Hər birimizin həyatında münasibətlər və seçimlər çox vaxt şüurlu şəkildə verilmiş qərarlar kimi görünsə də, psixologiya göstərir ki, əslində bir çox davranış nümunələrimiz şüuraltı emosional mexanizmlərlə idarə olunur. Yəni bəzi insanlar fərqli partnyorlarla, fərqli mühitlərdə eyni münasibət problemlərini yaşayır və sanki yenə də fərqli insanlar üzərində eyni səhvləri təkrarlayırlar.
Psixologiyada bu hala emosional proqramlama və ya təkrarlayıcı davranış modeli deyilir. Burada insanın uşaqlıqdan və keçmiş təcrübələrindən formalaşan emosional kodları mövcuddur və bu kodlar gələcək seçimlərimizə, istər həyatımızda, istər ailəmizdə, istər iş mühitimizdə, istərsə də münasibətlərimizdə birbaşa təsir göstərən amillərdəndir.
Gəlin baxaq, ümumiyyətlə emosional proqramlama nədir?
Emosional proqramlama insanın keçmişdə yaşadığı emosional təcrübələrin beynində sabit davranış və münasibət modelləri kimi saxlanılmasıdır. Bunlar şüurlu şəkildə deyil, avtomatik olaraq aktivləşir.
Məsələn, əgər bir insan uşaqlıq dövründə sevgi ilə yanaşı rədd edilmə hissini də yaşayıbsa, hər zaman diqqət qazanmaq üçün çabalayıbsa və emosional sabitlik əvəzinə qarışıqlığa öyrəşibsə, bu zaman o, sağlam olmayan münasibət modelini özündə formalaşdıracaqdır.
Nəticədə nə baş verir?
Yetkinlik dövründə insan şüurlu şəkildə fərqli seçim etmək istəsə belə, şüuraltı onu tanış emosional ssenarilərə aparacaqdır.
Bəs nə üçün beynimiz eyni səhvləri təkrarlamağa öyrəşir?
İnsan beyni üçün əsas məqsəd xoşbəxtlikdən çox təhlükəsizlik hissidir. Yəni biz çox vaxt xoşbəxt olmaqdan daha çox təhlükəsiz hiss etməyi seçirik. Tanış olan vəziyyətlər, hətta bəzən ağrı yaşadığımız, bizi incidən mövzular belə beynimizə bilinən təhlükə kimi görünür və biz bunu təhlükəsizlik kimi qəbul edirik.
Bu isə əslində bir növ paradoks yaradır.
Sağlam münasibət sakit və sabitdir, amma bizə yad hiss oluna bilər. Tanış emosional qarışıqlıq isə təhlükəlidir, amma bizə tanış olduğu üçün müəyyən mənada rahat görünməyə başlayır.
Beyin necə işləyirsə, daha çox tanış olanı həyatımıza gətirməyə çalışır.

Gəlin bağlanma modellərinə də nəzər salaq.
Bağlanma nəzəriyyəsinə görə, uşaqlıqda valideynlərlə qurulan emosional münasibət gələcək münasibətlərimizin əsas şablonlarından biridir. Yəni həyatımızın əsas özəklərindən biri məhz bağlanma modellərimizdir.
Əgər narahat bağlanma yaşayırıqsa, hər zaman tərk edilmə qorxusu ilə üz-üzə qalacağıq və həddindən artıq qarşı tərəfə bağlanacağıq.
Əgər qaçınan bağlanma yaşayırıqsa, emosional yaxınlıqdan uzaqlaşacağıq.
Əgər qarışıq bağlanma yaşayırıqsa, sevgi və qorxu arasında dəyişən münasibətlər yaşayacağıq.
Bu modellər dəyişmədikcə, biz fərqli simalarda eyni xarakterə malik insanları seçməyə davam edəcəyik.
İndi isə şüur və şüuraltı konfliktinə diqqət edək.
İnsan şüur səviyyəsində sağlam seçimlər etmək istəyir. Lakin şüuraltı səviyyədə tanış emosional ehtiyaclarının ödənməsi üçün yenə tanış olanı seçir.
Yəni bu, iradəsizlik deyil. Çox vaxt bu, emosional avtomatizmin gücüdür.
Gəlin özünü təsdiqləmə mexanizminə də baxaq.
Psixoloji baxımdan insan bəzən şüursuz şəkildə öz daxilindəki inancı təsdiqləyəcək vəziyyətlər axtarır və həmin vəziyyətlərə yönəlir.
Əgər bir insanın daxilində “mən dəyərli deyiləm” inancı varsa, o, çox zaman bu inancı təsdiqləyən insanları həyatına cəlb edəcəkdir. Çünki beyin daxilindəki tanış inancı qorumağa çalışır. Onu dəyişmək bəzən beyin üçün daha çətin görünür.
Bəs dəyişmək mümkündürmü?
Bəli. Emosional proqramlama da, bağlanma modelləri də bizdə sabit və dəyişməz deyil. İnsan öz davranışlarını dərk etdikcə bu avtomatik ssenarilər zəifləməyə başlayır.
Məsələn, insan zamanla anlayır ki, “mən dəyərli deyiləm”, “əgər dəyərli olsaydım mənimlə belə davranmazdılar” kimi düşüncələr onu həyatda geriyə aparan ən primitiv ssenarilərdən biridir.
Dəyişiklik üçün ilk növbədə təkrarlanan münasibət modellərinizi tanıyın. Həyatınıza eyni tip insanlar daxil olursa, bunun səbəbini araşdırın. Məsələn, davamlı olaraq narsist xüsusiyyətli insanlarla münasibət qurursunuzsa, təkcə onları deyil, öz seçimlərinizi də tanımağa çalışın.

Emosional reaksiyalarınızı müşahidə edin.
Sərhədlərinizi düzgün qurmağa çalışın. İstər dostluq münasibətlərində, istər ailədə, istərsə də sevgi münasibətlərində.
Öz dəyər hissinizi gücləndirin. Bu gün özünüzə bir şey hədiyyə etmək istəyirsinizsə və həmin şey bir az bahalıdırsa, onu almaq məcburiyyətində deyilsiniz. Amma ona bənzər kiçik bir hədiyyə ilə belə özünüzə dəyər verdiyinizi göstərə bilərsiniz.
Keçmiş travmalarınızı görməyə və üzərində işləməyə çalışın.
Şüurlu diqqət artdıqca avtomatik davranışlar azalır və insan daha sağlam seçimlər etməyə başlayır.
Nəticə olaraq, eyni səhvlərin fərqli insanlarla təkrarlanması təsadüfi deyil. Beyin tanış emosional ssenariləri seçir və onlara bağlı qalmağa meyl göstərir. Lakin insan bu mexanizmləri dərk etdikcə, həmin ssenariləri dəyişdirmək və daha sağlam münasibətlər qurmaq imkanına sahib olur.
Psixoloq Züleyxa Abbasova












































































































































































