İnsan həkimə bəzən bir ağrının, bəzən hərəkətindəki çətinliyin, bəzən də uzun müddətdir cavabını tapa bilmədiyi bir narahatlığın səbəbini öyrənmək üçün müraciət edir. Onun istəyi sadədir: özünü anlamaq, rahatlaşmaq və gündəlik həyatına davam edə bilmək.
Osteopatik yanaşmada diqqət insanın şikayəti ilə yanaşı, bədənin quruluşuna, hərəkətinə və müxtəlif nahiyələr arasındakı əlaqələrə yönəlir. Ağrıyan sahə müayinənin başlanğıcı ola bilər, lakin qiymətləndirmə yalnız həmin sahə ilə məhdudlaşmır.
Osteopatiya nədir?
“Osteopatiya” sözünün kökləri yunan dilindəki “osteon” — sümük və “pathos” — əziyyət, xəstəlik sözlərindən gəlir. Bununla belə, terminin hərfi mənası osteopatik yanaşmanın bütün məzmununu ifadə etmir.
Osteopatiyanı anlamaq üçün onun əsas xüsusiyyətlərinə nəzər salaq:
Bütövlüyə əsaslanan yanaşmadır. İnsan bədəni quruluşu və fəaliyyəti bir-biri ilə əlaqəli olan vahid bir bütövdür. Osteopatik düşüncənin əsasını bu birlik təşkil edir.
Manual, yəni əllə aparılan müayinə və müalicə üsullarından istifadə edir. Toxumaların gərginliyi, oynaqların hərəkət imkanları və məhdudiyyətləri qiymətləndirilir.
Şikayətə təsir edən amilləri araşdırır. İnsanın şikayətləri, xəstəlik tarixçəsi, əvvəlki travmaları və gündəlik hərəkət vərdişləri nəzərə alınır. Məqsəd narahatlığın yaranmasına və davam etməsinə təsir edə bilən amilləri müəyyənləşdirməkdir.
Bədənin özünütənzimləmə və bərpa imkanlarını dəstəkləməyi hədəfləyir. İnsanın qorunmuş funksiyaları və hərəkət imkanları müalicədə dayaq kimi götürülür.
Əllə aparılan müdaxilədə dərmandan istifadə olunmur. Bu, insanın qəbul etdiyi zəruri dərmanların dayandırılması demək deyil. Osteopatik yardım digər tibbi müalicələrlə birlikdə planlaşdırıla bilər.
Müdaxilə bədənin imkanlarına uyğunlaşdırılır. Yumşaq üsullarda tətbiq olunan təzyiq və hərəkət toxumaların vəziyyətinə, fiziolofii hədlərə və insanın rahatlığına uyğun seçilir. Osteopatiyada müxtəlif texnikalar olduğuna görə hər üsul hər insana uyğun deyil.
Lokal şikayətə bütöv bədənin əlaqələri daxilində yanaşır. Müayinə yalnız ağrıyan sahə ilə məhdudlaşmır: müdaxilə müayinə zamanı ehtiyac müəyyən edilən nahiyələrə yönəldilir.
Fərdi yanaşmayəa əsaslanır. Eyni şikayətlə müraciət edən insanlarda müayinə nəticələri fərqli ola bilər. Buna görə üsullar insanın yaşına, sağlamlıq vəziyyətinə və ehtiyaclarına uyğun seçilir.
Müayinənin nəticəsi sonrakı addımı müəyyənləşdirir. İlkin qiymətləndirmədə osteopatik müdaxilənin uyğun olub-olmadığı, əlavə müayinəyə və ya başqa mütəxəssisə ehtiyac müəyyən edilir.
Bədəndə sağlamlığı axtarmağa diqqət yetirir. Bu ifadə insanın qorunmuş imkanlarını görmək və bərpa prosesində onlara dayaq olmaq mənasını daşıyır. Xəstəliyin müəyyənləşdirilməsi və lazımi tibbi müalicə də bu yanaşmanın ayrılmaz məsuliyyətidir.
Osteopatiya necə yarandı və onu kimlər inkişaf etdirdi?
Osteopatiyanın yaranmasının arxasında insan bədənini və ona kömək etməyin yollarını daha dərindən anlamaq axtarışı dayanır.
Endrü Teylor Still — osteopatiyanın banisi. Amerikalı həkim Still 1874-cü ildə osteopatik yanaşmanın əsasını qoydu. Ailəsində yaşadığı ağır itkilər və dövrünün müalicə imkanlarının məhdudluğu onu insan sağlamlığı haqqında yeni suallar verməyə sövq etmişdi.
Still nə axtarırdı? O, insan anatomiyasını öyrənərək bədənin quruluşu, qan dövranı və fəaliyyəti arasındakı əlaqələri anlamağa çalışırdı. Bərpaya hansı maneələrin təsir etdiyini və əllə müdaxilənin necə kömək edə biləcəyini araşdırırdı. Bu axtarışlar onun osteopatik düşüncəsini formalaşdırdı.
Bu yanaşma necə məktəbə çevrildi? Still 1892-ci ildə ABŞ-nin Kirksvill şəhərində ilk osteopatiya məktəbini açdı. Beləliklə, müşahidə və təcrübələrini tələbələrinə ötürməyə başladı, osteopatiya ayrıca tədris olunan istiqamətə çevrildi.
Uilyam Qarner Sazerlend — kranial osteopatiyanı inkişaf etdirən şəxs. Stillin məktəbində təhsil alan Sazerlend kəllə sümüklərinin quruluşu və birləşmələri ilə maraqlanırdı. Bu strukturlarda incə hərəkət imkanının olması barədə fərziyyə irəli sürdü və kranial osteopatiya konsepsiyasını inkişaf etdirdi. Bu fikir onun tarixi nəzəriyyəsi kimi təqdim edilməlidir, təsdiqlənmiş fizioloii faktla eyniləşdirilməməlidir.
Rollin Beker — bədənin bərpa imkanlarına diqqət yetirən davamçı. Sazerlendin tələbəsi olan Beker toxumalardakı dəyişiklikləri diqqətlə izləməyə və bədənin öz bərpa imkanlarına dayaq olmağa əhəmiyyət verirdi. Sağlamlığa yönələn diqqət onun osteopatik yanaşmasında mühüm yer tuturdu.
Viola Frayman — uşaqlara osteopatik yanaşmanın nümayəndəsi. Frayman uşaqların doğuşdan sonra osteopatik qiymətləndirilməsinin tərəfdarı idi. Bu, onun erkən osteopatik yanaşma barədə mövqeyini ifadə edirdi, bütün uşaqlar üçün təsdiqlənmiş məcburi müayinə tövsiyəsi kimi qəbul edilməməlidir.
Osteopatik yanaşmanın özəlliyi nədədir?
Osteopatik qəbulda insanın danışdıqları, hərəkət zamanı müşahidə olunan dəyişikliklər və əllə müayinə zamanı əldə edilən məlumatlar birlikdə qiymətləndirilir. Şikayətin gündəlik həyatla əlaqəsi də nəzərə alınır: insan necə oturur, necə işləyir, hansı hərəkətlərdə çətinlik çəkir və nəyə qayıtmaq istəyir?
Bu yanaşmada bir neçə məqam ön plana çıxır:
Bədənin əlaqələrinə diqqət. Şikayət olan nahiyə digər strukturlarla birlikdə qiymətləndirilir.
Hərəkətin və toxumaların vəziyyətinin əllə müayinəsi. Müalicə seçimi yalnız şikayətin adına əsaslanmır: müayinədə əldə olunan məlumatlar da nəzərə alınır.
Bədənin imkanlarına uyğun müdaxilə. Texnikanın gücü, istiqaməti və həcmi insanın vəziyyətinə uyğunlaşdırılır.
Qorunmuş funksiyalara dayaq. İnsanın edə bildikləri və mövcud hərəkət imkanları bərpa planında nəzərə alınır.
İnsanın gündəlik həyatına yönələn məqsəd. Yardımın nəticəsi ağrı ilə yanaşı, hərəkət, rahatlıq və gündəlik fəaliyyət baxımından da qiymətləndirilir.
Bütöv və fərdi yanaşma müasir tibbin digər sahələrində də dəyərlidir. Osteopatiyanın özəlliyi bu prinsiplərin əllə müayinə və osteopatik texnikalarla birləşdirilməsindədir. Onun seçilməsi isə insanın ehtiyacına, təhlükəsizliyə və gözlənilən faydaya əsaslanmalıdır.

Osteopatiya nə zaman tətbiq edilməməli və ya məhdudlaşdırılmalıdır?
Osteopatik yardımın ilk şərti müdaxilənin uyğun və təhlükəsiz olub-olmadığını müəyyənləşdirməkdir. Bəzi hallarda seans təxirə salınır, bəzilərində isə müəyyən texnikalardan istifadə olunmur.
Yüksək qızdırma və kəskin infeksiya zamanı — seans təxirə salınır, əvvəlcə xəstəliyin səbəbi və insanın ümumi vəziyyəti qiymətləndirilir.
Yeni sınıq, çıxıq və ciddi travma şübhəsində — ilkin tibbi yardım və zədənin dəqiqləşdirilməsi tələb olunur.
Aktiv qanaxma və laxtalanma pozuntularında — toxumalara təzyiq göstərən üsullar təhlükəli ola bilər, müdaxilədən əvvəl tibbi qiymətləndirmə aparılmalıdır.
Ağır osteoporozda — sınıq riski səbəbindən güclü təzyiq və sürətli manipulyasiyalardan çəkinilir.
Sümük şişləri və sümüyə metastaz olduqda — zədələnmiş nahiyəyə mexaniki müdaxilə edilmir, hər hansı əlavə yardım müalicə edən həkimlə razılaşdırılır.
Oynaqlarda kəskin iltihab zamanı — təsirlənmiş nahiyədə manipulyasiyalardan çəkinilir və əvvəlcə iltihabın səbəbi qiymətləndirilir.
Aktiv tromboz və ya tromboz şübhəsində — osteopatik seans təxirə salınır, təcili tibbi qiymətləndirmə tələb olunur. Təsirlənmiş nahiyəyə masaj, təzyiq və manipulyasiya tətbiq edilmir.
Bu siyahı bütün halları əhatə etmir. Müdaxilə qərarı insanın diaqnozu, müayinə nəticələri və seçilən texnikanın riskləri nəzərə alınaraq verilir.
Bədəndə sağlamlığı axtarmaq nə deməkdir?
İnsan bədənində bir problem yarandıqda diqqətimiz təbii olaraq həmin problemə yönəlir. Osteopatik düşüncə isə buna daha bir sual əlavə edir: bu insanın hansı imkanları qorunub və bərpa yolunda onlara necə dayaq ola bilərik?
Bədəndə sağlamlığı axtarmaq insanın mövcud funksiyalarını, hərəkət imkanlarını və uyğunlaşma qabiliyyətini görməkdir. Ağrının və məhdudiyyətin yanında insanın hələ də edə bildiklərinə diqqət yetirməkdir.
Bu düşüncə xəstəliyin diaqnostikası ilə yanaşı yer tutur. Qorunmuş imkanları dəstəkləmək, zəruri müayinələri aparmaq və uyğun müalicəni seçmək bir-birini tamamlayır.
İnsan öz diaqnozundan daha geniş bir bütövdür: onun gündəlik həyatı, ehtiyacları, qorxuları, ümidləri və nail olmaq istədiyi məqsədlər var. Müalicə zamanı bunları görmək də insana yardımın bir hissəsidir.
Həkim olaraq mənim üçün
Mənim üçün insanı dinləmək müayinənin başlanğıcıdır. Qarşımda gündəlik həyatına rahat davam etmək istəyən bir insan, yaxud övladının inkişafı üçün yol axtaran bir valideyn dayanır. Onların narahatlığını anlamaq, suallarına aydın cavab vermək və köməyin hansı yolla mümkün olduğunu izah etmək işimin mühüm hissəsidir.
Osteopatik yanaşmada məni cəlb edən bədənin əlaqələrinə diqqət və hər insana fərdi yanaşmaqdır. Bədəndə sağlamlığı axtarmaq dedikdə, insanın qorunmuş imkanlarını görməyi və həmin imkanlara dayaq olmağı nəzərdə tuturam.
Məqsədim insanın ehtiyacına uyğun yardım göstərmək, lazım gəldikdə digər mütəxəssislərlə əməkdaşlıq etməkdir. Mənim üçün görülən işin dəyəri insanın gündəlik həyatında hiss etdiyi dəyişiklikdədir.
Gülsənəm Ağamuradova
Həkim-pediatr, osteopat










































































































































































