Son aylarda moda dünyasında diqqət çəkən dəyişikliklərdən biri də manikür trendlərində müşahidə olunur. Əgər əvvəllər sosial şəbəkələrdə, qırmızı xalılarda və moda tədbirlərində daşlarla bəzədilmiş, uzun, parlaq və fərqli formalı dırnaqlar üstünlük təşkil edirdisə, indi vəziyyət tamamilə dəyişib. Dünyaca məşhur aktrisalar, modellər və influenserlər getdikcə daha sadə görünüşə üstünlük verir. Bu yeni yanaşma “Bare Nails” adlanır. Termin hərfi mənada “çılpaq dırnaqlar” deməkdir və ojesiz, qısa, sağlam görünən, maksimum təbii dırnaqları ifadə edir.
İlk baxışdan bu trend adi görünə bilər. Axı təbii dırnaq yeni bir anlayış deyil. Ancaq bu dəfə məsələ sadəcə kosmetik seçimdən ibarət deyil. “Bare Nails” gözəllik, status və dəb anlayışının necə dəyişdiyini göstərən sosial tendensiyaya çevrilib.
Uzun illər ərzində mükəmməl manikür, gel və ya protez dırnaqlar, mürəkkəb dizaynlar və bahalı salon xidmətləri yüksək həyat tərzinin simvolu hesab edilirdi. Xüsusilə də məşhurların və imkanlı insanların istifadə etdiyi bu xidmətlər müəyyən mənada sosial status göstəricisi kimi qəbul olunurdu. Lakin son illərdə texnologiyanın inkişafı, daha münasib qiymətə xidmət göstərən salonların çoxalması və ev şəraitində istifadə edilə bilən məhsulların bazara çıxması nəticəsində bu görünüş artıq yalnız varlı təbəqəyə aid deyil. Demək olar ki, istənilən insan istədiyi dırnaq dizaynını münasib qiymətə əldə edə bilir.
Məhz bu səbəbdən dəbdə maraqlı bir dönüş baş verib. Əvvəllər əlçatmaz sayılan xidmətlər gündəlik hala çevrildikcə, diqqət yenidən sadəliyə yönəlib. Bu gün dəbdə olan artıq parıltı deyil, baxımlı, sağlam və təbii görünən dırnaqlardır. Başqa sözlə, insanların asanlıqla əldə edə bildiyi dəbdən çıxır, daha nadir və fərqli görünən seçim isə yenidən lüks hesab edilir.
Bu yanaşma son illərdə geniş yayılan “Old Money” estetikası ilə də üst-üstə düşür. Bu həyat tərzinin əsas fəlsəfəsi zənginliyi nümayiş etdirmədən yaşamaqdır. Burada məqsəd bahalı görünmək deyil, təbii şəkildə zövqlü görünməkdir. Loqoların, parlaq aksesuarların və nümayişkaranə dəbin əvəzinə keyfiyyətli parçalar, minimalist geyimlər, təbii makiyaj və baxımlı görünüş ön plana çıxır. “Bare Nails” də məhz bu estetikanın bir hissəsi kimi qiymətləndirilir. Belə görünür ki, insan sanki heç bir xüsusi səy göstərmədən baxımlıdır. Halbuki bu sadə görünüşün arxasında sağlam həyat tərzi, keyfiyyətli qulluq məhsulları və müəyyən maddi imkanlar dayanır.

Bununla yanaşı, bu trend hamı tərəfindən eyni müsbət qarşılanmır. Moda tənqidçiləri və sosial media istifadəçilərinin bir hissəsi hesab edir ki, “Bare Nails”in lüks kimi təqdim olunması müəyyən sosial və sinfi ziddiyyətlər yaradır. Çünki uzun illər maddi imkanı olmadığı üçün dırnaqlarını təbii saxlayan insanlar “özünə baxmayan”, “səliqəsiz” və ya “baxımsız” kimi qiymətləndirilirdi. İndi isə eyni görünüş məşhur və imkanlı insanlar tərəfindən seçildikdə “zəriflik”, “minimalizm” və “elit üslub” kimi təqdim olunur. Bu yanaşma bir çoxlarına görə cəmiyyətdə mövcud olan ikili standartların növbəti nümunəsidir.
Müzakirələrin digər tərəfi isə mədəni müxtəlifliklə bağlıdır. Rəngarəng dırnaq dizaynları, fərqli naxışlar və “nail art” mədəniyyəti illər boyu müxtəlif xalqların, xüsusilə afroamerikalı, latın amerikalı və Asiya icmalarının özünüifadə vasitəsi olub. Bu gün isə həmin rəngarəng estetikanın kölgədə qalaraq “ən ideal gözəllik” nümunəsi kimi sadəcə minimalist və təbii görünüşün təqdim edilməsi bəzi ekspertlər tərəfindən problemli yanaşma hesab edilir. Onların fikrincə, gözəllik anlayışı yalnız bir estetik model üzərində qurulmamalı, müxtəlif mədəniyyətlərin yaratdığı üslublara da eyni dərəcədə dəyər verilməlidir.
Digər tərəfdən, bu tendensiyanın sağlamlıq baxımından da müsbət tərəfləri qeyd olunur. Gel və akril dırnaqlardan uzun müddət istifadə edən insanların bir qismində dırnaq lövhəsinin zəifləməsi, qırılması və hətta allergik reaksiyalar müşahidə oluna bilir. Təbii dırnaqlara qayıdış isə dırnaqların bərpasına imkan verir və bir çox dermatoloq tərəfindən dəstəklənən yanaşmalardan biri hesab olunur.
Nəticə etibarilə, “Bare Nails” sadəcə yeni manikür dəbi deyil. O, müasir cəmiyyətdə lüks anlayışının necə dəyişdiyini, gözəllik standartlarının hansı istiqamətdə formalaşdığını və bu standartların sosial bərabərlik, mədəni müxtəliflik və status anlayışı ilə necə əlaqələndirildiyini göstərən maraqlı nümunələrdən biridir. Bəzən ilk baxışda sadəcə təbii görünən bir seçim əslində cəmiyyətin gözəllik, imkan və nüfuz haqqında formalaşdırdığı təsəvvürləri əks etdirən daha böyük bir hekayənin parçasına çevrilə bilir.
Məsudə Sultan












































































































































































