meyvve-terevez

İsti aylarda meyvə-tərəvəzi necə saxlayaq?

Baxış sayı: 1. 195

Yay aylarında meyvə-tərəvəzdən daha çox istifadə olunur. İsti günlərdə bu cür məhsulların doğru saxlanılması vacib məqamlardan biridir. Bəs isti havalarda evdə, eləcə də bazarlarda meyvə-tərəvəz nə cür saxlanmalıdır?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, meyvə-tərəvəz canlı orqanizm olduğundan saxlanılma və daşınma zamanıı onlarda bir sıra mürəkkəb proseslər gedir.

Qurumdan verilən məlumata görə, bunlara fiziki dəyişikliklər, məhsulun daşınması və saxlanılması zamanı istehlak xassələrinin və kimyəvi tərkibinin dəyişməsi və s. bu kimi proseslər aiddir: “Hava şəraitinin isinməsi meyvə-tərəvəzin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki maddələrin kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur. Bu prosesin məhsulun keyfiyyətinə təsiri cəhətdən öyrənilməsi və istehlaka verilən meyvə-tərəvəz məhsullarının keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğu vacib məsələlərdəndir. Elə bu səbəbdən meyvə və tərəvəz məhsullarının saxlanması şəraitinə xüsusi diqqət ayrılmalıdır. Belə ki, yetişməmiş yığılan meyvə-tərəvəzin uzun müddət birbaşa günəş şüalarına məruz qalması nəticəsində kal olan məhsullar yetişir, yetişmiş məhsullar isə xarab olur. Nəzərə alsaq ki, meyvə-tərəvəzin tərkibinin 80-90 faizi sudur, belədə saxlanılma zamanı meyvə və tərəvəzlərdə suyun buxarlanmamasına xüsusi diqqət ayrılmalıdır”.

Məlumatda göstərilir ki, suyun intensiv buxarlanması meyvə və tərəvəzlər üçün arzuolunmaz prosesdir. Xüsusilə, bu hala mexaniki zədələnmiş və ya kənd təsərrüfatı zərərvericilərinin təsirinə məruz qalan meyvə-tərəvəz məhsullarında daha çox rast gəlinir. Qeyd olunub ki, təzə meyvə və tərəvəz ilk dövrdə suyu daha intensiv buxarlandırır: “Bu proses temperaturdan və havanın nisbi rütubətindən asılıdır. Temperatur yüksək, nisbi rütubət isə aşağı olduqda suyun buxarlanması sürətlənir. Məhz bu səbəbdən meyvə və tərəvəz məhsullarının birbaşa günəş şüalarının altında saxlanıması yolverilməzdir. Meyvə və tərəvəzləri aşağı temperaturda saxlamaq tövsiyə edilir. Saxlanılma temperaturu meyvə-tərəvəzlərə uyğun olaraq donma temperaturuna yaxın olmalıdır. Meyvə və tərəvəzin donma temperaturu isə onun tərkibindən, üzvi turşuların, şəkərlərin, pektin maddələrinin miqdarından asılı olaraq dəyişir. Meyvə-tərəvəzləri uzun müddət aşağı temperaturda saxladıqda, bəzən bu özünü məhsulların dadında göstərir. Kartofu 0℃-də saxladıqda onun nəinki dadı, kulinar və texnoloji xassələri pisləşir, eyni zamanda, yaş kartofu mütləq qurutmaq və torpaqdan təmizləmək lazımdır. Kartofun saxlanması zamanı bir çox şərtlər, yəni temperatur və havanın nisbi nəmliyi optimal normada olmalıdır.Meyvə-tərəvəz məhsullarının donması zamanı onların tərkibində bir çox mənfi dəyişikliklər baş verdiyi üçün, saxlanılma və daşınma zamanı məhsulun donmasına yol verilməməlidir”.

AQTA vurğulayır ki, isti yay aylarında meyvə-tərəvəz seçimi edərkən istehlakçılar bir sıra məqamlara diqqət etməlidirlər. Tövsiyə olunan odur ki, meyvə-tərəvəzlər öz mövsümündə istehlak edilsin. Mövsümə uyğun olmayan meyvə-tərəvəzlərin istehlakı isə tövsiyə edilmir. Bəzən istehlakçılar bazarlarda və ya marketlərdə satışı həyata keçirilən mövsümə uyğun olmayan meyvə-tərəvəzlərin mükəmməl görünüşünə aldanıb alsalar da, öz mövsümündə yetişən meyvə-tərəvəzlə müqayisə etdikdə bu cür məhsullara daha tez yetişmə məqsədilə müxtəlif aqrokimyəvi maddələrin verilməsi insan orqanizminə müsbət təsir edəcək qida komponentlərini azaldır.

Meyvə və tərəvəzlər üçün optimal saxlanma şəraitinin yaradılması olduqca əhəmiyyətlidir. Belə ki, mövsümi meyvə və tərəvəzləri ev şəraitində soyuducunun üst rəflərində saxlamaq tövsiyə olunandır. Çünki soyuducunun aşağı rəflərinə doğru getdikcə temperatur aşağı düşdüyü üçün meyvə və tərəvəzlər təzəliyini və təravətini itirir: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini və tənzimləməsini həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.

Sözügedən məhsulların daşınması və saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilir”.

AQTA-nın əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirdiyi vurğulanıb.

Qeyd olunur ki, bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur: “Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir