bosanma

Mediasiya mərkəzlərinin yaranması boşanmaları azaldırmı?

Baxış sayı: 617

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.  Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 646 nikah və 8 862 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2-dən 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.

Qeyd edək ki, uzun müddət idi ki, dünyada olduğu kimi Azərbaycanda da hər il boşananların sayı artan tendensiya ilə müşahidə olunurdu. Sosioloqlar bu problemin qarşısı alınmazsa, gələcəkdə ailə institutunun darmadağın olacağı ilə bağlı həyəcan təbili çalırdı. Lakin göründüyü kimi bu ilin ikinci yarısının statistikasına əsasən artıq boşanmaların sayında azalmalar var. Ekspertlərin fikrincə, boşanmaların qarşısını alan əsas səbəblərindən biri ölkədə mediasiya mərkəzlərinin yaranmasıdır.

Bəs mediasiya nədir? Bəziləri hələ də mediasiya ilə məşğul olan mediatorla vəkilin fərqini özü üçün ayırd edə bilmir.

İlk öncə xatırladaq ki, Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib. Beləliklə də artıq iki ildir ki, ölkədə iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir.

Mediasiya tətbiqinə əsasən şəxslər ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif olunur. Məhkəmə yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə baxır. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzaladıqda, bu hüquq sənəd sayılır və məhkəməyə ehtiyac qalmır. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Mediasiya haqqında qanuna görə bu xidmət pulludur, ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

 

Kimlər mediator ola bilər?

Qanuna əsasən ali təhsilli, yaşı 25-dən aşağı olmayan, ən azı 3 illik iş stajı olan və mediatorluq sertifikatı əldə etmiş şəxslər mediator qismində fəaliyyət göstərə bilir. Lakin peşəkar tələblər baxımından, yuxarıda qeyd edilən texniki tələblərlə bərabər mediatorların bəzi şəxsi keyfiyyətlərinin də olması vacibdir. Hansı ki, yalnız öz fəaliyyətində müstəqil, dürüst, qərəzsiz, hadisələrə tərəfsiz yanaşa bilən şəxslər mediator qismində uğur qazana bilərlər. Bu sahədə insanların güvənini qazanmaq ən önəmli istiqamətlərdən biridir.

 

Vəkil ilə mediatorun fərqi

Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

 

Mövzu ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru, “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova aşağıdakıları dedi:

04b8be72-de92-4979-ab61-b233824e0002.jpg (44 KB)

“Əlbəttə ki, sevindirici haldır ki, bu il nikahların sayı artıb, boşananların sayı isə azalıb. Həqiqətən də mediasiyanın ölkədə tətbiqi nəinki ailə mübahisələrində, bir çox kommersiya, əmək mübahisələrində insanların rahat şəkildə ortaq nöqtəyə gəlməsini asanlaşdırır. Mediasiya institutu Azərbaycana hələ gəlməmişdən əvvəl, daha dəqiq desək 2013-cü ildə Amerikada olarkən mediasiya tətbiqi, onun faydası haqqında eşitmişdim. Bundan sonra dəfələrlə məhkəmə sədrləri söhbətimdə xahiş edirdim ki, boşanan cütlüklər ilk əvvəl psixoloqa yönləndirilsin və onlara müəyyən yardımlar edilsin, boşanmanın səbəbləri araşdırılsın və ailələr cüzi səbəb üzündən dağılmasın.

Mediasiya tərəflərə imkan yaradır ki, mediatorun vasitəçiliyi ilə həm özünün, həm də qarşı tərəfin mövqeyini qiymətləndirə bilir. Bu zaman tərəflər qarşı tərəfin sübut və əsasları ilə tanış olur və məhkəmə prosesinin gedişatı və nəticəsi haqda daha aydın məlumat əldə edirlər.

Öz təcrübəmdən  deyə bilərəm ki, hər ay Gəncə 1 saylı Mediasiya Təşkilatının 35-40 barışıq sazişi olur. Əlbəttə ki, bizim fikrimiz bütün ailələri barışdırmaq deyil. Biz onların arasında olan mübahisənin alternativ yollarını tapırıq. Bəzən elə ailələr olur ki, orada konkret uşaqlara, qadına qarşı zorakılıq faktları var. Dəfələrlə bu barədə mediatorlarımız arasında seminarlar keçiririk. Bildiririk ki, əgər ortada zorakılıq faktları varsa, tərəfləri barışdırmağın özü bir təhlükədir. Bu cür hallara diqqətlə yanaşılır. Əgər aşkarlanarsa ki, ailədə uşaqlara qarşı da zorakılıq faktları var, xüsusi tədbirlər görülür, qəyyumluq və hüquq mühafizə orqanlarına xəbər verilir.

Beləliklə, mediasiya institutunun formalaşması, çox əhəmiyyətə malikdir və artıq bunun nəticəsi görünməkdədir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir