Pul xoşbəxtlik gətirməsə də, xoşbəxtliyə aparan yolda bir çox qapını açır. Müasir dövrdə insanların böyük bir hissəsi rahat həyat, keyfiyyətli şərait və mənalı təcrübələr axtarışındadır. Buna görə də 50 yaşa çatmadan əvvəl dəyərləndirilməsi gərəkən bir sıra sahələr var ki, həm həyat keyfiyyətini artırır, həm də gələcək üçün unudulmaz xatirələr yaradır.
Beləliklə, az aşağıda bu “qızıl yaşlardan” öncə pul xərcləməyə dəyən əsas istiqamətləri təqdim edirik:
1) Ehtiras və ya hobbi
Əksəriyyətimiz var-dövlət, uğur, gözəl ev və “ideal həyat” uğrunda bitib-tükənməyən bir yarışın içindəyik. Amma bu gedişatda çox zaman ən vacib olanı – öz ehtiraslarımızı və həvəsimizi unuduruq. Həyatımıza sevinc qatan, daxildən bizi rahatladan bir fəaliyyət tapmaq çox önəmlidir. İstər avtomobil, istər bağçılıq, istərsə də səyahət və ya heyvan saxlamaq olsun — özünə tam sadiq ola biləcəyin bir hobbi həyatın dadını dəyişir.
2) Ev və ya daşınmaz əmlak
Əmlaka sərmayə qoymaq, xüsusilə uzunmüddətli sabitlik baxımından ən ağıllı addımlardan biridir. Almazdan əvvəl bazar vəziyyətini, gələcəkdəki dəyər artımını və şəxsi büdcəni nəzərə almaq vacibdir. Bir evi “evə” çevirmək isə insanın şəxsiyyətini, zövqünü və dəyərlərini əks etdirir. Məhz buna görə daşınmaz əmlak, 50 yaşdan əvvəl investisiya siyahısının başında dayanır.
3) Səyahət
Səyahət dünyanı tanımağın, özünü kəşf etməyin ən gözəl yollarından biridir. Komfort zonasından çıxmaq, fərqli mədəniyyətlər, insanlar və həyat tərzləri ilə tanış olmaq insana dərin bir təcrübə qazandırır. “Təqaüdə çıxandan sonra gəzərəm” düşüncəsi çox şeyi gecikdirə bilər. İndi hərəkətə keçmək, həyatın “sıcak” vaxtında səyahət etmək, insana həm xoşbəxtlik, həm də yeni baxış bucağı bəxş edir.
4) Avtomobil və ya motosiklet
Borc və gündəlik məsrəflər ödənildikdən sonra, uzun müddətdir arzuladığın avtomobili və ya motosikleti almaq həm motivasiya, həm də zövq mənbəyidir. Əgər cibinə uyğundursa, özünü bu xoşbəxtlikdən məhrum etməyə dəyməz. Axı kim istəməz ki, bazar səhəri sevdiyi insanla birlikdə şəhərdən uzaq bir məkana sükunət dolu bir səfərə çıxsın?
5) Xeyriyyəçilik
Həyat yalnız almaq deyil, verməklə də dəyər qazanır. Özünü təmin etdikdən sonra, bir az da başqaları üçün nəsə etmək həm mənəvi rahatlıq, həm də dərin bir məmnuniyyət hissi yaradır. İstər kitablarını kitabxanaya bağışlamaq, istər geyimlərini yetimxanaya vermək, istərsə də sadəcə bir insanın üzünə təbəssüm gətirmək – bunların hamısı insanı daha zəngin edir.
Həyat sadəcə dolanışıq üçün deyil, yaşamaq üçün verilib. Bu səbəbdən, 50 yaşdan əvvəl qazandığın pulları yalnız qənaət üçün deyil, səni xoşbəxt edən, ruhunu qidalandıran şeylərə xərcləməyə dəyər. Yaş irəliləmədən, hələ enerjin və istəyin varkən, qazan, yaşa və hiss et.
Tənzilə Ağabalayeva











































































































































































