doner

Yüksək risk və kütləvi zəhərlənmə: “Bir manata dönər olar?!”

Baxış sayı: 430

Dönər ölkəmizdə ən məşhur tezbazar yeməkdir (fast food). İstər kafelərdə, istərsə də köşklərdə demək olar ki, hər addımda satılır, ona görə də yol boyu alıb qəlyanaltı edə bilərsiniz. Ətin xoş qoxusu yoldan keçənləri özünə cəlb edir, lakin dadı əsasən dönərlərimizin bazarımızda ilk dəfə göründüyü vaxtdakı kimi deyil. Ancaq ucuzdur və bir neçə dəqiqə ərzində hazırlana bilər, buna görə də xüsusilə məktəblilər və tələbələr arasında tələbat olması təəccüblü deyil.

Yenə də bu, asanlıqla zəhərlənmə verə bilən yemək növüdür. Birincisi, məhsullar keyfiyyətsiz ola bilər, ikincisi, dönərin hazırlanma şərtləri çox vaxt uyğun deyil. Adətən əlcəksiz hazırlanır, dönərçilərin həmişə əllərini yumağa şəraiti olmur və s.

Ölkədə vaxtaşırı bu cür kütləvi zəhərlənmələr qeydə alınır və ümumilikdə nə qədər fərdi hal baş verdiyi məlum deyil – vəziyyəti kritik olmadığı halda, az adam həkimə müraciət edir. Bəzi insanlar riskə getdiklərini bilirlər, lakin şanslı olacağına inanırlar, çoxları isə bu ehtimalı düşünmürlər.

Ötən günlərdə bu fast fooddan daha bir kütləvi zəhərlənmə baş verib. Paytaxtın Xəzər rayonu, Binə kəndində 24 məktəbli dönərdən zəhərlənib. Çoxları onu ucuz qiymətə görə alıb – cəmi bir manata başa gəlib.

 

Xəstəxanada yeniyetmələrə lazımi tibbi xidmət göstərilib.

Müəyyən edilib ki, hadisəyə səbəb “Şah Dönər” iaşə müəssisəsində hazırlanmış dönərin istehlak edilməsi olub. Müəssisədə istifadə olunan qaynadılmış toyuq əti, ayran, çörək, mayonez, tərəvəz və digər məhsullardan nümunələr götürülərək ekspertiza məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib. Hazırda dönərxananın fəaliyyəti dayandırılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vəziyyəti xatırladır ki, respublikada “quş qripi” peyda olanda toyuq dönərinin hazırlanması və satışı qadağan edilmişdi: “Amma ölkədə iki müəssisə – “Azprotein foods” və “Səhliyalı” yaradılıb və onlar bahalı dondurucu avadanlıq alıblar ki, məhsullar bütün təhlükəsizlik standartlarına cavab versin. Həm mal ətindən, həm də toyuqdan dönər hazırlamağa icazə verildi. Sonra isə bu qablaşdırılmış dönərlər dönərxanalara gətirilir. Amma AİB-in araşdırması göstərdi ki, bu cür dönərlər hətta 0,5 faiz dönərxanalarda belə, istifadə edilmir. Çoxları mənşəyi məlum olmayan ucuz ətdən istifadə edir”.

“Bununla yanaşı, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən külli miqdarda mənşəyi məlum olmayan at, eşşək əti aşkarlanması ilə bağlı daim xəbərlər alırıq. Ancaq reydlərə və bu cür məhsulların müəyyən edilməsinə baxmayaraq, daha aşağı keyfiyyətli ət yenə satılır – hamısı ona tələbat olduğu üçün. Azərbaycanda 15 mindən çox belə iaşə obyekti var və onlar əhali arasında populyardır. Bəzən görürsən ki, onların ət üçün sənədləri var, amma həmişə doğru deyil. Hər bir dönərxanada ətin mənşəyinin etibarlı şəkildə bilinməsi zəruridir”, – deyə həmsöhbətimiz bildirib.

Hüseynov iki il Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü olduğunu deyir: “Orada dönər məhsulları ilə bağlı yaranmış vəziyyəti dəfələrlə həll etməyi təklif etmişəm. Təkliflərimdən biri də nümunəvi donərxanalar yaradılması idi. Biz istehlakçının mümkün olan ən aşağı qiymətə məhsul almasının tərəfdarıyıq, amma eyni zamanda bu məhsul təhlükəsiz olmalıdır. Normal dönər çox ucuz başa gələ bilməz, təbii ki, bir manata ola bilməz”.

“Bir neçə il əvvəl ölkədə dönərxanalar üçün standart qəbul edilib, lakin onun icrasına heç kim nəzarət etmir, bu obyektlərin sanitar vəziyyətini, işçilərin gigiyena qaydalarına riayət edib-etməməsini heç kim yoxlamır. Ona görə də oradan alınan dönərlərin zəhərlənməyə səbəb ola bilməsi təəccüblü deyil. Xüsusilə gənclər risk altındadır, çünki bu cür fast foodları ən çox onlar alırlar. Keyfiyyət və təhlükəsizlik üçün müvafiq strukturlar cavabdeh olmalıdır. Beləliklə, Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə media ilə fəal əməkdaşlıq etməli, ictimai nəzarət olmalıdır”, – deyə AİB sədri fikrini yekunlaşdırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir