bosanma

Gündə 50 boşanmaya səbəb nədir? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 594

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Ümumiyyətlə, iki aya 3000-dən daha çox boşanmanın qeydə alınması gündəlik təxminən 50 cütlüyün ayrılması deməkdir ki, bu da dəhşətli statistikadır. Başqa sözlə, statistik rəqəmlər artıq cəmiyyətimizdə ailə institunun sıradan çıxmasından xəbər verir.  Maraqlıdır, boşanmanın bu dərəcədə kütləviləşməsinin kökündə nə dayanır və bunun qarşısını necə almaq olar?

ULVIYYE EFENDIYEVA

Mövzuya “Gencaile.az” saytı üçün münasibət bildirən psixopedaqoq Ülviyyə Əfəndiyeva aşağıdakıları dedi: “Boşanmanın səbəbləri müxtəlifdir. Öncə xasiyyət uyğunsuzluğunu deyə bilərik. Belə ki, fərqli ailələrdə, fərqli mühitdə böyüyən gənclər bir evdə bir-birilərinin xasiyyətlərini qəbul edə bilmirlər, bir- birilərini anlamırlar, daha doğrusu, anlamağa çalışmırlar, qarşı tərəfi dinləmirlər. Münasibətlərdə problem yaşayan cütlüklərin fikir ayrılıqları narazılıqlara gətirib çıxarır. Nəticədə qarşılıqlı hörmət , etibar zamanla itir. Cütlüklər özlərinə qarşı sevgi və diqqət əksikliyindən, qarşı tərəfin gözləntilərinin artması nəticəsində birlikdə zaman keçirmədiklərindən şikayət edirlər. Sonra ailədə söylənilən yalanlar, aldatma, xəyanət , şiddət boşanmalara səbəb olur. Boşanma səbəblərindən biri də maddi sıxıntılardır. Evlilikdən öncə qurduqları xəyalları gerçəkləşdirə bilmədikləri üçün cütlüklər arasında narazıçılıqlar baş verir. Böyüklərin məsləhətilə və ya məcburiyyətilə sevgisiz qurulan ailələr və bu ailələrə başqalarının müdaxiləsi, tərəflərin bir- birilərinin valideynlərinə qarşı hörmətsiz davranışlar, səbəbsiz savaşlar boşanmalara gətirib çıxarır. Həmçinin alkaqol, içki, psixoloji problemlər boşanma səbəblərindəndir. Boşanma prosesi ərlə arvad arasında bağlanan nikahın məhkəmə  qaydasında pozulması prosesidir. Nəzərə alaq ki, öz azadlığını,sərbəstliyini eqoist şəkildə düşünən tərəflər boşandıqda ən böyük ziyanı övladlarına vururlar. Övlad iki yol ayırıcında, uçurumda qalır, psixoloji travma yaşayır.”

ebru ozkan

Mövzuyla bağlı saytımıza danışan sosioloq Ebru Özkan isə boşanmalarda önəmli faktor kimi sosial-iqtisadi problemləri önə çəkdi. Onun sözlərinə görə, Azərbaycandakı boşanmaların böyük bir hissəsi sosial-iqtisadi problemlərdən qaynaqlanan ailə münaqişələri nəticəsində ortaya çıxır.

Ekspert deyir ki, boşanmalara təsir edən amillərdən biri də mənəvi-əxlaqi aşınmadır: “Boşanmalara digər səbəb kimi ötən 10 illər ərzində Azərbaycan cəmiyyətindəki mənəvi-əxlaqi aşınmaları qeyd edərdim. Ailə başçısının həyat yoldaşı və övladlarına olan münasibəti əvvəlkindən kəskin fərqlənir. Mənəvi dəyərlərin aşınmasından irəli gələn səbəblərdən kifayət qədər ailələr boşanır. Qadının kişi ilə bir-birinə bağlılığı, etibarı, inamı əvvəlki dövürlərlə müqayisədə kifayət qədər zəifləyib”.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir