MEDE

Həzm sistemi: Kiçik narahatlıqla başlayan böyük problemlər

Baxış sayı: 475

Həzm sistemi orqanizmin enerji təminatı və ümumi sağlamlığı üçün həyati funksiyalar yerinə yetirir. Qidaların qəbulundan başlayaraq onların parçalanması, faydalı maddələrin sorulması və zərərli tullantıların xaric edilməsi kimi kompleks proseslər bu sistemin işinə bağlıdır. Lakin bir çox insan bu sistemi yalnız ciddi problemlər ortaya çıxdıqda xatırlayır.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, mədə-bağırsaq sistemindəki pozğunluqlar bəzən sadə narahatlıqla başlayır, amma vaxtında müdaxilə olunmadıqda daha ciddi xəstəliklərə çevrilə bilər:

“İnsanlar tez-tez mədə yanması, köp, qəbizlik və ya ishal kimi şikayətləri ciddiyə almır. Lakin bu simptomlar mədə qapağının zəifləməsi, qastrit, bağırsaq florasının pozulması və hətta mədə xorası kimi diaqnozların xəbərçisi ola bilər.”

Nermine  Abbasova

Həkim bildirir ki, qidalanma vərdişləri və həyat tərzi bu sistemə birbaşa təsir göstərir:

“Çox sürətli yemək yemək, lifsiz qidalanma, qeyri-müntəzəm rejim, qazlı içkilər və konservləşdirilmiş məhsullar bağırsaq fəaliyyətini ləngidir. Həmçinin stressin də bu sistemə təsiri böyükdür — mədə-bağırsaq traktı insanın emosional vəziyyətinə çox həssasdır. Gərginlik bağırsaq hərəkətlərini poza, hətta spazmlara səbəb ola bilər.”

Nərminə Abbasovanın sözlərinə görə, həzm sistemini qorumaq üçün gündəlik bəzi sadə qaydalara əməl etmək kifayətdir:

“Bol su içmək, liflə zəngin meyvə-tərəvəzlər, süd məhsulları və probiotiklər bağırsaq mikroflorasını dəstəkləyir. Gündəlik fiziki aktivlik isə həm həzmi sürətləndirir, həm də bağırsaqların hərəkətliliyini artırır. Əgər qəbizlik və ya davamlı köp kimi simptomlar varsa, bu artıq siqnaldır və həkimə müraciət olunmalıdır.”

Həkim əlavə edir ki, bəzi hallarda fizioterapiya və qarın masajı kimi üsullar da həzm sisteminin stimullaşdırılmasında istifadə oluna bilər:

“Fizioterapevtik müdaxilələr, xüsusilə qarın əzələlərinin passiv hərəkəti, müəyyən elektrik stimulyasiyaları və termoterapiya bağırsaq hərəkətlərini normallaşdıra bilər. Amma bu, yalnız diaqnoz qoyulduqdan sonra tətbiq olunmalıdır.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir