“Gencaile.az” saytı ailə, valideynlik və uşaq inkişafı mövzularında oxucularına daha faydalı və peşəkar məzmun təqdim etmək məqsədilə bu gündən etibarən yeni rubrikaya – “MindSura”ya start verir.
Rubrikadakı yazıların müəllifi Psixoloq-pedaqoq, Uşaq İnkişaf Mütəxəssisi, Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Mənsurə Qəhrəmanova olacaq. “MindSura” adını “Mind” (zehin, düşüncə) və müəllifin adından götürülmüş “Sura” sözlərinin birləşməsindən alır. Bu ad psixologiya, uşaq inkişafı və sağlam düşüncəyə əsaslanan peşəkar yanaşmanı ifadə edir.
Rubrika çərçivəsində valideynlik, uşaqların psixoloji və emosional inkişafı, davranış xüsusiyyətləri, ailədaxili münasibətlər, müasir dövrün tərbiyə çağırışları və uşaqların sağlam inkişafı ilə bağlı digər aktual mövzular elmi yanaşma və praktik tövsiyələr əsasında oxuculara təqdim olunacaq.
“MindSura” rubrikasının ilk yazısında isə valideynlərin gündəlik ünsiyyətdə tez-tez istifadə etdiyi “Mən sənin yaşında…” ifadəsinin uşağın psixoloji inkişafına necə təsir etdiyindən bəhs edəcəyik.

Demək olar ki, hər birimiz uşaqlıqda bu cümləni eşitmişik: “Mən sənin yaşında olanda…” Ardınca isə adətən valideynin və ya böyüyün öz uğurları sadalanır: daha məsuliyyətli olduğunu, daha çox dərs oxuduğunu, ailəsinə kömək etdiyini və ya daha az imkanla daha böyük işlər gördüyünü söyləyir.
Valideynlər bu ifadəni çox vaxt övladlarını motivasiya etmək məqsədilə işlədirlər. Lakin psixoloji baxımdan bu cümlə əksər hallarda motivasiya yaratmır. Əksinə, uşaqda müqayisə hissini gücləndirir, özünü kifayət qədər yaxşı olmadığını düşünməsinə səbəb olur və valideynlə emosional məsafə yarada bilir.
Hər uşağın inkişaf yolu fərqlidir
Psixologiyada qəbul olunan əsas prinsiplərdən biri odur ki, hər bir uşağın inkişaf tempi, xarakteri, maraqları və bacarıqları fərqlidir. Bir uşağın uğur qazandığı sahədə digərinin çətinlik yaşaması tamamilə normaldır.
Valideyn öz uşaqlığını övladı ilə müqayisə etdikdə fərqinə varmadan iki müxtəlif dövrü, iki fərqli sosial mühiti və iki ayrı şəxsiyyəti müqayisə etmiş olur.
Bu günün uşaqları fərqli texnologiyalar, informasiya yükü, sosial media təsiri və dəyişən təhsil sistemi ilə böyüyürlər. Onların qarşılaşdığı çətinliklər də əvvəlki nəsildən xeyli fərqlənir.
Müqayisə motivasiya yox, təzyiq yaradır
Valideynlər bəzən düşünürlər ki, öz nümunələrini danışmaq uşağı həvəsləndirəcək. Amma uşağın beynində yaranan düşüncə çox vaxt tamam başqa olur:
“Deməli, mən kifayət qədər yaxşı deyiləm.”
“Valideynim məni olduğum kimi qəbul etmir.”
“Nə etsəm də, onun gözündə yetərli olmayacağam.”
Belə hisslər zamanla uşağın özünəinamını zəiflədə, təşəbbüskarlığını azalda və səhv etmək qorxusunu artıra bilər.
Uşaq sizi yox, qəbul edilməyi istəyir
Uşaqlar valideynlərini nümunə kimi görsələr də, onlarla yarışmaq istəmirlər.
Onların əsas ehtiyacı başa düşülmək, dinlənilmək və hisslərinin qəbul edilməsidir.
Məsələn, uşaq dərsdə çətinlik yaşadığını deyəndə:
“Mən sənin yaşında bütün dərslərimi əla oxuyurdum.”
demək əvəzinə,
“Sənə hansı mövzu çətin gəlir? Birlikdə həll edə bilərik.”
demək həm problemi həll etməyə kömək edir, həm də uşağa emosional dəstək verir.
Müqayisə münasibətlərə də təsir edir
Daim müqayisə olunan uşaqlar zamanla valideynlərinə problemlərini danışmaqdan çəkinə bilirlər. Çünki əvvəlcədən bilirlər ki, yenə özlərini müdafiə etməli olacaqlar.
Bu isə ailədaxili ünsiyyətin zəifləməsinə, emosional uzaqlaşmaya və etibarın azalmasına səbəb ola bilər.
Valideynlə sağlam münasibət qurmaq üçün uşağın səhv etməsinə, çətinlik yaşamasına və köməyə ehtiyac duymasına da yer verilməlidir.
Bəs valideyn necə danışmalıdır?
Əgər məqsəd uşağı inkişaf etdirməkdirsə, müqayisə etmək əvəzinə inkişafını izləmək daha faydalıdır.
Məsələn:
“Keçən ayla müqayisədə bu dəfə daha yaxşı alınır.”
“Sənin zəhmət çəkdiyini görürəm.”
“Hər gün bir az irəliləməyin kifayətdir.”
“Sən bacaracaqsan, mən sənə dəstək olacağam.”
Bu cür ifadələr uşağın diqqətini başqaları ilə yarışa deyil, öz inkişafına yönəldir.
Uşağın ən böyük rəqibi başqası deyil
Sağlam psixoloji inkişafın əsas prinsiplərindən biri uşağın özünü dünənki halı ilə müqayisə etməsidir. Əsl inkişaf da məhz burada başlayır.
Valideyn övladına “Mən sənin yaşında…” demək əvəzinə “Sənin bu gün necə inkişaf etdiyini görürəm” mesajını verdikdə, uşaq özünü daha dəyərli, təhlükəsiz və qəbul edilmiş hiss edir.
Çünki uşaqların valideynlərdən gözlədiyi mükəmməl nümunə deyil, etibarlı dayaq olmaqdır.
“Mən sənin yaşında…” cümləsi ilk baxışdan sadə görünə bilər. Lakin bu ifadə təkrarlandıqca uşaqda özünü başqaları ilə müqayisə etmə vərdişi formalaşdıra, özgüvənini zəiflədə və valideynlə emosional bağını zədələyə bilər.
Unutmayaq ki, hər uşaq öz potensialı, tempi və həyat yolu ilə unikaldır. Valideynin ən böyük vəzifəsi onu keçmişlə müqayisə etmək deyil, bu gününü anlamaq, inkişafını dəstəkləmək və sabaha inamla addımlamasına şərait yaratmaqdır. Çünki uşağın yaddaşında ən çox qalan sözlər tənqid edən deyil, ona inandığını hiss etdirən sözlər olur.
Mənsurə Qəhrəmanova
Psixoloq-Pedaqoq, Uşaq İnkişaf Mütəxəssisi
Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin psixoloqpedaqoqmq adlı instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)













































































































































































Men de usaqligimda bu sozleri cox esitmisem
Men de bazen ovladima bu cumleni deyirem. Demek ki, ehtiyatli olmaq lazimdi.