bagca

Məktəbəhazırlığın bağça və məktəb problemi

Baxış sayı: 589

Orta məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayandan, övladının 5 yaşı tamam olan valideynlərin çoxu uşağını bağçadan çıxardaraq məktəbəhazırlıq qruplarına aparır. Amma bu gün bağça ilə paralel məktəbəhazırlıq qruplarına gedən uşaqların da sayı az deyil. Maraqlı məqam isə ondadır ki, bağçalarda da məktəbəhazırlıq qruplarının fəaliyyət göstərməsinə baxmayaraq, valideynlərin çoxu nədənsə orta məktəblərdə yaradılmış məktəbəhazırlıq qruplarına üstünlük verir. Bu isə məktəbəhazırlıq qruplarında sıxlığın yaranmasına səbəb olur.

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova bildirir ki, valideynlərin bağçaya gedən övladını çıxardıb məktəbdəki məktəbəhazırlıq qrupuna qoyması düzgün deyil. L.Cəfərova deyir ki, çünki uşaq bağçaları ilə məktəbdəki məktəbəhazırlıq qruplarının vəsaiti məzmunca eynidir: “İstər uşaq bağçalarında, istər də məktəblərdə məktəbəqədər hazırlıqda istifadə edilən vəsaitləri eyni müəlliflər hazırlayıblar. Onlar məzmunca da fərqlənmirlər. Eyni məzmunlu vəsaitin uşaq bağçasında, yaxud da məktəbdə tədris olunmasının fərqi yoxdur. Ona görə də, uşaq bağçaya gedirsə, onu məktəbəhazırlıq üçün bağçadan çıxardıb məktəbdə hazırlıq qrupuna qoymaq lüzumsuzdur”.

L.Cəfərovanın sözlərinə görə, bəzi müəllimlər işlərinin gələcəkdə rahat olması üçün məktəbəhazırlıq qruplarında olan uşaqlara öz metodik yanaşmalarını tətbiq edirlər: “Onlar istəyirlər ki, uşağı məktəbəhazırlıqdan 1-ci sinfə öz metodikası ilə hazırlasın. Belə olanda müəllimin işi də rahat olur. Amma istər məktəbdə, istər də bağçada məktəbəhazırlıq qruplarında proqramdan kənara çıxmağa icazə yoxdur. Məktəbdəki hazırlıq qrupunda müəllim gələcəkdə işinin rahat olması üçün uşağa 1-ci sinfin proqramını keçməməlidir. Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarında hüsnxət öyrədilir. Hətta valideyn də sevinir ki, uşağı hazırlıq qrupundan yazıb oxumağı öyrənir. Amma bu yolverilməzdir. Məktəbəhazırlığın təlimi 1-ci sinifdən tamamilə fərqlənir. Uşaqlara məktəbəhazırlıq qrupunda çap hərfləri öyrədilməli, onlarda sözün hecalara ayrılması bacarıqları inkişaf etdirilməlidir. Hətta bu ildən icazə verilir ki, 12 rəqəmi dairəsində uşaqlara ədədlərin öyrədilməsinə başlanılsın”.

Şöbə müdiri deyir ki, Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə Məktəbəqədər təhsilin dövlət standartı və proqramı təsdiqlənib. L.Cəfərova deyir ki, dövlət hər bir uşağın məktəbəqədər hazırlığına bir dəfə vəsait ayırır: “Yəni, uşaq məktəbəhazırlığa paralel qaydada həm məktəbdə, həm də dövlət bağçasında gedə bilməz”.

Şöbə müdiri bildirir ki, məktəblərdə məktəbəhazırlıq qruplarının yaradılması, 5 yaşlı uşaqların məktəbəqədər hazırlıq keçməsinə imkan yaratmaq məqsədi daşıyır: “Əslində uşaqların məktəbəhazırlığı uşaq bağçalarında aparılmalıdır. Amma bu gün məktəbəqədər təhsil müəssisələrinin sayı az olduğundan, 5 yaşlı uşaqları məktəbəhazırlığa cəlb etmək mümkün deyil. Ona görə də, məktəblərdə məktəbəhazırlıq qrupları yaradıldı.

Valideynləri işləyən uşaqlar üçün növbətçi bağçalar yaradılmalıdır -TƏKLİF - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Bu qruplar məktəbəhazırlıqdan kənarda qalan uşaqları hazırlığa cəlb etmək üçündür. Kiminsə övladı artıq bağçaya gedirsə, onu məktəbdəki hazırlıq qruplarına yazdırmaq düzgün yanaşma deyil. Həmçinin uşağı bağça ilə paralel şəkildə məktəbə hazırlıq qrupuna qoymaq da olmaz. Belə olduqda məktəbəhazırlıq qruplarında sıxlıq yaranır. Məktəbəhazırlıqdan kənar qalan uşaqlar bu qrupların imkanlarından faydalana bilmir”.

Məktəbəhazırlıq qrupu, arxiv şəkli

Valideynlər isə bağça ilə müqayisədə məktəbdəki məktəbəhazırlıq qruplarına daha çox üstünlük vermələrinə əsas tapmağa çalışırlar. Valideyn Səidə Seyidova bildirir ki, bağça ilə müqayisədə məktəbəhazırlıq qruplarında daha peşəkar müəllimlər fəaliyyət göstərir: “Uşaq eyni zamanda kollektivə və müəllimə uyğunlaşır. Ona görə də, uşağımı bağçadan çıxardıb məktəbəhazırlıq qrupuna qoymuşam”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirdilər ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir