usaq

Ata-ananın məhv etdiyi gələcək – Nələrə diqqət etməli?

Baxış sayı: 459

Cəmiyyətimizdə valideyn və övlad arasında ən çox yaşanan anlaşılmazlıqlardan biri də uşaqların səhv istiqamətləndirilməsi ilə bağlıdır. 

Atalar, analar uşaqlarını istədiyi ixtisasa, peşəyə yönəldir və övlad uğursuz olur. Bu isə həmin uşağın yalnız o sahədə uğursuz olduğu anlamına gəlir. 

Mütləq ki, onun hər kəsdən fərqli bacarığı, istedadı var. Hətta bəzən bu istedad sözün əsl mənasında batır. 

Bəs, valideynlər uşaqlarının istedadlarını necə kəşf etsinlər? Çox istedadlı uşaqları nə ilə fərqlənir? 

Psixoloq Fəridə Şərifovanın sözlərinə görə, çox istedadlı uşaqlar və ya gənclər öz maraq sahələrində yaşıdlarından, ətraflarından və özləri ilə eyni təcrübəyə malik olanlardan daha yüksək bacarıq nümayiş etdirirlər:

“Bu uşaqlar daha çox intellektual, yaradıcılıq və incəsənət sahələrində üstün performans göstərirlər. Eyni zamanda liderlik sahəsində də tez-tez rast gəlinməyən və ya bəzən xüsusi akademik sahələrdə önə çıxan istedadlara da sahib ola bilərlər. Buna görə də, onların məktəb proqramından kənar xidmətlərə, dərnək və fəaliyyətlərə ehtiyacları vardır. Xüsusi istedadlı uşaq böyütmək, onlarla yaşamaq valideynlər və müəllimlər üçün həm çətin, həm də həyəcanlı olur. Çünki bu uşaqlar daima axtarışda olur, dərin və irəli düşüncəli sualları, kəşf etmə, öyrənmə istəyi bitmir. Onların bu ehtiyaclarını qarşılamaq həm çətin, bir o qədər də önəmlidir”.

 

Bəs bu uşaqları necə ayırd edə bilərik?

Psixoloq qeyd edir ki, xüsusi istedadlı uşaqlar tez yeriyir:

“Çox istedadlı uşaqlar hələ körpəlik vaxtından inkişaf etaplarında özünü göstərməyə başlayır. Adətən bu uşaqlar tez yeriyir, tez danışır, tualet vərdişlərinə tez yiyələnir, düşüncə, anlama, qavrama baxımından yaşıdlarını üstələyirlər. Təlim qabiliyyətləri, zehni bacarıqları sürətli olur, yaddaşları yaxşı, söz balansı çox olur. Belə uşaqlar çox mükəmməlliyətçi olur, məğlubiyyəti qəbul etməkdə çətinlik çəkirlər. Hər işdə öndə olmaq istəyirlər. Problemlərə xüsusi yanaşmaları olur və maraqlı həll yolları tapa bilirlər”.

Belə uşaqlara ailəsi necə dəstək olmalıdır?

Fəridə xanım deyir ki, bu cür uşaqlara dəstək onları dinləməkdən başlayır:

“İlk növbədə valideynlər yaxşı dinləyici olmalıdırlar, Çünki bu xüsusiyyəti olan uşaqların “daim işləyən beyinləri” olur və  gün ərzində çoxlu məlumat toplayırlar. Analiz və sintez edərək topladıqları bu məlumatları valideynləri ilə bölüşmək istəyirlər. Valideynlər övladlarını dinləməklə daha çox hadisələri əlaqələndirmək, çatışmayan məqamları tamamlamaq, qaranlıq qalan nüansları aydınlaşdırmaq imkanı yaradırlar”.

Çox istedadlı uşaqların suallarını cavablandırmaq heç də asan olmur…

“Valideynlər uşaqların marağının qarşılanması baxımından diqqətli olmalıdırlar. Bəzən belə uşaqların maraqlandığı suallara cavab vermək asan olmur. Lakin bu hallarda valideynlər uşağa kəskin reaksiya vermək, məhəl qoymamaq və ya yola vermək əvəzinə, onların öyrənmə ehtiyaclarını ödəmək üçün başqa həll yolları tapmalıdırlar. Məsələn, məlumat əldə etmək üçün kitablardan, ensiklopediyalardan və aid olan mütəxəssislərdən yararlana bilərlər”.

Əsas diqqət olunmalı məqam isə sosial-emosinal inkişafdır.

“Ən diqqət edilməli bir nüansdan bəhs edəcəyəm. Üstün istedada malik uşaqların çox vaxt inkişaf xüsusiyyətləri asinxrondur. Yəni paralel getmir. Çox vaxt zehni inkişaf sosial və emosional inkişafdan öndədir. Ona görə belə uşaqlar ünsiyyət qurarkən, dost çevrəsi qazanmaqda, emosiyalarını, duyğularını ifadə və idarə etməkdə çətinliklər yaşaya bilirlər. Bu baxımda ailə zamanında övladına dəstək olmalı, sosial-emosinal inkişafa xüsusi diqqət yetirməlidir”.

Psixoloqun sözlərinə görə, istedadlı uşaqların valideynləri daha məsuliyyətli olmalıdırlar:

“Üstün zəka və istedada malik uşaqların valideynləri mütləq bu potensialı ortaya qoya bilmək üçün uşağa şərait yaratmalıdırlar. İstər təhsili baxımından, istər dərsdən kənar məşğuliyyətlər, istərsə də, düzgün bir daxili planlama və nizam-intizamın yardılması baxımından. Çünki öz üstün zəkasını, istedadını davranışları və bacarıqları ilə ortaya qoya bilmirsə, təqdim edə bilmirsə, bir müddət sonra “paslanacaq”dır. Ola bilər ki onların içində bir cövhər yatır, amma bundan heç kimin xəbəri olmadıqdan sonra o öz dəyərini itirəcəkdir. Odur ki, üstün istedadlı uşaqların valideynlərinin məsuliyyəti ikiqat daha çox və ağırdır. Amma bu yolu düzgün addımlaya bilənlər üçün nəticə möhtəşəmdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir