qohum evliliyi

Qohum evliliklərinin problemləri və qadağan olunma ehtimalı – PSİXOLOQ RƏYİ

Baxış sayı: 2. 023

Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.

Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov  deyir.

Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir: “Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir”.

Bəs qohum evlilikləri daha  hansı fəsadlara yol açır?

Bu mövzuya vaxtaşırı toxunduğumuzdan və oxucularımızı həkim rəyləri ilə tanış etdiyimizdən bu dəfə problemə psixoloji tərəfdən yanaşmağa qərar verdik. Beləliklə, mövzu ilə bağlı “Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı ilə həmsöhbət olduq.

Almara

Mütəxəssisin sözlərinə görə, belə nikahlardan sonra  ailədaxili psixoloji vəziyyətin idarə olunması problemləri başlayır: “Qohumluq evliliklərdə rast gəlinən mental pozuntular  depressiya, təşviş pozuntusu və digər psixoloji xəstələriklərdir.  Bu yöndə tibbi maarifləndirmə,  genetik xəstələriklərin müzakirəsi  məsələləri ciddi şəkildə ortaya qoyulmalıdır”.

Ekspert deyir ki, qohumdan qız almaqda maraqlı olan ailələrdə əsas məqsəd evdə sabitliyi qorumaqdır. Belə düşünülür ki, əgər qohumdan qız alınsa, evdə qayınana-gəlin konflikti olmaz. Tərəflər həmçinin qohumluq əlaqələrinin daha da möhkəmlənməsi üçün qohum nikaha üstünlük verirlər. Ölkəmizdə bağlanan hər 100 nikahdan 20-si qohum nikahdır. Bu, dünya miqyasında yüksək göstəricilərdən sayılır.

Psixoloq onu da deyir ki, problemi aradan qaldırmaq çox çətindir. Çünki insanların çoxu qohum nikahların fəsadları barədə məlumatlı deyil, bu haqda alimlərin, həkimlərin dediklərinə isə qulaq asmırlar. Bu sahədə maarifləndirmə işləri heç bir nəticə vermir. Problemin həlli yalnız məcburi qaydada mümkündür. Qadağa tətbiq edilməsə, bizim ölkədə də vəziyyət kritik olacaq.

Psixoloq onu da dedi ki, bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur.

Bu tip evliliyə qadağa qoyulması məsələsinə də münasibət bildirən Almara xanımın sözlərinə görə, qanun ilə qan qohumlarının evliliyi o zaman məhdudlaşdırıla bilər ki, evliliyə girəcək şəxslərin tibbi yoxlanışında gələcəkdə dünyaya gələcək uşağın həyatına təhlükə barədə açıq aşkar sübut olsun: “Yalnız bu halda, qanun öz müdaxiləsini edə və belə şəxslərin evliliyinə məhdudiyyət qoya bilər. Lakin bu da məntiqi çərçivədən mümkün deyil, çünki mental dəyərlər və din baxımından qadağan olmayan münasibətlərin qanun tərəfindən qadağası əks effekt verəcək və qeyri-qanuni nikahlar, yəni nikahdan kənar evliliklərin sayı artacaq,”

 

Təqdim etdi: UĞUR




9 şərh “Qohum evliliklərinin problemləri və qadağan olunma ehtimalı – PSİXOLOQ RƏYİ

  1. Camal

    ABŞ-ın 24 ştatında ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib: “Bütün bunlar onu göstərir ki, bu problem aktualdır və müzakirə olunur. Azərbaycan reallığı da dünyada gedən tendensiyadan kənar deyil. Bu səbəbdən bu mövzuya yer ayırdığınız üçün sizə də, psixoloqa da təşəkkürlər

    Cavabla
  2. Aynur K

    Uşaq dünyaya gələn zaman fəsadlar özünü büruzə verir. O baxımdan gələcək nəsillər üçün ciddi problemdir. Əgər uşaq dünyaya gətirmək planları yoxdursa, o halda elə bir təhlükə yoxdur.

    Cavabla
  3. Nabat

    Məcburi şəkildə olan qohum evliliklərin bir çoxunun səbəbi uşaqlar körpə olanda valideynlərin razılaşmasıdır. Valideynlər öz aralarında anlaşdıqları üçün övladlarının da böyüdükləri zaman evlənmələrini istəyirlər. Bu da sözsüz ki, normal bir hal deyil. Lakin təəssüf ki, hələ də ölkəmizdə belə hallar baş verir

    Cavabla
  4. Leyla Yusifova

    Çox təəssüf ki, qohum evliliklərinə sıx-sıx rast gəlinir. Qohum evliliyi edən insanların valideynləri ancaq özlərini fikirləşirlər və bu prosesin heç bir müsbət tərəfi yoxdur.

    Cavabla
  5. İlahə Qurbanova

    Statistika göstərir ki, xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür. Çox maraqlı movzuya toxunmusunuz. Təşəkkürlər

    Cavabla
  6. Aqil Quliyeva

    Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib. Yüz illərdir bu deyimə inanıb, ailələr qurulur. Əmi uşaqları evlənir, hələ bunların yanına xalauşağı, bibiuşağı da qoşulur. Heç kim gələcəkdə qarşılarına çıxacaqlarını fikirləşmədən bu yola çıxır. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik.

    Cavabla
  7. Kamran

    İslam dini əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət görülür ki, insanlar uşaqlarının sağlamlıqları üçün uzaq biri ilə evlənsinlər. Qohum evliliyi istəyən cütlüklər nəzərə almalıdırlar ki, onların uşaqlarını yaşam şansı çox aşağı olacaq, dərmanlardan asılı qalacaqlar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir