Yüksək qan təzyiqi ayrıca xəstəlikdirmi?

Baxış sayı: 1. 608

Yüksək qan təzyiqinə ayrıca xəstəlik formasında (hipertoniya xəstəliyi), yaxud bəzi xəstəliklərin əlaməti kimi rast gəlinir. Hipertoniya xəstəliyi əsasən orqanizmdə qan təzyiqinin səviyyəsini tənzim edən ali sinir mərkəzlərinin fəaliyyətinin pozulması nəticəsində baş verir.

Bu isə çox hallarda daxili və xarici qıcıqların təsiri ilə meydana gələn əsəb gərginliyi fonunda meydana çıxır. Xəstəliyin baş verməsində böyrəklərin və daxili ifrazat vəzilərinin funksiyasının pozulması, kökəlməyə meyillilik, passiv həyat tərzi, xörək duzundan çox istifadə olunması da xüsusi rol oynayır. Xəstəliyin əsas əlamətləri başağrısı, başgicəllənmə, qulaqlarda küy, əsəbilik, gözlərin tor görməsi, tez yorulma, yuxunun pozulması, başa qan yığılması, yaddaşın zəifləməsi, sifətin dərisinin qızarması, tərləmə və s.-dir.

Hipertoniya xəstəliyinin ağır formalarında mütləq həkimə müraciət etmək lazımdır. Xəstəliyin yüngül formalarında xalq təbabəti üsulları və pəhriz müalicələri ilə xəstəliyin əlamətlərini aradan qaldırmaq mümkündür. Qan təzyiqi yüksək olan xəstələr gündəlik qida rasionunda ən çox süd məhsullarına və meyvə-tərəvəzlərə üstünlük verməlidirlər. Belə xəstələrə yağlı ət, içalat, kürü, heyvan mənşəli yağ və piylər, kəskin, duzlu və yağlı qəlyanaltılar, xəmir xörəkləri yemək olmaz. Onlar eyni zamanda kremdən və qəhvədən də imtina etməlidirlər. Süd məhsullarından isə qatığa, ayrana və quruta üstünlük verilməlidir.

Meyvələrdən albalı, nar, innab, zoğal, yemişan, xar tut, alma (turş olmaq şərti ilə), limon, qarağat qan təzyiqinin müalicəsində xüsusi əhəmiyyətə malikdir. Pörtlədilmiş qara buğda, qaynadılmış arpa suyu, abqora, kartof suyu, xiyar, qırxbuğum və pərpərən də xəstəliyin müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Qan təzyiqini normaya salmaq üçün qoz ləpəsinin arakəsmələrini qaynatmaq və suyundan yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək lazımdır. Zeytun ağacının budağının, tut ağacının kökünün, yemişan ağacının qabığının dəmləməsinin hər birindən gündə 3 dəfə içmək də sınanmış müalicə vasitələrindəndir.

Qan təzyiqi yüksək olduqda qan almaq və bədənin müxtəlif nahiyələrinə zəli qoymaq da müsbət təsir göstərir. Ancaq bu əməliyyatların həkim nəzarəti altında keçirilməsi məsləhətdir. Əsəbləri sakit saxlamaq, pəhrizi gözləmək, açıq havada çox olmaq, işlə istirahəti düzgün növbələşdirmək, müntəzəm olaraq səhər gimnastikası ilə məşğul olmaq, yuxu rejiminə əməl etmək və s. də xəstəliyin profilaktikasında mühüm əhəmiyyət kəsb edir. İlıq vanna və duş qəbul etmək, səhərlər bədəni yaş dəsmalla silmək də əhəmiyyətlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir