bina

Hüquqşünas: “Mənzil sahiblərinin iştirakı olmadan MTK-ların qərar verməsi qanuna ziddir”

Baxış sayı: 369

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov müsahibəsində kabel televiziyalar haqda müxtəlif problemlərə toxunmuşdu. Lakin problem təkcə kabel televiziyalarla bitmir. Yeni tikilən MTK-larda internet provayderlərlə bağlı problemlər var. Sakinlər istədikləri provayderi seçə bilmirlər. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir. Belədə sakin 10 manat əvəzinə daha çox 17 manatadək vəsait ödəyib daha keyfiyyətsiz xidmətdən yararlanmış olur.

Problemlə bağlı danışan İKT üzrə ekspert Elvin Abbasov problemin qaynaqlandığı digər məqamlara toxundu:

“Ümumiyyətlə, özəl provayderlərin bütün ölkə üzrə fəaliyyət göstərmək imkanları, infrastrukturları yoxdur. Bunun üçün böyük investisiya lazımdır ki, fiber-optik xətlər çəkə bilsinlər. Avadanlıqları fəaliyyət göstərdikləri həmin ərazidə olduğu üçün provayderlər MTK-lara əlavə məbləğ ödəyirlər”.

Provayderlərin fəaliyyət göstərməyə görə müxtəlif yerlər seçdiyini deyən ekspert bildirir ki, əslində MTK-lara sərf edir ki, müştərilərə müxtəlif provayderlərin xidmətini təklif etsin:

“Lakin qeyd edim ki, binada 2-3 provayder varsa, artıq növbəti provayderin orda olması sərf eləmir. Çünki bu zaman rəqabət azalır, qoyulan investisiya tam olaraq qarşılanmır. Həmin səbəblə əlaqədar Azərbaycanda 5 faiz MTK-larda 1 provayder, 95 faiz MTK-da 2 və ya 3 provayder fəaliyyət göstərir. Sayın daha artıq olması nə MTK-ya sərf edir, nə də ki, həmin provayderlərə sərf edir. Belə olduqda, provayderlər həmin ərazidən müştəri payı ala bilmirlər”.

bina

Hüquqşünas Türkel Süleymanlı məsələnin hüquqi tərəfini izah edərkən bildirdi ki, bəzi MTK sahibləri binalarda operatorların fəaliyyətinə məhdudiyyət qoymaqla iki qanunvericilik aktını pozur:

“İstehlakçıların hüquqları haqda qanun pozulur. Çünki istehlakçının xidmətləri könüllü seçmək imkanı olmalıdır. Belə olan halda rəqabətli mühit yaranır. Rəqabətli mühitin yaranması vətəndaşların hüquqlarının qorunması, o cümlədən keyfiyyətli xidmətlərə şərait yaradır”

Ekspert bildirir ki, digər məsələ mülkiyyətçiliklə əlaqədardır:

“Bina tikilib qurtaranadək MTK sahiblərinin hansısa səlahiyyəti olur. Bina tikilib qurtardıqda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaranmalıdır, müxtəlif məsələlərə görə mülkiyyətçilərin birgə qərarları olmalıdır. Mənzil sahiblərinin iştirakı, qərarı olmadan MTK sahibləri bir çox qərarları özləri verirlər. Bu isə ümumiyyətlə qanuna ziddir. Təbii ki, belə olan halda onlar qanun qarşısında məsuliyyət daşıyırlar. Bununla onlar həm istehlakçılar haqda qanunu, həm Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətçilərin hüquqlarını pozmuş olurlar”.

Bir neçə provayder, bir neçə MTK ilə əlaqə saxladıq. Provayderlər bildirdilər ki, bəzi MTK-larda provayderlərə problem yaradılır. Bu səbəbdən internet provayderlər məhdud ünvanlarda fəaliyyət göstərirlər. MTK-lardan bildirildi ki, sakinlərə seçimi onlar verirlər. Yəni, sakinlər ya “Bakinternet”dən, ya da MTK-nın təklif etdiyi internet provayderin xidmətindən yararlana bilirlər.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir