psixoloq efsane rustemova

“Yataq otağının qapısında bitən münasibətlər” – “NATAMAM”

Baxış sayı: 336

– Eşq cəsarət işidir. Mənsə qorxağam. 40 yaşına gəlib subay qalmağımı başqa necə izah edə bilərəm? Əlbəttə, mən də “seçiciyəm” deyə don geyindirə bilərəm, amma bu donla sizin qarşınızda oturmaq istəmirəm. Keçən dəfə sizin də dediyiniz kimi filtersiz olmaq istəyirəm yanınızda. Gerçəyi görə bilmək üçün-buna icazə verirəm özümə!

– Bir az kompleklərimizdən danışaq o zaman. Fürsətdən istifadə edib, səmimiyyəti yaxalamışkən, lap dərinə enək.

– Bu hardan çıxdı?

– Biz danışaq, sən sonda puzzle parçasının bizi hara apardığını görəcəksən.

– Siz elə deyirsinizsə…

– (gülümsəyib baxışımla situasiyaya hakim olduğuma onu əmin edib başlaması üçün zaman verirəm)

– Hmm, kompleks?! Nə bilim, əslində ali təhsilliyəm, yaxşı yerdə yaxşı pozisiyada işləyirəm. Yaxşı bir ailəm, normal şəraitim var. Mərkəzdə yaşayıram. İstədiyim vaxt istədiyim yerə gedə bilirəm. Yəni deməyim odur ki, heç bir kənar problemim yoxdur. Oki qaldı daxili?! Nitqim yaxşıdı, boş danışan adam deyiləm. Paxıllıq hissim olmayıb heç kəsə.

– (indi ona ani bir sual verəcəm, ümumi gedişatı dəyişəcək. Bu cür suallar vermək üçün pasienti yaxşı analiz etmək lazımdır. Əks halda çox pis nəticə ala bilərik. Bu metod nə hər pasientdə işə yaramaz, nə də hər psixoloq bu cür ani dönüşlər edərək situasiyanı idarə edə bilər.) Sənin duyğusal münasibətlərin yataq otağının qapısına qədərdir. Sonuncu dəfə  kimin yanında soyunmağa utanmısan?

– (bərəlmiş gözlərlə) Həqiqətən heyrət içindəyəm, siz bunu hardan hiss etdiniz? Axı mən ümumiyyətlə bu haqda danışmamışam. (düşünməyə başlayıb susur, ona mane olmuram) Hə, doğrudur. Hər şey yaxşı və müsbət olsa belə mən özümü sevmirəm, bəyənmirəm. Sizə bayaqdan saydıqlaım insanların mənim haqqımda düşündükləridir. Mən isə belə olduğunu düşünmürəm, özümü çox əskik və geri hiss edirəm. (Ağlamağa başlayır) Bakirəyəm və bu həmişə də belə davam edəcək yəqin ki. Çünki mən kiminsə yanında soyunacaq qədər gözəl hiss etmirəm özümü. Bunu etsəm, o məni görsə, çıxıb gedəcək deyə düşünürəm. Bilirəm, gülməli görünür kənardan, məndən də çirkin və ya kök qızlar da var, lakin onlar çox inamlıdırlar. Mən isə belə deyiləm. Buna görə hətta insanlarla danışmaq belə istəmirəm bəzən. Tək qalmaq, tək olmaq, hamıdan uzaqlaşmaq istəyirəm… Mənə kömək edin.

Belə…

Bəzə belə də olur. Bu pasient “nevroz, əsəb xəstəsi diaqnozu” ilə gəlmişdi. Daxili natamamlıq, özsevginin olmamasının da insanı gərginləşdirdiyini, əsəbi etdiyini unuduruq. Biz məsələnin kökündə “daha qlobal” səbəblər axtarırıq. Əslində isə sadəcə doğru yerə, fərqli baxmaq lazımdır.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir