtülmüşdü. Ermənilər qarın üzərindəki insanları görür, onları öldürürdü. Gizlənə bilənlər ancaq əkin sahələrində gizlənirdi. Yolun yarısında məni əmim götürdü. Bacılarımı atamla anam götürmüşdü. Mən onda valideynlərimdən ayrı düşdüm. Ağdama çatmamış əmimi də itirdim.

 

– Həmin vaxt sənin neçə yaşın var idi?

– Birinci sinfə gedirdim.

 

– Ağdama gəldikdən sonra nələr oldu?

– Əmimdən ayrı düşəndən sonra tək qalmışdım, nə edəcəyimi bilmirdim. “OMON”çuların arxasınca gəldim. Sonra bir traktorçu məni götürdü. İki il məni yanında saxladı. Əmimgil məni meyitlərin içində tapmadıqlarına görə camaatın içində məni kimin tanıyıb-tanımadığını soruşmuşdu, yəni hamıya yaymışdı ki, itkin düşmüşəm. Kimsə mənim harada olmağımı əmimə demişdi.

 

– Bacıların həmin gecə necə qurtula bilmişdi?

– Ortancıl bacım anamın belində idi. Anam vurulduqdan sonra bacım onun belindən düşüb atama tərəf qaçıb ki, anamın vurulduğunu desin. Onda onun alnından ermənilər snayperlə vurmuşdu. Onların meyitini dayımgil çıxarıblar.

Balaca bacımın isə heç 1 yaşı tamam olmamışdı. Haqqında danışılan uşaq var e, ölmüş anasının döşünü çıxardıb əmən, o qız mənim balaca bacımdır. Onu meşədə don vurmuşdu. Meyitləri yığanda elə bilmişdilər ki, ölüb. Məsciddə meyitini yuyanda isti su donunu açmışdı və onda biliblər ki, bacım yaşayır. Böyük bacımı isə Ağdamdan birbaşa Bakıya gətirmişdilər. O, iki güllə yarası alıb, qaraciyərinin yarısı yoxdur. Sağ qolunda da yarası var.

25-i gecəsi xalam da bizimlə idi. O, bizə qonaq gəlmişdi. Bizim evdən çıxanda ona 5 güllə dəydi. Böyük bacımla xalam Bakıda müalicə alan vaxt biz Ağdamda yaşadıq. Daha sonra dövlət hesabına bacım və xalamı Estoniyaya müalicə üçün aparıblar.

 

– Valideynlərinin meyitini necə tapdınız?

– Atamın meyiti anamdan 6 gün sonra tapılıb. Atam çiynindən vurulmuşdu, buna baxmayaraq o, 5 gün meşədə sağ qalmağı bacarmışdı. Çünki atam fiziki cəhətdən çox güclü insan idi. Təəssüf ki, o cür insan qan itkisindən öldü. Atamın meyitini Ağdama qədər gətirilər və orada dəfn etdilər. Amma Ağdam da ermənilərin tapdağı altındadır. Hər ayın 27-si Şəhidlər xiyabanındakı adsız şəhidləri, Çingiz Mustafayevin qəbrini ziyarət edirəm, bacılarımı isə getməyə qoymuram. Çünki onlar o hadisələri yadlarında salıb çox pis olurlar. Çingiz Mustafayev atamın meyitini çəkmişdi. Kadrlarda gördüyünüz ədyalın arasındakı hündürboy insan atam idi.

 

– Bakıya necə gəldiniz?

– Ağdamda şəhidlərimizi dəfn edəndən sonra məcbur Bakıya gəldik. Anamın anası bizi himayədarlığa götürdü. Bacılarım da mənimlə bir yerdə qalırdı. Böyük bacım 1993-cü ilə kimi, xalam isə 1998-ci ilə kimi xəstəxanada müalicə olundu. Demək olar ki, o günlər bizim üçün çox ağır olub. 27 yaşım olsa da, valideyninin əlindən tutub gəzən uşaq görəndə mən çox pis oluram. Bilirəm ki, o uşaq “ata” deyəcək və bu, mənim üçün çox ağırdır.

 

– Xocalıda gedən döyüşlərdən nələri xatırlayırsan? Heç kim həmin gecədən əvvəl şəhəri tərk etməyi düşünmürdü?

– Nənəm bu hadisə baş verəcəyi ilə bağlı gəlib bizə deyirdi. Atam isə cavab olaraq deyirdi ki, camaat necə, biz də elə. Atam çox imkanlı bir şəxs idi. İstəsə helikopterlə, maşınla bizi ordan çıxarda bilərdi. Yadımdadır ki, biz artıq evdən çıxanda atam bir topa pulu stolun üstünə atdı. Dedi ki, nəzir kimi bu pulu bura atıram. Ölsək də ailəlikcə ölək, amma əsir düşməyək.

Bizim evi güllə tuturdu. Ona görə də gecələri atəş vaxtı zirzəmidə qalırdıq. Atam ov tüfəngini də zirzəmidə gizlədirdi. Gecələr isə əmilərimlə posta çıxırdılar. Həm avtomatını, həm də ov silahını özü ilə götürürdü. Birini kiməsə verəndə, digərini özü istifadə edirdi. Avtomat isə atama qeydiyyatla verilməmişdi. Əgər küçədə 5 silah varıydısa və döyüşə bilirdisə, hamısı bir nəfər kimi posta çıxırdı.

 

– Xocalı xatirələrində necə qalıb? Əsas nələr yadınıza düşür?

– Yadımda ən çox məhəlləmiz qalıb. Mən o küçə ilə bircə dəfə piyada getmişəm. Atam taxta-şalban zavodunun müdiri olub. Anam isə evdar qadın idi. Atamın maşını olduğuna görə bizi heç vaxt piyada getməyə icazə vermirdi. Hər yerə özü aparıb-gətirirdi. Mən bir dəfə Xocalı yolunu görmüşdüm. Onda da məktəbdən qaçmışdım, evə tək gəlmişdim.

 

– Belə deyək, Xocalıda nəyin qaldı?

– Bu həyatda hər şeyi yenidən qazanmaq olar. Var-dövləti yenidən qazanmaq olar, boşanıb, yenidən ailə qura bilərsən, başqa uşaqların olar. Amma valideynləri nə geri qaytara bilərik, nə də onları qazana bilərik. Mənim Xocalıda atam-anam qaldı.

Xocalıda atam, anam, əmim, bacım, əmimin övladı şəhid olub. Bu faciədə xeyli qohumlarımızı da itirmişik. Mənim başıma avtomatın qundağı ilə vurmuşdular. Xeyli müddət xəstəxanada yatmışam.

 

– Anar, qeyd etdin ki, nənənizin yanında yaşadınız. Sizə maddi cəhətdən kimlər köməklik etdi?

– Bacım xəstəxanada yatanda bizə gəlib-gedənlər köməklik edirdilər. O cümlədən İsgəndər Həmidov. Şəhid övladı olduğumuz görə 18 yaşımıza qədər dövlətdən vəsait alırdıq. Orta məktəbi bitirib, İnşaat Texnikumuna qəbul oldum. Əsgərlik məsələsində möhlət almışdım. Könüllü olaraq orduya getmək istəyəndə səhhətimlə bağlı icazə vermədilər.

Texnikumda bir il oxuyandan sonra məktəbimizi İqtisadi İdarəetmə Kollecinə dəyişdilər. Vəziyyətimizlə əlaqədar həm oxuyub, həm də işləyirdim. Böyük bacımı nənəm köçürdüb, balaca bacımı isə özüm gəlin köçürtmüşəm. Biri anamın xalası oğlu ilə, o birisi isə bibim oğlu ilə ailə qurub. Onları hər zaman imkanım çatandan öz köməyimi etmişəm.

 

– Ailəlisən, bir övladın var. Ailəni necə dolandırırsan?

– Xalam qızı ilə ailə qurmuşam. Xocalıda yaralanan xalamın qızı ilə. 17 yaşım olanda dedim ki, atamın oğluyam. 20 yaşıma qədər həm arvadım, maşınım, övladım olmalıdır. 18 yaşımda ailə qurdum, xalam qızını götürüb qaçırtdım. Onu da deyim ki, “Atrabank”ın rəhbəri tanışdır. Ora getmişdim, mənə dedi ki, get sənədlərini gətir, səni bura işə düzəldim. Mən də getdim. Amma gəldim evə, bacılarım dedi ki, gəl evlən. Mən də evləndim. İndi də həmin adam məni görəndə zarafatla deyir ki, səni sənəd arxasınca göndərmişdim, gedib arvad aldın.

On ildən sonra bir övladımız olub. Oğlumun adını atamın adına uyğunlaşdıraraq Elman qoymuşam. Telman qoya bilərdim, amma sağlığında atam deyirmiş ki, nəvəm olanda adını Elman qoyacağam. Yaşadığımız evi dövlət verilib. Şuşalıları köçürəndə bizi də bura köçürdülər.

 

– Şəhid övladı olmaq səni nələrdən çəkindirib?

– Hər iki valideynim şəhid olub. İndiyə kimi heç kimdən kömək istəməmişəm. Hətta hansısa çəkilişə də razılıq verməmişəm.

 

– Xocalıda 25 uşaq hər iki valideynini itirib. Onlarla əlaqələriniz varmı?

– Yox. Amma elə uşaqlar var ki, onlarla eyni məktəbdə oxumuşam. İcra Hakimiyyətlərində keçirilən tədbirlərə getmirəm. Xocalıda kəllə-beyin travması almışam. Mənə veriləcək olan pensiyanı da özüm iki il bundan əvvəl düzəltdirmişəm.

 

– Hər il fevral ayında anım günlərində Xocalı faciəsi ilə bağlı həmin hadisəni əks etdirən müxtəlif video-çarxlar göstərilir. Bu sizə necə təsir edir?

– Bu çəkilişlərdə təkcə atamı görmüşəm. Anam və bacılarımın isə şəkli yoxdur. Biz hər il fevralın 26-da ehsan veririk. Bacılarım da gəlir. Evdə o kadrlara baxarkən bacımın ürəyi gedir. Evdə valideynlərimizin sağ vaxtının şəkillərini saxlayırıq. Amma həmin kadrlarda şəhid olan vaxtın şəkillərini göstərirlər. Biz valideynlərimizi sağ vaxtında ikən xatırlayırıq, yəni yaddaşımızda elə qalıblar. Lakin həmin kadrlarda onların ölüm səhnəsi göstərilir, bu da bizə pis təsir edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir