Təsadüfən qarşıma çıxan bir video natamam şəxsiyyətlərin kənardan necə göründüyünü mənə yəqin etdi. * adlı müğənni xanım bir verlişdə özü haqqında müsbət fikir yaratmaqdan ötrü “ailəm hamıyla oturub-durmağa icazə vermir!” deyə bir ifadə işlətdi. Belə ifadələrə tez-tez rast gəlmək olar bizim cəmiyyətdə. 30 yaş üzəri insanların öz cavabdehliklərini ala bilməməsindən qaynaqlı bu qəbildən olan davranışların kökündə yanlış mental dəyərlər və ya yanlış anlaşılmış mental dəyərlər durur. Bu insan tiplərinin əsas göstərmək istədikləri şey “Mən özbaşına deyiləm ki?!” fikridir. Hansı ki, 25-30 yaşdan sonra insanların ÖZ BAŞLARI ilə həyatlarına davam etməsi qədər normal heç nə ola bilməz. Sayları az olmayan bu insanlar istifadə etdikləri cümlələri və inandıqları ideologiyanı “böyüyə hörmət, ailə dəyərlərinə sayğı!” kimi qələmə verir. Halbuki doğru yönləndirmə edən ailələr övladlarının seçiminə güvənir və onları qadağalarla məhdudlaşdırmır. Bu inanc tipində olan ailələrdə adətən atalar və qardaşlar çalışmır. Onların işi sadəcə OLMAZLAR haqqında gedişatı izləməkdir! Çayxanada qızının qazancı hesabına oturan atalar, bahalı kafelərə bacılarının qazancına gedən qardaşlar hələ həmin qıza müdaxilə etmək haqqı da görürlər özlərində. Və belə bir müdafiə cümlələri də əllərində hazırdır: “ Pul qazanırsan deyə cızığından çıxmağı düşünmə ha!” Cızığı, yolu kim müəyyən edir? Müəyyən edən şəxslər həmin atalar və qardaşlardırsa, o yoldan adama nə xeyir gələ bilər?! – bu sorğulamanı eşitdirmək belə mümkün olmur. Onlar ancaq “namuslu yolla namussuz həcmində qazancın” hayındadırlar.
İnsanlar iki şeyi özləri seçə bilmirlər. Doğulduqları ölkəni və valideynlərini (ailələrini). Əlbəttə heç kəsi məhz bunlara görə mühakimə etmək olmaz. Amma bir yerdən sonra təhsil alaraq, dünya görüşümüzü artıraraq gedişatın doğru olmadığını özümüz görməli və bunu dəyişmək üçün çabalamalıyıq. Hamıya hörmət etməli, ancaq həyatımıza hamının müdaxilə etməsinə icazə verməməliyik. “Atan soğan, anan sarımsaq, sən hardan oldun Gülməşəkər?!” yanaşmasının yanlış olmasını qəbul etməli, elmlə, təhsillə həyata qalib gələ biləcəyimizi anlamalıyıq. Təəssüflər olsun ki, bizim bu cür düşünməyimizi cəmiyyət ƏXLAQSIZLIQ olaraq adlandırır və heç kəs “ƏXLAQSIZ” olmaq istəmir. Halbuki gedişatın dəyişməsi üçün kimlərsə əlini bu çarxa soxlamlı, kimlərsə bu çətinliyi üstlənməlidir. Çünki hansısa filmdə izləikdə yanlış olduğunu gördüyümüz davranışların öz həyatımız üçün də yanlış olduğunu anlamalıyıq. Anlamalıyıq o halda ki, biz gedişatın doğru olmadığını hiss etməliyik. Əks halda 30 yaşında insanların çevrəsində kimlərin olub-olmayacağına ailəsi qərar verirsə, deməli o 30 yaşlının tərbiyəsi hələ tamamlanmayıb, deməli, o 30 yaşlı adekvat insan sayılmamalı, onun sözünün dəyəri 4 yaşlı uşaq qədər olmalıdır. Və deməli, o valideynlər də yaş almış olmalarına rəğmən öz öhdəliklərini tamamlaya bilmədikləri üçün “saqqallı uşaqlar” hesab olunmalıır.
Belə…
Bəzən belə də olur. Natamamlıqların qaynağı ailə olsa da, nüfuzdan düşən sən olursan. Əksiklərini tamamlamaq üçün, fərqində olmaq üçün pəncərədən başını çıxar. Gedişata tərs olan şeyləri sorğula və aldığın nəticəni cəmiyyətlə uzlaşdır.
Psixoloq Əfsanə Rüstəmova