masin

Yayda maşınınızı problemsiz sürmək üçün bunları edin

Baxış sayı: 838

Yay fəslinin gəlişi ilə əlaqədar insanların gündəlik geyimi, qidası kimi avtomobillərin bəzi hissələrnin də dəyişdirilməsi vacibdir. Məsələni, qışdan əvvəl avtomobilə qış təkərləri qoyulur, yayda da lazım olan bəzi avadanlıqlar ya əlavə edilir, ya da onların sazlığına baxılır.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov mövzu ilə bağlı açıqlamasında maşınlara yay gəlməmiş edilən qulluqla bağlı bir sıra məqamlara toxundu. O, fəsil dəyişkənliyi ilə əlaqədar avtomobildə nələrin yoxlanılmasına aydınlıq gətirdi:

“Sürücülər peşəkar və həvəskar olmaqla 2 yerə bölünür. Peşəkar sürücülər avtomobilə qulluq məsələsini yaxşı bilirlər. Həvəskar sürücülər isə heç mühərrikin necə işləməsini, onun sxemini, mühərrikdə hansı cihaz olduğunu bilmirlər. Yalnız sürücülük vəsiqələri var, sürürlər. Xarab olanda da evakuatora zəng edirlər ki, gəlib xidmət eləsin. Əslində bunlar hamısı sürücülük məktəblərində öyrədilməlidir. Demək olar ki, avtomobillər hamısı iki fəsildən asılı olaraq texniki cəhətdən hazırlanır. Maşınlarda gündəlik olaraq texniki qulluq-1 və texniki qulluq-2 yerinə yetirilir.

Şəxsi avtomobili olan sürücülər yay və qış aylarından öncə texniki sazlığını yoxlamalıdırlar. Məsələn, qışdan fərqli olaraq, yayda avtomobillər qızdğı üçün soyutma sistemində müəyyən nasazlıqlar əmələ gəlir. Ona görə də ventilyasiya filterləri, soyutma üçün lazım olan mayelər çoxdan tökülübsə, dəyişdirilməlidir. Radiatorda tutulmalar varsa, düzəltmək lazımdır. Qış təkərlərindən istifadə etmək olmaz, yay və ya universal təkərlərə keçmək lazımdır. Kondisioner sisteminin sazlığına baxılmalıdır. Bəzi filterlər, maye dəyişilməlidir. Ola bilər ki, sürücülər bunlardan bəzilərini özləri etsin. Amma bəziləri texniki qulluq məntəqələrinə üz tutumalıdırlar. Ümumilikdə isə bu cür qulluqlar yay-qış demədən hər gün aparılmalıdır”.

Həmsöhbətimiz sürücülərin özlərinin edə biləcəyi bəzi yoxlamaları da vurğuladı. Onun sözlərinə görə, avtomobil sahibləri bacardıqları qədər özləri maşına nəzarət etməlidir:

“Avtomobil sahibəri özləri də maşında bəzi yoxlamalar apara bilər. Məsələn, təkərlərə hamı baxa bilir. Yonulmuş təkərlər çıxarılmalıdır, çünki avtomobil yayda möhkəm sürülür, əyləcdən istifadə zamanı bəzi problemlər yaranır. Əyləc sisteminə hər zaman nəzarət olunmalıdır. Kondisioner sisteminə, pəncərələrin, lyukların açılıb-bağlanmağına nəzarət edilməlidir. Gecə vaxtı işıq sisteminin işləməyinə baxılmalıdır. Yəni, hər kəs özü avtomobilinə qayğı göstərməlidir. Eləsi var, minir elə bil ki, avtomobil bunu hara lazımdır aparmalıdır. Hərdən maşının qeyd etdiyim hissələrinə baxmaq lazımdır. Kim nə qədər bacarırsa, o qədər də avtomobilinə baxmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir