oruc

Yay orucu, isti hava və qidalanma ilə bağlı bilinməyənlər

Baxış sayı: 878

Son bir neçə ildir ki, orucluq yay aylarına təsadüf edir. Dinşünasların və inanclı kəsimin də bildirdiyi kimi, yay aylarında tutulan oruc insan orqanizmi üçün ciddi sınaq və yüklənmədir. Amma bu aylarda orucun səbəb olduğu əsəbi ruh halının qarşısını almaq üçün ilk növbədə insan öz yemə-içmə və yuxu sisteminə həssaslıqla yanaşmalıdır.

Türkiyənin “Milliyet” qəzetində orucluq ayında insanların psixoloji durumu ilə bağlı maraqlı bir dosye hazırlanıb. Yazıda bildirilir ki, oruclu insan sabit ruh halını saxlamaq üçün iftar və sahuru düzənli şəkildə həyata keçirməli, orqanizmin sistemini sarsıtmamalıdır.
Sahura qalxan insanlarda gecə yuxusunun bölünməsi gündəlik işlərinə eyni saatda başlamaq məcburiyyətində olması, yorğunluq, diqqət dağınıqlığı və konsentrasiya itkisinə əlavə olaraq, paralel əsəbilik də gətirir. Bu vəziyyəti əngəlləmək üçün bəzi tədbirlər görülməlidir.
Mütəxəssislər hesab edir ki, bu aya məxsus olan tədbirlərdən biri gündüzlər “şəkərləmə” (qısamüddətli yuxu), axşam erkən saatlarda yatmaq, komanda çalışmasını və yardımlaşmanı ön plana çıxarmaqdır.
Yuxu, yemək və maye itkisinə həssaslıq göstərilərsə, oruc tutanlarda sıxlıqla müşahidə olunan zehni yorğunluğun qarşısı alına bilər. Yuxu pozğunluğu insanın nəqliyyatda diqqətinin dağılmasına və yol qəzalarına səbəb ola bilər. Bu səbəbdən də yuxu və yemə-içmə sisteminin düzgün qurulması insanın gündəlik rejiminin pozulmasının qarşısını alır.
Psixoloqlar bu durumda daha bir məqama diqqət çəkir ki, bu da oruc tutmayan insanlarla bağlıdır. Belə ki, xəstəlik səbəbindən oruc tuta bilməyən insanların dini baxımdan məsuliyyət daşımadığı bilinən gerçəkdir. Çünki insan əlində olmayan fiziki səbəblərə görə oruc tuta bilmir. Yəni onun oruc tuta bilməməsi öz seçimi deyil, bədənindəki problemlər onun oruc tutmasına icazə vermədiyi üçün belə bir nəticə yaşanır. Bu arada isə həmin insanların oruc tutanlar qarşısında özünü günahkar hiss etməsi kimi bir hal yaşanır.
Bu məsələdə diqqət çəkən daha bir məqam isə insan orqanizmi və psixologiyasının bu sınaq zamanı yüklənməsidir. Psixoloq və terapevtlər məsləhət görür ki, oruc tutan insan daha az işləsin, kondisionerli yerdə otursun. Diqqəti çəkən tendensiya isə ondan ibarətdir ki, müsəlman ölkələrində insanların iş rejimi həddən artıq gərgindir. Belə ki, insanlar 12, bəzən 18 saat işləyirlər. Halbuki, oruc saxlayan insana güzəşt olunmalıdır. Belə bir iş rejimində oruc tutan insan bütün gün işləməməlidir.
Yay orucu ilə bağlı ən çox təkrarlanan məsləhətlər isə aşağıdakılardır: 
– oruc tutan insanlar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;
 
– oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir.
 
– imsaq vaxtı 2-3 ədəd qoz yeyilsə, bu, insanı daha çox tox saxlayar;
 
– imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində susuzluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;
 
– İftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə, təzyiqin qalxması və mədə ağrıları yarana bilər;
 
– gün ərzində susuzluğu çox hiss etməmək üçün iftardan imsaqadək hər bir saatda 1-2 stəkan su içmək faydalıdır.
Hər bir insan gün ərzində 2 litr maye içməlidir. Ramazan ayının isti günlərə düşməsi ilə oruc tutanlar orucdan əvvəl və sonra  daha çox maye qəbul etməlidirlər. Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır. Məsələn, mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti üçün, bağırsaqlarda gedən sorulma prosesini katalizə eləmək və s. üçün mütləq maye qəbul olunmalıdır.
Yayda insan tər vasitəsilə çoxlu maye itirdiyinə görə qanda qatılaşma gedir. Nəticədə xoşagəlməz hallar baş verə bilər. Çox tünd çay, qəhvə və kakaodan da çəkinmək bugünlərdə oruclu insanlar üçün məsləhətlidir.
Bununla yanaşı, obaşdan zamanı göyərtinin, meyvənin yeyilməsi məsləhətə uyğundur. Və bu, gün ərzində insan bədənində mayenin qorunmasına köməkçi amillərdəndir. Həmçinin həkimlərin yay mövsümü zamanı tövsiyəsi budur ki, imsak zamanı qızardılmış, çox yağlı, şirin, ədavalı yeməklərdən çəkinilsin. Çünki  bu qidalar susuzluğa səbəb olan başlıca amillərdəndir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir