cinayet

Azərbaycanda cinayətlərin sayı niyə sürətlə artır? – EKSPERT RƏYİ

Baxış sayı: 579

Azərbaycanda cinayətlərin sayının artmasını iddia etmək üçün statistikaya da ehtiyac yoxdur. Hər gün mediada çıxan xəbərlərə nəzər yetirmək kifayətdir. Hiss olunur ki, həm adi ailə məişət zəminində baş verən hadisələr, həm də cəmiyyətimizin bəlası olan narkomaniya kimi cinayətlərinin sayı çox artıb. Elə rəqəmlərə göz yetirəndə də müşahidənin doğruluğunu görmək mümkündür. 2022-ci ildə Azərbaycanda 36494 cinayət  hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin kollegiya iclasında bu rəqəmlər açıqlanıb. Məlum olur ki, son bir il ərzində cinayətlərin sayı 20 faiz artıb. 2018-2020-ci illərlə müqayisədə isə təxminən 40 faiz artımdan söhbət gedə bilər. Keçən il qeydə alınan hər altı cinayətdən biri ağır xarakterli olub. Məsələn, 2011-ci ildə belə cinayətlərin payı 11 faizi keçmirdi. Narkomaniya ilə bağlı olan  cinayətlərinı rəqəmləri ciddi narahatlılıq doğurur. Keçən il 3 ton 418 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb. Bu istiqamətdə rəqəmlər kasaddır. Müşahidələr onu göstərir ki, narkomaniyadan əziyyət çəkənlərin sayı faciəvi həddə çatıb. Buna əmin olmaq üçün sosial medianı diqqətlə izləmək kifayətdir. Amma iş orasındadır ki, narkomaniya diaqnozu qoyulanların sayı gerçək mənzərəni göstərmir. Yəni narkotik istifadəçilərinin heç də hamısı qeydiyyata alınmayıb. Belə nəticəyə gəlmək olar ki, Azərbaycanda cinayətlərin sayı sürətlə artdıqca, bu mənzərə heç də yaxşı göstəricilər vəd etmir.

Qumru Eyvazova

Mövzuya “Gencaile.az” saytı üçün münasibət bildirən Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova aşağıdakıları dedi:”Narkomaniya ilə mübarizə məsələsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Narkotik maddələrin istifadəsinin artması həm də, paralel olaraq cinayətkarlığın artması deməkdir. Bu bəlaya düçar olan yeniyetmələrin ən azı üçdə ikisi narkotik vasitələrdən asılı vəziyyətə düşdükdən sonra bu və ya digər cinayət əməlləri törədərək cinayətkara çevrilirlər. Bu cür şəxslər xüsusən valideyn qayğısından və diqqətindən kənarda qalan gənclərdirlər. Çoxunun ailələrində ya ata və yaxud ana məhkum həyatı yaşayır, və yaxud ümumiyyətlə şəxs valideynlərin nəzarətindən uzaqda tək yaşayır. Bu hal da ona gətirib çıxarır ki, gənc yaşlarında şəxs kriminal qruplaşmalara qoşulur, narkotik maddəni ilk öncə az miqdarda qəbul edir, sonra isə orqanizmin tələbatı əsasında getdikcə çox miqdarda qəbul etməyə meyllik artır. Bu tələbat artdıqca, narkotik vasitənin əldə edilməsi və qəbul edilməsinə maddi imkanın da olması zəruridir, olmadıqda isə, gənclər məcbur qalıb, müxtəlif növ cinayətlərin törədilməsinə cəhd edir. Hazırda, yerli məhkəmələrdə narkotik vasitələrin istifadə və satışı ilə bağlı həddindən artıq işlər mövcuddur. Narkotik vasitətələrin istifadəsi və satışı maddəsi ilə tutulan şəxslərin çoxu azadlığın məhdudlaşdırılması, narkotik vasitənin qəbul edilmə dərəcəsi və yaxud satışı olduğu təqdirdə isə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılaraq məhkəmə tərəfindən hökm oxunur. Ümumiyyətlə, həm yeniyetmələrin, həm də gənclərin narkotik vasitələrə aludəçiliyinin qarşısını almaq ilk növbədə valideynin borcudur, əgər onlar üzərində ciddi nəzarət olarsa, yuxarıda sadalanan halların heç biri baş verməz. Uşaq ailənin güzgüsüdür və onu yetişdirib cəmiyyətə tam sağlam verməkdən ötrü valideyn ciddi səylər göstərməli və uşağına qarşı laqeyd yanaşmamalıdır, axı uşaqlar bizim gələcəyimiz və ölkəmizin təmsilçisi olan vətəndaşlardır.”

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir