Arterial hipertenziya (yüksək qan təzyiqi) dünyada ən geniş yayılmış ürək-damar xəstəliklərindən biridir. Bu xəstəlik zamanı arterial təzyiq normadan yüksək olur və uzun müddət nəzarətsiz qaldıqda ürək, beyin, böyrəklər və digər həyati vacib orqanlarda ciddi fəsadlara səbəb ola bilir. Məhz buna görə arterial hipertenziya tibbdə çox vaxt “səssiz təhlükə” adlandırılır.
Arterial hipertenziya nədir?
Bununla bağlı terapevt, ailə həkimi Nərminə Abbasova danışır.
Nərminə xanım öncə bunu qeyd etdi ki, arterial təzyiq qanın damar divarlarına göstərdiyi təzyiqdir:
“Sağlam yetkin insanlarda arterial təzyiq adətən 120/80 mm civə sütunu ətrafında olur. Təzyiq göstəricilərinin davamlı olaraq 140/90 mm civə sütunu və ya daha yüksək olması arterial hipertenziya hesab edilir. Qeyd edim ki, xəstəlik hər yaşda rast gəlinə bilər. Lakin yaş artdıqca onun inkişaf riski də yüksəlir”.

Həkim risk faktorlarına da diqqət çəkdi. Bildirdi ki, arterial hipertenziyanın yaranmasına təsir edən əsas risk amilləri irsi meyillilik; artıq çəki və piylənmə; fiziki aktivliyin azlığı; həddindən artıq duz qəbulu; siqaret çəkmə; alkoqollu içkilərdən sui-istifadə; xroniki stress; şəkərli diabet; qanda xolesterinin yüksək olmasıdır.
Ailə həkiminin sözlərinə görə, bu amillərin bir neçəsinin eyni şəxsdə olması xəstəliyin inkişaf ehtimalını daha da artırır.
Əlamətlərinə gəlincə, həkim deyir ki, arterial hipertenziyanın ən təhlükəli cəhətlərindən biri onun uzun müddət heç bir əlamət vermədən inkişaf etməsidir:
“Buna baxmayaraq bəzi xəstələrdə baş ağrıları; başgicəllənmə; qulaqlarda küy; ürəkdöyünmə; tez yorulma; görmənin bulanması; nəfəs darlığı kimi şikayətlər müşahidə oluna bilər. Onu da deyim ki, əlamətlərin olmaması xəstəliyin olmadığı anlamına gəlmir. Buna görə də qan təzyiqinin müntəzəm ölçülməsi vacibdir”.
Hipertenziyanın fəsadlarından bəhs edən Nərminə Abbasova vurğuladı ki, nəzarətsiz qalan yüksək qan təzyiqi insult; miokard infarktı; ürək çatışmazlığı; böyrək çatışmazlığı; görmə qabiliyyətinin zəifləməsi və ya itirilməsi; damarların zədələnməsi kimi ağır nəticələrə səbəb ola bilər:
“Bu səbəbdən arterial hipertenziya yalnız təzyiqin yüksəlməsi deyil, bütün orqanizm üçün ciddi risk faktorudur. Arterial hipertenziyanın diaqnozu təzyiqin təkrar ölçülməsi, laborator analizlər və əlavə müayinələr əsasında qoyulur. Müalicə fərdi şəkildə təyin edilir və həyat tərzinin dəyişdirilməsi; duz qəbulunun azaldılması; sağlam qidalanma; mütəmadi fiziki aktivlik; bədən çəkisinin normallaşdırılması; siqaret və alkoqoldan imtina; kimi istiqamətləri əhatə edir”.

Nərminə xanım bildirdi ki, həkim təyinatı ilə dərman müalicəsi vacibdir.
Xəstələr bilməlidirlər ki, hipertenziya əksər hallarda uzunmüddətli nəzarət tələb edən xroniki xəstəlikdir. Həkimin sözlərinə görə, dərmanların özbaşına dayandırılması ciddi təhlükələr yarada bilər:
“Arterial hipertenziyanın qarşısını almaq və ya onun inkişaf riskini azaltmaq üçün həkimin tövsiyələrinə əməl etmək lazımdır. Məsələn, gündəlik fiziki aktivliyi artırmaq; duz istifadəsini məhdudlaşdırmaq; meyvə və tərəvəzlə zəngin qidalanmaq; bədən çəkisini nəzarətdə saxlamaq; stressi azaltmaq; müntəzəm tibbi müayinələrdən keçmək; qan təzyiqini vaxtaşırı ölçdürmək.
Ümumiyyətlə, arterial hipertenziya vaxtında aşkar edildikdə və düzgün nəzarət olunduqda ağır fəsadların qarşısını almaq mümkündür. Hər bir insan öz sağlamlığına məsuliyyətlə yanaşmalı, qan təzyiqini mütəmadi izləməli və hər hansı şübhəli hal olduqda həkimə müraciət etməlidir. Unutmayaq ki, sağlam həyat tərzi və erkən diaqnostika ürək-damar xəstəlikləri ilə mübarizədə ən güclü vasitələrdir”.












































































































































































