yol qezasi

Yol qəzaları niyə artır? – VİDEO

Baxış sayı: 265

Son zamanların kriminal xəbərlərinə baxsaq, birinci yeri yol qəzaları tutur. Sarsıdıcı yol qəzaları sadalanmaqla bitmir. Ekspertlərin fikrincə, avtoqəzaların sayının artmasının əsas səbəbləri sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi, sürət həddini aşması, avtomobilin idarə olunmasına səhlənkar yanaşmasıdır.
Qeyd edək ki, son belə hadisələrdən biri Füzuli rayonunun “Qayıdış-5” qəsəbəsində, digəri isə Lənkəran rayonunda baş verib. Birinci hadisədə iki nəfər, ikincidə isə 7 nəfər həyatını itirib.

Yol hərəkəti qaydaları və yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov  bildirir ki, avtoqəzaları şərtləndirən hansısa amillər var: “Yolda müxtəlif səbəblər üzündən qəzalar baş verir. Bu səbəblər hansılardır? Birincisi, yüksək sürətdir. Sürücülər yol hərəkəti qaydalarına etinasız yanaşırlar. Müəyyən olunmuş sürət çərçivəsində nəqliyyat vasitələrini idarə etmirlər. Mümkün təhlükələri hesablamırlar. Yollarda yarana biləcək fors- major halları dəyərləndirmirlər. Nəticə etibarı ilə çox ağır faciələrə səbəb olan yol qəzaları baş verir”.

Allahverənov qeyd edir ki, yol qəzalarının sayında artımın olmaması üçün avtoqəzaların səbəbləri aradan götürülməlidir: “Bu gün biz müxtəlif texnoloji yeniliklərin tətbiq olunması ideyası ilə çıxış edə bilərik. Avtobuslar müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə olunmasın, sürət həddi gözlənilsin kimi texniki yeniliklər tətbiq olunur. Amma bunu digər nəqliyyat vasitələrində etmək çox çətin olur. Düzdür, yük maşınlarında da bunun tətbiq olunması ilə bağlı müəyyən məsələlər var. Amma bütövlükdə sedan tipli nəqliyyat vasitələrində bu texniki yeniliyi etmək olduqca çətindir. Çünki sürücülər çox vaxt belə texnoloji yenilikləri tətbiq etmək istəmirlər. Ümid qalır yalnız ona ki, sürücülər insaflı olsunlar. Nəqliyyat vasitələrini idarə edərkən yol hərəkəti qaydalarına riayət etsinlər. Onlar bütün qaydalara etinasız yanaşmasınlar. Bütün mümkün təhlükələri hesablasınlar. Texnoloji yeniliklərin tətbiqi ilə yanaşı sürücülər arasında maarifləndirmə işlərinin aparılması da təhülkəsizliyimiz üçün mühüm rol oynayır. Bu gün sürücülərlə müəyyən maarifləndirmə işlərinin aparılmasına, sosial çarxların hazırlanmasına, məlumatlandırıcı bilbordların yol boyu yerləşdirilməsinə, daim insan şüuruna qanunlara riayət prinsiplərinin yeridilməsinə ehtiyac var və bunların tətbiq olunması yol qəzalarının sayının azalmasına təsir edə bilər.

Müsahibimiz bildirir ki, qəzalar insan faktoruna görə baş verir: “Bu və ya digər sürücünün yanlış seçdiyi idarəetmə üsulu faicəyə gətirib çıxarır”.

Ekspertin dediyinə görə, yol qəzaları ilə bağlı statistik məlumatlarda elə də artım yoxdur: “Amma son günlərdə baş verən yol qəzalarında ölən insanların sayı kifayət qədər çoxdur. Bu günlərdə avtoqəzaların sayının artması sarsıdıcı hadisələrdəndir”.

Onun sözlərinə görə, sürücülər yollarda qoyulmuş yol nişanlarına əməl etmirlər. “Dəfələrlə kriminal hadisələrlə bağlı məlumatlarda oxumuşuq ki, ötmə əməliyyatı düzgün yerinə yetirilməyib və ya orada ötmə əməliyyatını etmək olmazmış. Yaxud, orada elə bir sürət həddi seçilib ki, fors- major hadisələr düzgün dəyərləndirilməyib. Problem ondadır ki, sürücülər yol hərəkəti qaydalarına düzgün əməl etmirlər, nişanlar vasitəsilə onlara verilən məlumatlara etinasız yanaşırlar. Bizim sürücülərdə bir prinsip var, mənə heç nə olmaz!”

Həmsöhbətimiz yollarda köhnə, nasaz maşınların olmasının da təhlükə yaratdığını deyir: “İstismara yararsız avtomobillərin şəhərə buraxılması, yollarda hərəkət etməsi yolverilməzdir. Ola bilsin nəqliyyat vasitəsi hərəkət edir, dörd təkər üzərində dayanır, amma həmin avtomobilin mühərriki və digər hissələrində elə problemlər çıxa bilər ki, faciə ilə nəticələnə bilər. Hadisə bir an civarında baş verir”.

 

Aynurə  Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir