Nitq, uşağın ətraf aləmlə əlaqə qurmasının, duyğularını və düşüncələrini ifadə etməsinin əsas vasitəsidir. Uşaqda danışığın gecikməsi — yəni nitq ləngiməsi — həm ailəni, həm də mütəxəssisləri narahat edən mühüm inkişaf problemidir. Bu hal, çox zaman bir neçə amilin təsiri ilə formalaşır və vaxtında müəyyən edilmədikdə uşağın sosial, emosional və idrak inkişafına mənfi təsir göstərə bilər.
Nitq ləngiməsinin ən əsas səbəblərindən biri sinir sisteminin yetərincə inkişaf etməməsidir.
Hamiləlik və doğuş zamanı baş vermiş problemlər – ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar, oksigen çatışmazlığı, doğuş travmaları və vaxtından əvvəl doğuş beyin funksiyalarına təsir edə bilər.
Eşitmə pozğunluqları – uşaq səsləri tam və dəqiq eşitmədikdə, onları təkrarlamaqda çətinlik çəkir. Bu, söz ehtiyatının və tələffüzün zəif inkişafına səbəb olur.
Nevroloji xəstəliklər – serebral iflic, epilepsiya, genetik sindromlar (məsələn, Daun sindromu, autizm spektr pozuntusu) nitqin formalaşmasına mane ola bilər.
Uşaq emosional baxımdan özünü təhlükəsiz hiss etmədikdə, danışıq fəaliyyəti ləngiyə bilər.
Stress və qorxu – ailədaxili gərginlik, valideynlər arasındakı mübahisələr, zorakılıq və ya uşaq üçün travmatik hadisələr nitqin gecikməsinə səbəb ola bilər.
Həddindən artıq qayğı və ya laqeydlik – uşaqla az ünsiyyət, ya da onun əvəzinə hər şeyi edən böyüklər (məsələn, valideynin uşağın yerinə cavab verməsi) nitq təşəbbüsünü azaldır.
Nitq, sosial qarşılıqlı əlaqə nəticəsində inkişaf edir.
Zəif dil mühiti – uşaqla az danışmaq, televizor və planşet qarşısında uzun müddət qalmaq dil inkişafını əngəlləyir.
İki- və ya çoxdilli mühit – bəzi uşaqlar bir neçə dili eyni anda öyrəndikdə müvəqqəti qarışıqlıq yaşaya bilər. Bu, adətən keçici olur, amma düzgün yönləndirilməzsə ləngimə yarada bilər.
Araşdırmalar göstərir ki, ailədə nitq ləngiməsi olan digər üzvlər varsa, uşağın da bu problemi yaşama ehtimalı artır. Lakin genetik meyllilik tək amil deyil — mühit və psixoloji amillər də mühüm rol oynayır.
Son illərdə ən çox müşahidə olunan səbəblərdən biri ekran qarşısında çox vaxt keçirməkdir.
Uşaq passiv müşahidəçi olur, qarşılıqlı ünsiyyət qurmadığı üçün beynin danışıqla bağlı sahələri yetərincə stimullaşmır. Bu, həm söz ehtiyatının, həm də sosial bacarıqların zəifləməsinə gətirib çıxarır.
Nitq ləngiməsi çox vaxt çoxamilli bir problemdir və səbəbin dəqiq müəyyən edilməsi üçün loqoped, psixoloq, nevroloq və pediatrın birgə müayinəsi vacibdir. Erkən diaqnoz və müvafiq müdaxilə ilə əksər hallarda uşaq nitqdə yaşıdlarını tuta bilir.
Valideynlər üçün tövsiyələr:
1) Uşaqla mütəmadi danışın, onun dediklərini dinləyin.
2) Ona nağıllar oxuyun, şəkillər üzərindən suallar verin.
3) Ekran vaxtını məhdudlaşdırın və real ünsiyyəti artırın.
4) Əgər 2 yaşına qədər uşaq hələ söz demirsə və ya 3 yaşında sadə cümlələr qura bilmirsə — mütəxəssisə müraciət edin.
Psixoloq Aysu Əliyeva
Mənim qızım da 2 yaşında nitqində gecikmə yaşadı, amma mütəxəssisə müraciət etdikdən sonra vəziyyət yaxşılaşmağa başladı.
Çox vaxt valideynlər ekran qarşısında uşağın vaxt keçirməsinə icazə verir, amma bu heç də düzgün deyil. Mütəmadi olaraq uşaqlarla danışmaq, onların yanında olmaq daha çox faydalıdır. Mən də oxuduqca bu məsələyə daha çox diqqət etməyə başladım.