Bəzən bir uşaq var… danışmır. Sanki dünyanı başqa bir pəncərədən izləyir. Adını çağırırsan – dönüb baxmır. Gözlərinin içində isə izah olunmayan bir sakitlik, bəzən də anlaşılmayan bir məsafə var.
Valideyn üçün bu, çox vaxt sadə bir cümlə ilə başlayır: “Gec danışır”. Ardınca təsəllilər gəlir: “Oğlan uşağıdır”, “Böyüyəndə düzələr”. Amma içində bir hiss susmur – nəsə fərqlidir.
Autizm spektr pozulması məhz bu fərqliliyin adıdır.
Autizm nədir?
Autizm spektr pozulması (ASP) uşağın sosial ünsiyyət, davranış və dünyanı qavrama formasında fərqliliklərlə xarakterizə olunan neyroinkişaf xüsusiyyətidir. “Spektr” anlayışı isə təsadüfi deyil – çünki autizm hər uşaqda eyni formada özünü göstərmir.
Bəzi uşaqlar ümumiyyətlə danışmaya bilər, bəziləri isə zəngin söz ehtiyatına sahib olsa da, ünsiyyət qurmaqda çətinlik çəkər. Bəziləri təmasdan qaçar, digərləri isə özünəməxsus şəkildə yaxınlıq qurmağa çalışar.
Autizm bir qəlib deyil. O, hər uşaqda fərqli bir hekayədir.
Diaqnoz necə qoyulur?
Autizm spektr pozulmasının diaqnozu yalnız həkim tərəfindən qoyulmalıdır və bu diaqnoz əsasən uşaq psixiatrı tərəfindən müəyyən edilir. Diaqnostika prosesi uşağın davranışının müşahidəsi, inkişaf tarixçəsi və xüsusi qiymətləndirmə metodları əsasında aparılır.
Loqoped, psixoloq və digər mütəxəssislər qiymətləndirmə və müdaxilə prosesində mühüm rol oynasalar da, rəsmi diaqnozun qoyulması psixiatrın səlahiyyətindədir. Bu səbəbdən valideynlər şübhə yarandığı anda vaxt itirmədən həkimə müraciət etməlidirlər.

Əlamətlər: Nəyə diqqət etməli?
Autizm spektr pozulmasının əsas əlamətləri adətən erkən yaşlarda özünü göstərir:
– Göz kontaktının zəif olması və ya olmaması
– Adına reaksiya verməmək
– Jest və mimikalardan az istifadə
– Nitqin gecikməsi və ya qeyri-tipik inkişafı
– Eyni hərəkətləri təkrarlamaq (məsələn, əlləri çırpmaq, oyuncaqları düzmək)
– Dəyişikliklərə qarşı həddindən artıq həssaslıq
– Səs, işıq, toxunuş kimi sensor təsirlərə fərqli reaksiyalar
Bu əlamətlərdən bir neçəsinin olması belə diqqət tələb edir. Çünki erkən fərq etmək – erkən dəstək deməkdir.
Nitq və autizm: Səssizlik həmişə susmaq deyil
Autizm spektr pozulması olan uşaqlarda nitq inkişafı çox zaman ya gecikir, ya da fərqli istiqamətdə inkişaf edir. Bəzən uşaq sözləri təkrarlayır (exolaliya), amma onların mənasını istifadə etmir. Bəzən isə ümumiyyətlə danışmır, amma jestlər, baxışlar və davranışlarla ünsiyyət qurmağa çalışır.
Burada əsas məsələ təkcə “danışmaq” deyil, ünsiyyət niyyətidir.
Uşaq istədiyini ifadə edə bilirmi? Diqqət paylaşa bilirmi? Qarşılıqlı əlaqə qurmağa çalışırmı?
Loqopedik yanaşmada məqsəd yalnız söz öyrətmək deyil, uşağın ünsiyyət qurmaq istəyini oyatmaqdır.
Autizm əlamətləri ilə qarşılaşan valideynlər çox vaxt bilmədən bəzi səhvlərə yol verirlər:
– Gözləmə mövqeyi: “Bir az da gözləyək, düzələr”
– Müqayisə: “Filankəsin uşağı bu yaşda danışırdı”
– Hiper qayğı: Uşağın hər ehtiyacını demədən qarşılamaq
– Problemi inkar etmək: Diaqnozdan qaçmaq
Halbuki zaman bu hallarda ən qiymətli resursdur. Gecikən hər gün – itirilmiş fürsət ola bilər.
Erkən müdaxilə: Dəyişimin başlanğıcı
Elmi araşdırmalar göstərir ki, erkən müdaxilə autizmli uşaqların inkişafında həlledici rol oynayır. Beyin erkən yaşlarda daha elastikdir və düzgün yanaşma ilə yeni bacarıqlar daha effektiv formalaşır.
Loqoped, psixoloq, xüsusi pedaqoq və davranış mütəxəssislərinin birgə işi uşağın potensialını üzə çıxarmağa kömək edir.
Ən vacibi isə – bu prosesdə valideynin aktiv iştirakı və düzgün yönləndirilməsidir.

Autizm bir son deyil. Bu, fərqli bir başlanğıcdır.
Bu uşaqlar bəzən bizim anlamadığımız bir dildə danışır. Onları dəyişdirməyə çalışmaqdan əvvəl, onları anlamağa çalışmaq lazımdır.
Çünki hər səssiz uşaq, əslində, içində bir dünya daşıyır. Sadəcə o dünyanın qapısını açmaq üçün doğru açarı tapmaq lazımdır və o açar – anlayış, səbr və düzgün yanaşmadır.
Gülçöhrə Həsənova
Defektoloq-loqoped, surdopedaqoq
GULYA MMC-nin təsisçi rəhbəri











































































































































































Autizm haqqinda insanlar cox sey bilmir. Bele meqaleler faydalidir.
Menim de qohumun usaginda var bu problem. Oxuyanda cox sey mene tanis geldi.