Efsane R

‘‘Allahvurmuşlar‘‘ – “NATAMAM”

Baxış sayı: 450

Mən insanların bir-birinə qohumundan daha çox yaxınlıq etdiyi birgəyaşayış yerində böyümüşəm. Orda hamının bir adı, bir ləqəbi var idi. Müharibədə barmaqların itirmiş kişiyə “çolaq”, ticarətlə məşğul olana “bahaçıl”, bütün mövzulara fikir bildirənə “molla” deyirdilər. Məhləmizdə səssizliyi ilə daha çox diqqət çəkən bir dayı da var idi. Onun haqqında danışanda niyə isə ancaq “Allahvurmuş” ifadəsi işlənirdi. Əvvəl elə başa düşürdüm ki, insanların ondan zəhləsi gedir deyə belə deyirlər. Böyüdükcə anladım ki, bu ifadənin səbəbi əlil övladının olması imiş. Əslində Allahvurmuş bu məhlədə “Allahın imtahan etdiyi” anlamını daşıyırdı, lakin əminəm ki, o kişinin əlilliyi olan övladı üçün məsələyə bu qədər optimist yanaşmaq mümkün deyildir.

Sonra biz böyüdükcə daha böyük cəmiyyətlərə daxil olduq, lakin elə bütün cəmiyyətin bizim məhləmiz zehniyyətində olduğunu gördüyümdə yaşadığım təəssüf hissini izah edə bilmərəm. Nə qədər inkar etsək də, qohum-qonşu, dost-tanış arasında “ əşi, onsuz da onu Allah vurub, daha mən niyə vurum?!” deyərək tənə edilən əliliyi olan övladlara sahib ailələrin olduğunu hamımız bilirik.

Əlbəttə, buna bir imtahan, buna bir fərqlilik kimi baxıla bilər. Çünki cahil cəmiyyət üçün özündən başqa görüntüyə sahib hər kəsi Allah “vurub”. Artıq çəkili, üzü çilli, saçı qırmızı, beli donqar, ayağı əyri, gözü çaş… Fərq etmir əslində əskik olan tərəfinin nəliyi. Önəmli olan kütlə deyilsənsə, mübarizədə olmalısan daim. Həm psixoloji, həm fiziki…

Yeriməsində çətinlik çəkən – axsağa, çəlikli yoldaşlara icazəsiz toxunub onların balansını pozaraq “kömək etməyə çalışan” cahil kütlədən tutmuş, daun və autizm sendromlu uşaqların validenlərinin yanında qulağını çəkən insanlara qədər hamısı “NORMALDIR!”

Empatiya hissinin sadəcə “sevgi dərdi” çəkənlərə qarşı istifadə edildiyini düşünən bu kütləni heç bir halda heç nəyə inandır bilmərik.  Və eyni kütlə piqment əskikliyindən qaynaqlanan rəngli gözlülüyü üstünlük hesab edir…

“Allahvurmuş” ailələr isə daima cəmiyyətdə içinəqapanıq, gözükölgəli və günahkar görünümləri ilə mübarizə etməyə güclərinin olmadığını öz vizulları ilə sanki təsdiq edirdilər…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir