Aysel Resulzade 1

“Green Start Academy”nin rəhbəri: “Müəllim uşağın ikinci valideyni hesab olunur”

Baxış sayı: 787

Bütün xalqların, cəmiyyətlərin öz dəyər meyarlarına görə problem və qayğıları da fərqli olur. Amma deyə bilərik ki, dünyanın bütün insanlarının ortaq cəhəti anlaşılmaq istəyi və sevgidir.

Bu baxımdan, bir cəmiyyətdə ailə-məişət məsələləri, valideyn-övlad münasibətləri ilə bağlı nə qədər çox maarifləndirici təşkilatlar fəaliyyət göstərərsə, tədbirlər keçirilərsə, cəmiyyətin fərdlərinin düzgün yetişməsi üçün bir o qədər zəmin yaranmış olar.

Bu istiqamətdə ölkəmizdə də mütəmadi şəkildə bir çox tədbirlər keçirilir, dövlət tərəfindən ayrı-ayrı qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi ayrılır. Qalan məsələlərdə isə, lazımdır ki, vətəndaş olaraq xalqa xidmət etməyin, yaşadığımız cəmiyyəti yaxşılaşdırmağın yollarını fərd olaraq biz özümüz də axtaraq.

Müsahibimiz Aysel Rəsulzadə də həmin insanlardandır ki, öz təşəbbüsü ilə “Green Start Academy” adlı təşkilat yaradıb və xüsusilə bu çətin pandemiya günlərində cəmiyyətdə ailə münasibətlərinin yaxşılaşdırılması, sağlam cəmiyyətin qurulması istiqamətində əlindən gələni etməyə çalışıb.

 

– Aysel xanım, necə oldu ki, bu təşkilatı qurdunuz? “Green Start Academy”nin əsas fəaliyyət istiqaməti nədir?

– “Green Start Academy” olaraq biz, artıq 3 ilə yaxındır ki,  fəaliyyət göstəririk. Hədəfimiz milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu, müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır.  Bizim təşkilatın əsas devizi də budur. İstiqamətimiz isə, əsasən valideynlərin, müəllimlərin, eyni zamanda, uşaqların təhsil, tərbiyə və psixoloji baxımdan maarifləndirilməsində iştirak etməkdir.

 

– Hazırda sizin təşkilatın audioriyasını daha çox kimlər təşkil edir: valideynlər, yoxsa müəllimlər?

– Həm valideynlər, həm müəllimlər, həm də şagirdlər. Fəaliyyətə başladığımız vaxtdan bizim auditoriyamızı valideynlər, müəllimlər, şagirdlər, təhsil işçiləri təşkil edib. Fəaliyyətimizin istiqaməti də elə bunun əsasında formalaşıb. Əvvəlcə təhsil işçilərinin maarifləndirilməsi məqsədilə yerli və beynəlxalq təlim və konfranslar təşkil edirik. Uşaqların və valideynlərin birgə və səmərəli istirahətinin təşkili, uşaq-valideyn münasibətlərinin düzgün qurulması məqsədilə valideynlərə yardım etmək üçün “Valideyn-məktəb” adlı layihə hazırlamışıq. Artıq bir ildir, bununla bağlı təlimlər, vebinarlar təşkil olunur. Vebinar ona görə deyirəm ki, pandemiyaya görə mart ayından bu günə qədər hər həftə müxtəlif mövzularda, xüsusilə valideyn-övlad münasibətləri ilə bağlı ən xırda detalların da nəzərə alındığı məsələləri əhatə edən vebinarlar təşkil etməkdəyik. Biz vebinarlara psixoloqlar, pedaqoqlar, həkimlər cəlb edirik və onlar müəllimlərə, valideynlərə müxtəlif aktual mövzularda təlimlər keçirlər.

 

– Bəs uşaqlarla bağlı təlimlərinizin istiqaməti nədir? Onlara ən çox hansı formada, hansı məsələlərdə dəstək olursunuz?

– Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlər, təlimlər təşkil edirik. Burada, eyni zamanda valideynlər, müəllimlər də iştirak edirlər ki, onların fikirləri ilə uşaqların fikirləri qarşılaşdırılır, müzakirə olunur. Daha sonra, psixoloqlar, pedaqoqlar fikirlərini bildirir və ümumi nəticəyə gəlinərək bu barədə tövsiyələr verilir.

Aysel Resulzade

 

– Fəaliyyət istiqamətinizin daha çox valideyn və müəllimlərə yönəldilməsi nə ilə bağlıdır?

– Ona görə ki, övladın düzgün təhsil və tərbiyə almasında ilk öncə valideyn, ikinci növbədə isə məktəb mühüm rol oynayır. Müəllim bir növ uşağın ikinci valideyni hesab olunur. Ona görə də biz onların maarifləndirilməsinə xidmət edirik ki, onlar da cəmiyyətimiz üçün düzgün şəxsiyyət formalaşdıra bilsinlər. Həm cəmiyyətə, həm ailəyə faydalı insan yetişdirmək üçün ilk növbədə valideynlərin və müəllimlərin maariflənmələrinə ehtiyac var.

 

– Bu gün  – informasiya texnologiyalarının belə yüksək səviyyədə iştirak etdiyi bir dövrdə düzgün insan yetişdirmək, onun şəxsiyyətinin formalaşmasına kömək etmək ən çox kimdən və nədən asılıdır?

– Hər zaman qeyd edirəm ki, bir övladın düzgün təhsil, tərbiyə almasında valideynlər nə qədər çalışsalar da, onlarla düzgün münasibət qursalar da, onların düzgün tərbiyəsini təşkil etsələr də, ətraf mühit, xüsusilə məktəbdəki mühit düzgün yöndə fəaliyyət göstərmirsə, o zaman ortaya müsbət nəticə çıxmaz. Yəni o dediyimiz şəxsiyyəti formalaşdıra bilmərik. Buna görə də, mütləq ailənin, müəllimlərin və ətraf mühitin üçünün birgə fəaliyyəti olmalıdır. Və bunlar əl-ələ verərək, birlik nümayiş etdirərək fəaliyyət göstərsələr, istədiyimiz əsl insan modelinə nail ola bilərik.

 

– Dediyiniz düzgün, cəmiyyətə faydalı, milli-mənəvi dəyərlərə sadiq bir fərdin yetişməsi üçün böyüklərdən başlıca nə tələb olunur? Siz, bir təşkilat olaraq bu baxımdan uşaqlarla bağlı hansı addımları atılmasını doğru hesab edirsiz?

– Biz uşaqların dünyagörüşünün formalaşması üçün onları əsasən qiraətə həvəsləndiririk. Bunun üçün mütaliə günləri təşkil edirik. Pandemiya dövründə də, hazırda da bu işlə məşğuluq. Mütaliə günlərində hər həftə uşaqların bir yazıçı ilə görüşü təşkil edilir, oxumaları üçün əsərlər tövsiyə olunur. Növbəti həftələrdə isə oxunan əsərlər müzakirə olunur, uşaqlar öz fikirlərini bildirirlər. Qarşılıqlı müzakirələr şəklində həm uşaq öz fikirlərini sərbəst şəkildə ifadə edə bilir, həm də oxuduqları kitabların köməyi ilə artıq onların nitqləri inkişaf edir, söz bazaları zənginləşir. Bununla yanaşı, hər dəfə bir yazıçını görmək onlarda kitab oxumağa, mütaliəyə, yazmağa xüsusi həvəs formalaşdırır. Bundan başqa, mütaliə günlərində biz uşaqları psixoloqlarla və pedaqoqlarla görüşdürürük, onlarla maraqlı oyunlar keçiririk. Nağıl, oyun terapiyası təşkil edirik ki, bunlar da uşaqlar tərəfindən hədsiz sevinclə qarşılanır. Çünki uşaqlar üçün ən vacib şey onunla zaman keçirmək və oyun oynamaqdır.

 

– Bu işdə sizə dəstək vermək, sizinlə çiyin-çiyinə çalışmaq istəyən insanlar olurmu?

