Nermine Abbasova

Evdə dərman qutusu necə hazırlanmalıdır? - Həkimdən vacib tövsiyələr

Baxış sayı: 517

Evdə müəyyən dərman və tibbi ləvazimatların olması qəfil yaranan xırda sağlamlıq problemləri zamanı insana kömək edə bilər. Lakin bu, evdə çoxlu sayda dərman toplamaq və hər hansı narahatlıq zamanı onları özbaşına qəbul etmək demək deyil.

Terapevt, ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, evdə saxlanılan dərmanlar düzgün seçilməli, onların istifadə müddəti mütəmadi yoxlanılmalı və preparatlar uşaqların əli çatmayan yerdə qorunmalıdır.

“Evdə ilkin tibbi yardım üçün müəyyən vasitələrin olması faydalıdır. Məsələn, sarğı materialları, yara və kiçik xəsarətlər zamanı istifadə olunan vasitələr, termometr və həkim tərəfindən daha əvvəl təyin edilmiş, mütəmadi qəbul olunan dərmanlar evdə ola bilər. Amma dərman qutusunu aptekə çevirmək düzgün yanaşma deyil”, – deyə mütəxəssis bildirir.

 

Hər dərmanı əvvəlcədən alıb saxlamaq doğrudurmu?

Bəzi insanlar “birdən lazım olar” düşüncəsi ilə müxtəlif antibiotiklər, ağrıkəsicilər, hormonal preparatlar və digər dərmanları evdə uzun müddət saxlayırlar. Lakin bu yanaşma heç də təhlükəsiz deyil.

Dərmanın lazım olub-olmadığını yalnız xəstəliyin əlamətlərinə əsasən müəyyən etmək mümkün deyil. Eyni simptom müxtəlif xəstəliklərin göstəricisi ola bilər. Buna görə də bir insan üçün uyğun olan preparat başqa şəxsdə eyni nəticəni verməyə bilər.

Xüsusilə reseptlə istifadə olunan dərmanların başqasının məsləhəti ilə qəbul edilməsi arzuolunmazdır. “Mən istifadə etdim, yaxşı oldum” yanaşması tibbi müalicə prinsipi hesab edilə bilməz.

derman

Evdə hansı vasitələrin olması faydalıdır?

İlkin tibbi yardım üçün evdə aşağıdakı vasitələrin olması məqsədəuyğundur:

elektron və ya digər etibarlı termometr;

steril sarğı və tənzif;

plastır;

antiseptik vasitələr;

kiçik xəsarətlər üçün uyğun yara sarğıları;

soyuq kompres üçün vasitə;

həkim məsləhəti ilə istifadə olunan ağrıkəsici və ya hərarətsalıcı preparat;

allergiya zamanı əvvəldən həkim tərəfindən uyğunluğu müəyyən edilmiş antihistamin preparat;

ailə üzvlərinin mütəmadi qəbul etdiyi və həkim tərəfindən təyin olunmuş dərmanlar.

Burada əsas məsələ dərmanların çoxluğu deyil, düzgün seçilməsidir.

 

Antibiotikləri evdə “ehtiyat üçün” saxlamaq olarmı?

Həkim deyir ki, antibiotiklər xüsusilə diqqətli yanaşılmalı preparatlardandır: “Onların hər temperatur, boğaz ağrısı, öskürək və ya halsızlıq zamanı qəbul edilməsi düzgün deyil. Çünki bütün infeksiyalar antibiotiklə müalicə olunmur. Lazımsız antibiotik istifadəsi həm yan təsirlərə səbəb ola, həm də gələcəkdə antibiotiklərə qarşı davamlılıq problemini artıra bilər. Buna görə antibiotik yalnız həkim tərəfindən qiymətləndirmə aparıldıqdan və ehtiyac müəyyən edildikdən sonra istifadə edilməlidir.”

 

Ağrıkəsici də nəzarətsiz qəbul edilməməlidir

Terapevt qeyd edir ki, ağrıkəsicilər evdə ən çox saxlanılan preparatlar arasındadır. Lakin onların da tamamilə zərərsiz olduğunu düşünmək doğru deyil: “Dərmanın dozası, qəbul tezliyi, digər preparatlarla qarşılıqlı təsiri və insanın mövcud sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Xüsusilə xroniki xəstəlikləri olan, mütəmadi dərman qəbul edən və ya bir neçə preparatdan istifadə edən şəxslər ağrıkəsici seçərkən həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.”

derman

Dərman qutusunu vaxtaşırı yoxlamaq lazımdır

Evdə dərman saxlamaq qədər onların düzgün qorunması da vacibdir. Dərmanların istifadə müddəti mütəmadi yoxlanılmalı, qablaşdırması olmayan və hansı preparat olduğu dəqiq bilinməyən dərmanlar saxlanılmamalıdır.

Həmçinin dərmanları günəş işığından, yüksək temperaturdan və nəmdən qorumaq lazımdır. Bir çox preparatın saxlanma şəraiti onun qablaşdırmasında göstərilir.

Dərman qutusu uşaqların asanlıqla çata biləcəyi yerdə olmamalıdır. Bu xüsusilə vacibdir, çünki uşağın dərmanı təsadüfən qəbul etməsi ciddi zəhərlənməyə səbəb ola bilər.

 

Ən vacib dərman isə düzgün yanaşmadır

Evdə ilkin yardım üçün müəyyən tibbi vasitələrin olması faydalıdır. Lakin hər hansı simptom yaranan kimi dərman qəbul etmək əvəzinə əvvəlcə problemin səbəbini müəyyənləşdirmək lazımdır.

Bəzən sadə görünən bir əlamət daha ciddi problemin göstəricisi ola bilər. Digər tərəfdən, lazımsız dərman qəbulu xəstəliyin əlamətlərini dəyişdirərək sonrakı müayinənin nəticələrinə də təsir göstərə bilər.

Terapevt, ailə həkimi Nərminə Abbasova qeyd edir ki, dərman yalnız ehtiyac olduqda və düzgün qaydada istifadə edildikdə fayda verir. Buna görə evdə çoxlu sayda preparat toplamaq əvəzinə, əsas ilkin yardım vasitələrini saxlamaq, mütəmadi istifadə olunan dərmanları isə həkimin göstərişinə uyğun qəbul etmək daha təhlükəsiz yanaşmadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir