Balığın insan sağlamlığı üçün əhəmiyyəti məlumdur. Hər kəs bu dəniz canlısının orqanizmə xeyrini az-çox bilir. Bəs, balıq bişirərkən təmizlədiyimiz pulcuqların da xeyrinin olduğunu bilirdinizmi?
Türkiyə mətbuatının yazdığına görə, yaponiyalı alim Kohei Kihara balığın pulcuğunun şəfa qaynağı olduğunu açıqlayıb. Yaponların yemək bişirərkən balığın bütün hissələrini istifadə etdiklərini vurğulayan Kihara deyib: “Balığın üzərindəki pulcuq çox qiymətlidir. Tərkibində bol kalsium və fosfat var. Bu isə oynaqlara çox xeyirdir, dərmanı əvəz edir. Bir sözlə, balıq pulcuğu yaşlı insanların oynaq ağrılarının şəfasıdır. Biz yaponlar adətən pulcuqları toz halına gətiririk və su ilə qarışdırıb içirik. Həmçinin, ondan hazırlanan maskalar üzü də yumşaq və cavan saxlayır”.