– Əlbəttə, olur. Savadlı ana sağlam cəmiyyətin göstəricisidir. Biz də bu şüarı əsas götürərək qadınların, anaların sosial həyatda fəallığının artırılması ilə bağlı təlimlər təşkil edirik. Anaların təkcə təhsil baxımından yox, həm də tibbi biliklərinin artırılması ilə bağlı təlimlər, vebinarlar təşkil olunur. Bu işdə bizə həkimlərimiz yardım göstərirlər. Müəyyən həkim komandamız var ki, onlar bu mövzuda anaların yardımına çatır. Biz ən xırda detallara vararaq, müxtəlif mövzularda –  uşağın doğulmasından, ananın hamiləliyindən, ana südünün faydalarından tutmuş, ta yeniyetməlik dövrünə qədər – bütün inkişaf mərhələləri ilə bağlı müxtəlif mövzularda vebinarlar təşkil edirik. Bir sözlə, biz işimizi cəmiyyətin əsas təhsil və tərbiyəedici qüvvəsi olan valideyn və müəllimlərin üzərində qurmuşuq. Bütün bunlarla bağlı hər bir problemə, yanaşmaya açığıq, bununla bağlı bizim müəyyən valideyn və müəllim auditoriyamız var ki, biz hər zaman onların fikirlərini dinləyirik. Hətta işləmək istəyən, özünü inkişaf etdirmək istəyən valideyn və müəllimlər üçün müəyyən şöbə də var. Onlar bizim layihələrin rəhbəri olaraq fəaliyyət göstərir, öz işlərini qururlar. Beləcə, onlar həm də öz layihələrinin rəhbəri olaraq öz ideyalarını gerçəkləşdirib, öz auditoriyalarını yığır və cəmiyyətin maarifləndirilməsində iştirak edirlər.

 

– Aysel xanım, artıq bir ildən çoxdur ki, uşaq, valideyn, müəllim münasibətlərinin düzgün qurulması istiqamətində fəaliyyət göstərirsiniz. Bu vaxt ərzində yəqin ki, artıq sizdə kifayət qədər fikir formalaşmış olar ki, gənc nəslin milli mənlik şüurunun püxtələşməsi, onların bu fikirdə, bu təfəkkürdə yetişməsi üçün nə etmək, onlarla hansı istiqamətlərdə iş aparmaq lazımdır?

– Gənc nəsildə milli mənlik şüurunun formalaşmasının kökündə ailədəki düzgün tərbiyə dayanır. Ata və ananın bir-biri ilə düzgün münasibəti, bir-birinə olan sevgisi, hörməti birbaşa övlada da sirayət edir, övlad da bundan nümunə götürərək özünün cəmiyyətdəki yerini formalaşdırır. Ailədə tərbiyə sistemi elə qurulmalıdır ki, burada milli-mənəvi dəyərlərimizə hörmət olunmaqla, müasir dövrün sağlam vətəndaşının yetişməsi üçün mühit olsun. Sağlam vətəndaşın yetişməsi sağlam cəmiyyətin qurulması deməkdir. Biz bu gün nə qədər müasirliyə can atsaq da, müasirliyimizin kökündə də yenə milli-mənəvi dəyərlərimizə, mentalitetimizə hörmət durmalıdır. Bunu isə ailədə valideyn formalaşdırmalı, övladlarına aşılamalıdır. Təməl bu cür qurularsa, ailə və cəmiyyət üçün sağlam şəxsiyyətlər yetişdirə bilərik. Nəticədə də cəmiyyətimiz sağlam olar.

Green Start Academy

– Yəni milli-mənəvi dəyərlər, öz kimliyini tanımaq, mənsubiyyətini bilmək üçün əsas iş valideynlərin üstünə düşür? Bəs məktəbin, cəmiyyətin rolu?

– Təbii ki, burda hər şeyi valideynlərin üstünə yıxmaq da düzgün deyil. Biz valideynlərlə işlədiyimiz üçün görürük ki, bir çoxlarının hər baxımdan maariflənmələrinə ciddi şəkildə ehtiyac var. Valideynin maariflənməsində isə televiziya kanalları, sosial şəbəkələr, ətraf mühit mühüm rol oynayır. Bu gün bütün bunlar valideynlərin maariflənməsinə kifayət qədər xidmət göstərə bilmir. Valideynlər düzgün yöndə maariflənə bilmədikləri üçün bu, birbaşa onların övladlarına da sirayət edir. Buna görə də, valideyn-övlad münasibətlərində çox problemlər ortaya çıxır.

Son olaraq onu demək istəyirəm ki, valideynləri hər məsələdə qınamaq olmaz. İnanın ki, onlara nəyi göstərirsənsə, onu da qəbul edirlər. Bu gün cəmiyyət bir başqa yöndə inkişaf edir, yaxşı olmayan üzünü göstərir. Buna görə valideynlər qərarsız qalıblar. Onların düzgün yol göstərənə, problemlərini paylaşacaq insanlara ehtiyacı var. Biz də bu məqsədlə təşkilatlanmışıq. Ola bilər ki, biz bütün cəmiyyətimizi işıqlandıra bilmərik, amma ən azından, öz ətrafımız üçün bunu bacarsaq, bu, özü böyük irəliləyiş, inkişaf olar.

 

Natəvan ABDULLA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir