aile

Dünyada kişilərə qarşı aqressiya artır – Azərbaycanda vəziyyət necədir?

Baxış sayı: 668

Bir müddətdir cəmiyyətimizdə qadına şiddət məsələsi, bu mövzu ətrafında müzakirələr xeyli aktivləşib. Mətbuatda, mediada məişət zəminində qətlə yetirilən, döyülən, fiziki zorakılığa məruz qalan qadınlar haqda tez-tez informasiyalara rast gəlirik.

Ümumiyyətlə, qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir. Bu faktor daha çox bölgələrdə özünü göstərir. Qadınlar təkcə ərləri tərəfindən deyil, həm də digər ailə üzvləri tərəfindən də, o cümlədən qardaş, qayınana və qayınata, baldız tərəfindən də zorakılığa məruz qalır. Bu zorakılıq təkcə fiziki deyil, həm də iqtisadi, psixoloji zorakılıq qismində olur.

Lakin bu bir faktdır ki, son vaxtlarda çox az təsadüf edilsə də kişilərə qarşı da zorakılıq faktlarına rast gəlinir. Statistikaya görə, ölkədə il ərzində məişət zorakılığına məruz qalanların təxminən 80 faizi qadınlar, 20 faizi kişilərdir. Kişilərin məruz qaldığı 20 faiz məişət zorakılığı hadisələrinin 16 faizi öz həmcinsləri, yalnız  4 faizi qadınlar tərəfindən törədilib.

Həm statistika, həm də müşahidələr onu deyir ki, ölkəmizdə fiziki zorakılığı əsasən kişilər törədir. Qadınlar tərəfindən törədilən fiziki zorakılıq faktları olsa da, bu çox az qisim təşkil edir. Araşdıranda məlum olur ki, daha çox qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalır. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. Gənc ailələrdə qadınlar daha çox məişət zəminində özlərini müdafiə etmək üçün, bəzən isə qısqanclıq ucbatından qarşı cinsə zorakılıq nümayiş etdirir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalır.

Amma ümumilikdə götürəndə dünyada kişilərə qarşı aqressiyanın artdığı müşahidə olunur. BMT-nin son illər apardığı araşdırmalara görə,  ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayı artmağa başlayıb. Beləliklə, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

70-ci illərdən başlayaraq ABŞ-da tədqiqatçılar “döyülən kişi sindromu” ifadəsindən istifadə edirlər. Ailə psixoloqu Martin Steynments evli qadınlara nisbətən qeyri-rəsmi nikahda yaşayan qadınların öz partnyorlarını daha sıx öldürdüyünü müəyyən edib. Qadınların zorakılığında əsas motivasiya – emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq çıxış edir. Zəif cins nümayəndələri cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib.  Həmçinin 68 faiz qadın və 53 faiz kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini bildirib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “Zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Bəziləri iddia edir ki, kişilərə qarşı aqressiya tendensiyası son illər Avropadan ölkəmizə də “ixrac” olunur.  Məqsəd kişilərə nifrət aşılamaq, onların cəmiyyətdə, ailədə rollarının azaldılmasına çalışmaq, kişi, ər, ata obrazını, kultunu gözdən salmağa çalışmaqdır.

Psixoloq Elnur Rüstəmov - YouTube

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov aşağıdakıları dedi:

“Bildiyiniz kimi, zorakılıq deyiləndə ilk düşünülən fiziki və seksual zorakılıqdır. Mediada və sosial şəbəkələrdə də əsasən bu cür zorakılıqlarla bağlı informasiyalar işıqlandırılır. Lakin psixoloji,  iqtisadi, hüquqi zorakılıqlar da var. Bu məsələlər isə çox az işıqlandırılır  və bunun üçün hansısa konkret bir nəticə olmalıdır.  Fiziki zorakılıq elədir ki, şiddəti çəkib göstərmək olur. Həmçinin seksual zorakılığı da bu cür işıqlandırmaq olur. Lakin psixoloji zorakılığı hansı formada göstərmək mümkündür? Həm fiziki, həm də digər zorakılıq prosesində biz psixoloji faktorları görürük. Araşdıranda məlum olur ki, ailədaxili konflikt var, bu isə gətirib fiziki zorakılığa çıxarır. Və yaxud digər zorakılıqla da bağlı görürük ki, səbəb hansısa psixoloji travmadan yaranıb. Tutaq ki, uşaq vaxtı travma alıb, çətin şəraitdə böyüyüb və yaxud özünün hansısa  psixoloji pozuntusu var deyə baş verir. Biz daha çox həmin psixoloji faktorlara köklənməyik.

Bəli, son vaxtlar görürük ki, cinslər arasında aqressiya,  anlaşılmamazlıq, bunu alovlandıran qüvvələr artıb. Biz qəbul etməliyik ki,  bu gün Azərbaycan ailəsində ənənə ilə müasirlik arasında savaş gedir. Bu savaşda ailələr itirir. Müşahidə edirik ki, nəticədə boşanmaların sayı artır və sairə.

Zorakılıq təkcə qadına qarşı olmur, psixoloji səbəblərdən kişilərə qarşı da baş verə bilir. Sadəcə, bizi o cür böyüdüblər ki, kişi həmişə güclü olmalıdır, hər bir problemin öhdəsindən gəlməlidir. Ən azından boşanma ilə bağlı faktları araşdırıb, baxsanız görəcəksiniz ki, ən çox boşanmaya müraciət edən qadındır. Çox az hallarda  kişilər boşanma üçün məhkəməyə müraciət edir.

Hesab edirəm ki,  ailələrdə maarifləndirmə işi aparılmalıdır. Bu məsələ hələ orta məktəblərdə aşılanmalıdır”.

Psixoloq qadınların geyim məsələsinin müzakirəsindən də söz açdı:

“Heç kim kimisə geyiminə görə dəyərləndirib, onu tənqid edə bilməz. Bu məsələni hüquq tənzimləyir. Ümumiyyətlə, geyim əxlaq göstəricisi deyil”.

Elnur Rüstəmov da qeyd edir ki, xarici ölkələrdə kişilərin sığınacağı olsa da hələlik ölkəmizdə belə bir təşkilat yoxdur:

“Təsəvvür edin, bizim cəmiyyətdə belə bir qurum yaransa, sizcə, kişilər müraciət edərmi? Bu məsələ sual altındadır. Lap kişilər müraciət etsə belə, cəmiyyət buna necə baxacaq, bu da sual altındadır. Ona görə də düşünürəm ki, daha çox maarifləndirmə, gender bərabərliyi istiqamətində işlər aparmaq lazımdır. Çünki bu istiqamətdə iş daha çox feminizm istiqamətində gedir. Əlbəttə ki, burada söhbət gender, cinslərin bərabərliyindən gedir. Feminizm və yaxud  patriaxal düşüncə nəticədə aqressiyanı daha da alovlandırır”.

Elnur Rüstəmov qeyd edib ki, son vaxtlar Avropadan gələn tendensiya sayəsində cəmiyyətdə kişilərə qarşı aqressiya, onların ailədə rollarının azaldılması uğrunda mübarizə artmaqdadır:

“Bu proses var və davam edir. İlk növbədə milli dəyərlərimizə qarşı çox böyük bir təzyiq mövcuddur. Bunun düşünən, bu istiqamətdə iş aparan insanlar bilirlər ki, bir cəmiyyətdə qarışıqlıq yaratmaq üçün ailədaxili konflikt yaratmaq, dəyərləri sıradan çıxarmaq lazımdır. Bu gün dəyərlərimizə qarşı çox böyük bir təzyiq var. Əgər biz özümüz buna qarşı iş aparmaq istəyiriksə, ilk növbədə dəyərləri  möhkəmləndirməliyik. Dəyərlərimizdən imtina edə bilmərik, müasirlik dəyər üzərindən olmalıdır. Azərbaycanda elə yanaşmalar var ki, keçərlidir, amma onlar Avropada qəbul olunmur. O demək deyil ki, Avropa dəyərlərini birbaşa ölkəmizə gətirməliyik. Bəli, Avropanın idarəetmə, iqtisadi – sosial sistemini gətirmək olar, ancaq bunları Azərbaycan dəyərinə uyğunlaşdırmaq, milli-mentalitet etno faktorlar nəzərə alınmalıdır. Söhbət burada insanlardan, insanların yaşam tərzindən gedir”.

Elnur Rüstəmov onu da qeyd etdi ki, Azərbaycanda müxtəlif sektorlarda çalışan qadınların sayı artmaqdadır:

“Bu gün dövlət və qeyri-hökumət təşkilatlarında, o cümlədən digər sahələrdə işləyən, çalışan qadınlarımız var və günü-gündən onların sayı artır. Hesab edirəm ki, hətta gələcəkdə çalışan qadınların sayı kişilərə nisbətən daha çox olacaq.  Əlbəttə ki, müəyyən sahələrdə say müxtəlif ola bilər. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri Komitəsində çalışanların əksəriyyəti qadınlardırsa, DİN-də də çalışanların əksəriyyəti kişilərdir. Yəni burada müəyyən fərqliliklər var. Amma ümumilikdə işləyən qadınlarımızın sayı çoxdur. Sadəcə, əgər ailədə iki şəxs işləyərsə, məişət məsələlərində bir-birilərinə güzəştə getməlidirlər”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir