erken nikah

Zorən gəlinlik…

Baxış sayı: 1. 739

Son zamanlar boşanmaların artması fonunda valideynlər övladları üçün həyat yoldaşını özləri seçməyə can atırlar. Bəzən gənclər valideynlərin göstərişi ilə ailə qurmaqdan boyun qaçırsa da, elə ailə modellərimiz var ki, istər şəhər yeri olsun, istər də kənd, valideyn deyən olmalıdır. Bəzən də çox erkən yaşda qızlar məcburən ərə verilirlər.

Ekspertlərin fikrincə, məburi ərə getməyin fəsadları ağır olur. Son zamanlar gəlinlərin övladlarını belə ərinin üstünə qoyub qaçmaları, intiharlar, ailə dramları buna misal ola bilər. Lakin qızların məcburən ərə verilməsinin tərəfdarı olan ekspertlər də var. Onlar hesab edirlər ki, məcburi evliliklər daha xoşbəxt olur.

Qeyd edək ki, bu yaxınlarda istəmədiyinə zorla verilən 16 yaşlı qız nişan günü öz istədiyinə qoşulub qaçıb. Kənd sakinlərinin sözlərinə görə, səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub (“publika.az”).

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlanla qaçdığını bildirib. Oğlanın ailəsinin də bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyirlər ki, qızı anası nişanlanacağı oğlana məcbur verirmiş, qız isə buna razı deyilmiş. Hazırda polis qızın axtarışını davam etdirir.

Psixoloq Raminə Həsənova bildirir ki, hal-hazırda qızların tez ərə verilməsi halları regionlarda daha çoxdur: “Yetkinlik yaşına çatmayan qızları ərə verirlər. İstər yetkinlik yaşına çatan, istərsə də çatmayan qızların məcburən ərə getdiyi hallar da çoxdur. Məsələn, ata qızını öz dostunun oğluna ərə vermək istəyir, nənə-baba oğlanı, oğlanın ailəsini bəyənir, ana öz seçdiyi bir oğlanla qızının ailə qurmasını istədiyi üçün ona təzyiqlər göstərir və s. Onları ailə qurmağa məcbur edirlər. Bir müddətdən sonra da yeni ailədə problemlər yaranır. Düzdür, övladları ailə qurduqda, qarşı tərəfin ailə üzvləri, qohumları ilə bağlar daha da möhkəmlənir, amma valideynlər bilməlidirlər ki, bu, ailə həyatı üçün kifayət deyil, qızla oğlanın bir-birinə uyğun gəlməsi əsas şərtdir. Qızı ailəsini bəyəndiyimiz oğlana ərə getməyə məcbur edirik, lakin onların xarakterlərinin tutub-tutmayacağını bilmirik. Buna görə də, ailə qurmağa hazırlaşan qız və oğlan bir müddət görüşməli, bir-birini tanımalıdırlar. Lakin Azərbaycanda əksər hallarda buna yaxşı baxmırlar və aralarında münasibət olmayan gənclər üçün toy edirlər. Bunun da fəsadları çıxır. Ya da elə olur ki, qız oğlanı görür, bəyənir və onunla ailə qurmağa razılıq verir. Oğlanın xasiyyətini bilmir, ona sadəcə xarici görünüşünə görə qiymət verir. Elə olur ki, oğlan işləmir, məsuliyyətsiz olur, ailəsini saxlamaq istəmir və bu xoşagəlməz amillər də gənclər bir-birini tanımadıqları üçün bir dam altında yaşadıqdan sonra bəlli olmağa başlayır. Evliliyin ilk illərində yaranmasa da, sonrakı illərdə problemlər üzə çıxa bilər. Bu zaman qız və oğlanın xarakteri tam ortaya çıxır, onlar bir-birini tanımadıqları üçün birgə yaşamağı qəbul edə bilmirlər”.

Həsənova qeyd edir ki, qız oğlanı tanımadıqda ona ərə getdikdə qızda psixoloji problemlər də yarana bilər: “Qız oğlana alışa bilmir, həyat yoldaşı olan şəxs ona yad insan kimi gəlir, eyni zamanda qorxu da hiss edər, sevgisiz bir həyat yaşayarlar. Elə oğlanlar da qızı almağa məcbur qalıblarsa, ailə üzvləri onları buna təhrik edibsə, sonradan peşmançılıq hiss edir, əksər hallarda həyat yoldaşları ilə pis davranar, ailədə mübahisə, konfliklər bitməz, qadına qarşı zorakılığın tətbiq olunduğu faktlar da var. Kişilər həyat yoldaşını sevmədikdə, qarşı tərəfdən sevgi görmədikdə, bu hissi kənarda axtarmağa başlayır”.

Bu gün xəyanət artmaqdadır. Çünki tərəflər bir-birini anlamır, qarşılıqlı diqqət və hörmət göstərmir, ailə bağlarına dəyər vermirlər. Boşanmalar da adiləşdikcə, bir-birini tanımayan, bir-birinə uyğun gəlməyən kişi və qadın birgə həyatı çəkmək istəmirlər.

Müsahibimizin dediyinə görə, qızlar əsasən erkən yaşlarda ərə getməyə məcbur edilir: “Bu zaman da onların şəxsiyyəti tam formalaşmır, onlar nəyi xoşladığını, nəyi xoşlamadıqlarını hələ tam anlamırlar. Bizim 14-15 yaşında olan xüsusiyyətlərimiz, zövqümüz illər keçdikcə tamamən dəyişə bilir. Bəzən bir qismi dəyişir, bəzən tamam fərqli adam oluruq. Bu amillərə diqqət yetirmək lazımdır. 15 yaşında ailə quran qız yetkinlik yaşında düzgün seçim etmədiyini anlayaraq depressiyaya düşə bilər. İntiharlar, evdən qaçmalar da az deyil. Qızlar psixoloji olaraq tam formalaşdıqdan, həyat yoldaşı seçiminə tam əmin olduqdan sonra ailə həyatı qurmalıdırlar. Əks halda fəsadları ağır ola bilər”.

Psixoloq Ramil Nəcəfli isə hesab edir ki, məcburi ərə verilmə bir çox hallarda uğurlu, yaxşı nəticə verir: “Məsələn, ərə gedən qız üçün kimin həyat yoldaşı olacağının fərqi yoxdursa, evlənməyə öz namizədi yoxdursa, effektiv olur. Lakin qızın sevdiyi oğlan varsa, bəzən başqasına məcburən ərə getmək uğursuz nəticələnir. Ancaq sevgilisi olan bir qızın məcburi ərə verilməsindən sonra qurulan möhkəm, dayanıqlı, sadiq, xoşbəxt evliliyi olur və belə hallar, hətta çoxdur. Birmənalı hökm etmək olmaz ki, məcburi evliliklər pisdir, yoxsa yaxşıdır”.

R.Nəcəfli deyir ki, bəzən ata evində yaşayan qız elə əziyyətlər, iztirablar, psixoloji basqılar görür ki, bezdiyindən hər yoldan keçənə ərə getməyə hazır olur. Təki evdəki həyatından xilas olsun.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir