İsmayıl Əhməd

Yaradılışın sirri – YENİ RUBRİKA

Baxış sayı: 1. 713

Hər həftə sizə təqdim edəcəyimiz bu yeni – “bilDİN” rubrikasında ilahiyyatçı İsmayıl ƏHMƏDİNin dinin ayrı-ayrı istiqamətləri ilə bağlı hazırladığı yazılar yer alacaq.

 

Allahın adı və yadı  ilə

“Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun.14)

(I hissə)

Bu barədə insanın ağlına suallar gəlir: Adəm hansı surətdə (görünüşdə) yaradıldı? Mələklər ona səcdə  edərkən  şeytan nə üçün etiraz etdi? Adəmdən də əvvəl başqa varlıqlar (insanlar) olub?  Ona  öyrədilən  ismlər  nədən ibarət  idi? Şeytanın  ona etdiyi vəsvəsələr nədən ibarət idi? Adəmin tövbəsi necə qəbul oldu? Adəm övladları yer üzünə necə yayıldı? Kəbəni doğrudanmı ilk dəfə Adəm  inşa edib? Və s.

Bu barədə məşhur hekayədə deyilir: Adəm torpaqdan, daha sonra zövcəsi  Həvva onun qabırğasından yaradıldı. Bundan sonra onlar qadağan olunmuş  meyvədən (almadan)  yeyib  günah  işlətdilər, nəticədə Cənnətdən  qovuldular  və  yer  üzünə  düşüb nəsilləri  beləcə artıb yayıldı. Bu doğrudanmı  belədir?

Torpaqdan yarandıq

Adəmin dünya torpağından yaradıldığını Quranın  bir  çox  ayəsi  sübuta  yetirir ki, onlardan biri də Ali-İmran surəsinin  59-cu  ayəsidir.  “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu”. Ayədən göründüyü kimi Adəm  torpaqdan yaradılıb. Lakin çoxlarına görə Adəm möminlərə  vəd  olunan  Cənnətdə  yaradılmış  və  günah  işlətdiyi  üçün  oradan  çıxarılaraq  yer  üzünə  enmişdir. Bu  fikrin üzərində dayananlar adətən Bəqərə surəsinin 36-cı  və  Taha  surəsinin  123-cü ayələrinə istinad edirlər. Həmin ayələrdə  deyilir: “(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, – dedik” (fəəzəlləhuməşşəytanu   ənha  fə  əxrəcəhuma   mimma  kana  fihi. Və qulnahbitu bəzəkum libəzin  əduvvin  və ləkum fil  ərzi  mustəqərrun  və  mətaun  ila  hin ) – “(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin” (qaləhbitu  minha  cəmiən.  bəzukum  libəzin  əduvvin…). peygamberler

Eniş

Bəqərə  surəsinin  36-cı  ayəsinin  orijinal  mətnində  “ihbitu” kəlməsindən istifadə  olunur  ki, bəzi dilçi  alimlər  onu bir  yerdən başqa  bir yerə  keçmək  kimi  mənalandırsalar  da  məqam sahibinin  yüksək  məqamdan    nisbətən  aşağı  məqama  düşmə mənasını verdiyini də qeyd  etmişlər. Deməli, belə  bir  mənanı nəzərə alaraq Adəm və Həvva üçün istifadə  olunan “ihbitu”  kəlməsini   məkani tənəzzül kimi  deyil , mənəvi tənəzzülə  kimi  mənalandırmalıyıq.   Eyni  kəlmə Bəqərə  surəsinin 61-ci ayəsində İsrail övladlarına cəza  olaraq  şəhərə  getmə (enmə) əmri  verilir (ihbitu misrən). Demək “ihbitu” kəlməsi  bir  məkandan  başqa bir  məkana  keçmək  mənasını  verdiyi  kimi  məqam  və  rütbə  baxımından   daha  aşağı  dərəcəyə  enmə  mənasını  da  verə  bilir. Bununla  yanaşı,  İslam  tarix  ədəbiyyatında qədimliyi və mötəbərliyi ilə yer alan Təbərinin tarix kitabında     Adəmin yaradılışı barədə verilən xəbərə nəzər salaq: “Allah-Taala Adəmi   yaratmaq istərkən Cəbrail mələyi bir ovuc torpaq gətirmək üçün yer üzünə  göndərir. Lakin yer  üzü  ona  deyir:  Mən sənin  məndən  bir  şey  əskiltməyindən  Allaha sığınıram, bunun üçün sənə bir şey  verə bilmərəm. Beləliklə Cəbrail  mələk  Allahın hüzuruna qayıdaraq yerin  bir  ovuc  torpaq  verməkdən imtina  etdiyini  və  bu işdə Ona  sığındığını  xəbər verir.  Cəbrail  mələkdən  sonra  Mikail  mələk yer  üzünə enir və o da bir ovuc  torpaq ala bilmədən əliboş  Allahın  hüzuruna  qayıdır.  Onlardan sonra  yer   üzünə  ölüm  mələyi  Əzrail  enir  və  o  da  yer  üzündən eyni  sözləri eşidincə “Mən də Allahın əmrini yerinə yetirməməkdən Ona sığınıram” –   deyib yer üzünün müxtəlif yerlərindən qırmızı, ağ və qara torpaq götürərək  Allahın hüzuruna qayıdır. Sonra torpaq xəmir halına gətirilir və qırx gün  qaldıqdan sonra  Adəm  öz  surətini  alır…”. Həmin  mənbədə mövzunun davamı  olaraq  deyilir: “Allah-Taala Adəmi Öz surətində yaratdı və onun boyu  altmış  zira  oldu (bir zira – dirsəkdən barmaqların ucuna qədər olan məsafə, yəni təxminən  40-50 sm, bu hesabla Adəm peyğəmbərin boyu nə az-nə çox, düz 30 metr olmalı  idi)”.

Adəm

Burada sual doğuran və müzakirəyə  səbəb olan başqa  bir  məsələ də ortaya  çıxır: Əgər Adəm doğrudan da deyildiyi kimi yaradılmışsa, o, hansı yaşda  yaradılmışdır? Normal insan kimi uşaq olaraq yaradılıb və sonra tədricən  böyüyərək  qeyd  olunan boy-buxuna gəlib  çatmışdır,  yoxsa  elə  yaradılışın ilkin mərhələsində həmin  boyda olmuşdur? Və əgər  belə  olmuşsa,  onun yaşı  necə  və hansı  hesabla  ölçülmüşdür?  Yəni  uşaqlıq  və  yetkinlik yaşını  çatmayan Adəm  birdən-birə cavanlıq yaşına qədəm qoymuş və ömrü həmin dövrdən sonra  başlamışdır? Bəs hədis ədəbiyyatına bu  kimi məlumatlar  haradan  və  necə  sızıb? Cavabı İslamın və Quran ayələrinin nazil olma tarixini araşdırarkən müəyyən  etmək olur.  O da  bundan  ibarətdir: Quran  yalnız  Adəmin  necə  yaradıldığından  xəbər verir və qeyd olunan  məsələlərin  üzərində, yəni  boyunun  nə qədər olması,  görünüşü barədə  hər hansı  bir məlumat vermir. Lakin  həmin məlumatlar  xristian  və ələlxüsus yəhudi mənbələrdə yer alır. Bunları görən bəzi müsəlman hədis  alimləri onlara İslami rəng verərək Peyğəmbərin (s) və İmamların (ə) dilindən nəql etməyə başlayır. Beləcə müsəlman təfəkküründə Adəm barədə bu kimi  məlumatlar  yer almağa başlayır. Lakin burada üzərində dayanmalı olduğumuz başqa bir  məqam var. O da Adəmin bioloji olaraq  biz  insanlardan  fərqli  ola  bilməməsidir.  Belə  ki, bunu  elmlə  sübuta yetirmək istəsək, heç  şübhəsiz  ki,  əliboş  qalarıq.  Adəmin Allahın surətində  yaradılışına gəlincə qeyd  etmək lazımdır  ki, bu məsələ  müsəlman alimləri arasında mübahisəyə  səbəb  olan  məsələlərdəndir.  Belə ki,  bu  hədisin  üzərində dayananlar  onun həqiqi deyil, məcazi mənada deyildiyini  qeyd  edirlər.

Yaradılış  nizamı

Əgər Adəmin yaradılışı haqda danışırıqsa, diqqət yetirməli olduğumuz əsas  məsələ Allahın yaradılış  nizamı  barədə təqdim etdiyi  bilgilərdir.  Biz  bu  barədə Qurandan üç əsas təməl bilgi əldə edirik. Onlardan biri  Allahın yaradılış  iradəsinə  sahib olub onu “Ol!” əmri ilə hərəkətə gətirməsidir. Yasin surəsinin 82-ci ayəsindədeyilir: (innəma əmruhu iza əradə şəyən ən yəqulu ləhu kun  fəyəkun) – “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”. Quranda Allahın yaradıcı sifətini və yaradılış  nizamını bəyan edən ifadələrdən  biri “Ol”   kəlməsidir.  Ayənin  orijinal  mətnində “kun fə yəkun” kəlməsindən istifadə olunur ki,  bu da “Ol! – dedi, o da dərhal olar”  kəlməsidir.  Burada  fəyəkun  kəlməsini  biz “olmağa  başlar” kimi də mənalandıra bilərik. Belə ki, bildiyimiz kimi, təbiət aləmini və onun üzərində qərar tutan  dağların, çayların, dənizlərin,  nəbatat  və heyvanat  aləminin hər birinin  meydana gəlməsi üçün milyon illər  vaxt  sərf olunub ki, bunu həm də İlahi hikmət tələb edir. Yəni  hər bir varlığın yaranış  prosesi  dəqiq  qanunauyğunluq nəticəsində baş verib. Biz Quranda  7-8  yerdə  eyni ifadənin  oxşar  mənada  istifadə  olunduğunu  görürük. Lakin bununla  yanaşı, Quranda yaradılışla əlaqəli  başqa bir kəlmə ilə də qarşılaşırıq  ki, bu da “bədəə – yəbdəu” kəlməsidir. Məsələn, Səcəd surəsinin 7-ci  ayəsində buyurulur: (və bədəə xəlqəl insani  min tin) “… insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. Göründüyü kimi, ayədə yaradılışın mərhələli  olduğundan, yəni başlanğıc nöqtəsi olduğundan xəbər verilir. Quran eyni məzmunda istifadə olunan başqa bir kəlmənin – “xələqə”  kəlməsinin  üzərində də  dayanır. Məsələn, yer və göylərin  altı günə  yaradıldığından söz  açılarkən  onların  mərhələli  olduğuna  işarə  olunur  və  bu mərhələ gün  kəlməsi ilə  ifadə  olunur: (innə rəbbəkumulləzi  xələqəssəmavati vəl ərzə fi sittəti əyyamin) “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən…” (Əraf, 54).  Yer  və  göylərin  altı gündə  yaradıldığını biz Quranın  altı  ayəsində  görürük  ki,  bu da möcüzə içində başqa bir  möcüzə,  yəni  Quranın  riyazi  ecazından  xəbər  verən bir həqiqətdir.  Bu ayələri əsas tutaraq İlahi  ssenarinin bütün yaradılış aləminə şamil olduğunu  və onun içində insanın da yer aldığını, eləcə də bütün bunların zaman çərçivəsində insana öz təsirini göstərməsini də qəbul etmək məcburiyyətindəyik. Yaradılışla  əlaqəli olan başqa bir  ifadə “ bədi” kəlməsidir  ki, bu dilimizə yaratma kimi  deyil, icad etmə kimi tərcümə olunur. (bədiussəmavati  vəl  ərsi  fə  iza  qəza  əmrən   fə  innəma  yəqulu  kun  fə  yəkun) – “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” – deyər, o da (fövrən) olar” (Bəqərə, 117).  Bir sözlə, yaradılışla əlaqəli  olan  bütün  ifadələri  bir yerə yığdıqda və onların arasındakı əlaqələri müəyyən etmək istədikdə  Quranın  yeni ecazları  ortaya  çıxır  ki,  hər  biri  barədə  ayrı-ayrılıqda  mütaliə  və  tədqiqat  aparmaq  lazımdır.

Başlanğıc

Quran üç yerdə bütün  məxluqatın  ilk  olaraq  sudan  yaradıldığından xəbər  verir.  Həmin  ayələrdən  birində  buyurulur (və cəəlna minəl  mai  kullə  şəyin  həyyən) “…hər bir canlını sudan yaratdı” (Ənbiya, 30). Burada  diqqəti çəkən  məqamlardan biri də Quranda su kəlməsinin müxtəlif mənalarda, o cümlədən nütfə (sperma) mənasında da işlənməsidir. Həmin surələrdən biri də (huvəlləzi xələqə  minəl  mai  bəşərən) “İnsanları sudan (nütfədən) yaradan Odur” (Furqan, 54). Lakin bütün bunlarla yanaşı, Quran  insanın  yaradılış  prosesinin  başlanğıcında  torpaq,  palçıq  və gil kimi ünsürlərdən də söz açır. Bəs bunlar  bir araya  necə gələ  bilir?  Bunları  başa  düşmək  üçün  biz  Quranda  eyni həqiqətdən bəhs  edən “nəfsin  vahidətin”  (vahid nəfs) ifadəsini də  nəzərdən  qaçırmamalıyıq. Bəs  vahid  nəfs  nə deməkdir?  Onun mahiyyəti nədən ibarətdir?   Vahid  nəfs  canlı  varlıq  obrazını  təqdim  edir. Və  bu mərhələ  insanın  yaradılış  prosesində  çatdığı  son  mərhələdir. Yaradılışla  qarşımıza çıxan başqa bir məqam tək bir nəfərin  deyil, bütün insanların  torpaqdan  yaradıldığından xəbər  verən  ayələrdir.  Həmin  ayələrdə  biz  (xələqnakum  min  turabin) “sizi torpaqdan yaratdıq” (Həcc, 5) ifadəsindən istifadə olunur. Nuh  surəsinin  15-ci ayəsində  isə  tam  fərqli  və  çox  mənalı ifadədən  istifadə  olunur: (vəllahu ənbətəkum minəl ərzi nəbatən) “Və Allah sizi yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. Göründüyü  kimi, yaradılış  barədə  yeni ifadələr  meydan  gəlincə  tam fərqli yanaşma  tərzləri  və yeni suallar da yaranır, Quranı araşdıran hər bir  kəs onların arasındakı əlaqələri üzə çıxarmalıdır.

Ardı var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir