MASKA

Məcburiyyət yoxdursa, məsuliyyət olmasın?

Baxış sayı: 668

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edildi. Yəni həmin tarixdən sonra artıq qapalı məkanlarda tibbi maskadan istifadə məcburi deyil. Maskadan istifadə məcburiyyətinin aradan qalxması fonunda, həm də “pandemiya hələ bitməyib” fikirləri də səsləndirilir. Bəziləri hesab edir ki, maska taxmaq tələbi aradan qaldırılsa da, ehtiyatı əldən vermək olmaz. Sağlamlığında yüngül narahatlıq hiss edənlər başqalarına təhlükə yaratmamaq üçün qapalı məkanlarda maskadan istifadənin vətəndaş məsuliyyəti olduğunu unutmamalıdırlar. Yəni qadağa yoxdur-yoxdur, bəs məsuliyyət?

 

Vaksinasiya sayəsində…

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirdi ki, vaksinasiya sayəsində pandemiyanın intensivliyinin aşağı düşməsinə nail olunduğu üçün maska məcburiyyəti aradan qaldırılır: “Epidemioloji vəziyyətin stabilləşməsi, ümumiyyətlə, insanlarımızın vaksinasiyada kifayət qədər fəal olması və qazandığımız uğurlar nəticəsində maska məhdudiyyətinin götürülməsinə qərar verildi.  Məhdudiyyətlərin mərhələ-mərhələ aradan qaldırılmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, vəziyyət nəzarət altındadır. Proses öz məntiqi sonluğuna yaxınlaşır. Pandemiyanın intensivliyi də aşağı düşüb. Vaksinasiyada uğurlu strategiyanı əldə rəhbər tutaraq düzgün addımlarla insanlarımızı bu təhlükədən sığortalaya bilmişik”.

 

Əl təmizliyi, məsafə saxlamaq

Millət vəkili deyir ki, pandemiyadan normal həyata keçid mərhələ-mərhələ gedir. Bu mərhələlərdən biri də maska tələbinin ləğvi idi: “Amma pandemiya hələ davam edir. Ona görə, maskadan istifadə məcburiyyəti götürüldükdən sonra da gigiyenik tədbirlərə ciddi şəkildə riayət etmək lazımdır. Əl təmizliyi, məsafə saxlamaq pandemiyanın səngidiyi dövrdə də önəmlidir. Yuxarı tənəffüs yollarında narahatlığı olan şəxslər, yaxud xəstəxanaya daxil olan hər kəs maskadan istifadə etsə, yaxşı olar. Həm özümüzün, həm də digər insanların sağlamlığı üçün bunu etmək lazımdır. Biz öz şəxsi gigiyenamıza riayət edərək mərhələ-mərhələ normal həyata qədəm qoyuruq”.

 

Maskadan istifadənin vacib olmadığı yerlər

İnfeksionist Mərdan Əliyev deyir ki, artıq maska tələbinin aradan qaldırılmasına zəmin yaranmışdı: “Yoluxma rəqəmlərində təbii olaraq sürətli azalma baş verdi. Yəni əvvəlki dövrlərdə karantin rejiminin sərtləşdirilməsi hesabına yoluxma sayında azalma müşahidə edilirdisə, budəfəki proses karantin qaydalarının yumşaldılması fonunda baş verdi. Bu da artıq kollektiv immunitet formalaşdığını göstərir. Pandemiya da sönməyə başladı. Ona görə maskalardan bir çox yerlərdə istifadə olunması məntiqsiz görünürdü. Məsələn, restoranlarda, böyük ticarət mərkəzlərində. Onsuz da, insanlar maska tələbinə bu yerlərdə riayət etmirdilər”.

 

Maska ənənəsi

M.Əliyevin sözlərinə görə, pandemiya hələ davam etdiyi üçün insanların sıx olduğu, xəstəlik yayılma ehtimalı çox olan qapalı məkanlarda maska taxılsa, yaxşı olar: “Maska tələbinin ləğv olunması o deməkdir ki, bunun üçün cərimələr tətbiq olunmayacaq. Ancaq bəzi yerlərdə yenə də diqqətli olmaqda fayda var. Məsələn, marşrut avtobuslarında insanlar sıx olur, xüsusilə pik saatlarda. İctimai nəqliyyatda xəstə insanın olma ehtimalı var. Bu da digərlərinin yoluxma riskini artırır. Yaxud xəstəxanalara gedəndə maska taxılsın. Bir ənənə formalaşıbsa, bəzi yerlərdə maskalardan istifadəni davam etdirək. Maska tək koronavirus yox, qrip, vərəm kimi xəstəliklərdən də bizi qoruya bilər. Xəstələnmək istəmiriksə, çox adamın olduğu qapalı məkanlarda maska taxmaq yaxşı olar. Yaşlı, immuniteti zəif adamlar da maska taxmalıdır. Yaxud sağlam şəxsdir, taxa bilər. Çünki bu, həm də gigiyenik vasitədir”.

 

Özümüzü nasaz hiss ediriksə…

İnfeksionist bildirdi ki, özümüzü nasaz hiss ediriksə, bu zaman maskadan istifadəyə xüsusilə diqqət etməliyik: “Kollektiv immunitet formalaşıb, yoluxmada böyük artım olmayacaq. Amma özümüzü və başqalarını düşünərək fərdi şəkildə diqqətli olmalıyıq. Kimisə yoluxdura bilərik, yaxud bizi yoluxdura bilərlər. Özümüzü narahat hiss ediriksə, koronavirus, qrip, yaxud bu kimi infeksion xəstəlik ehtimalı varsa, maska taxmalıyıq. Bu, mədəni davranış halı, həyat tərzidir. Buna əməl etməsək, mən digərini, o da başqasını yoluxduracaq, proses zəncirvari gedəcək”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir