Nermine Abbasova

Nərminə Abbasova: “A və D vitaminlərinin, eləcə də sinkin miqdarına diqqət yetirilməlidir”

Baxış sayı: 493

Bir çox xəstəliklərdə iltihab reaksiyası müşahidə olunur. Bu da təbii ki, nəticədə mikronutrient ehtiyatlarına təsir edir. Demək olar ki, bütün vitaminlərin, eyni zamanda bir çox mineral və iz elementlərinin plazma dəyərləri daha çox və ya uzun müddət ərzində azalır və bu göstəricilər iltihabın kəskin faza zülallarının müxtəlif biomarkerlərinin dəyişməsi ilə mənfi korrelyasiyadadır.

 

Mövzu ilə bağlı saytımıza danışan  MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, iltihab və stresslə müşayiət olunan hipermetabolizm yalnız mikronutriyentlərə tələbatı artırmır, bəzi hallarda onların müxtəlif orqan və toxumalar arasında fərqli miqdarlarda paylaşdırılması da mümkün ola bilər. Onun sözlərinə görə, bunu dəmir metabolizminin qiymətləndirilməsində xüsusilə nəzərə almaq lazımdır:

“Funksional və mütləq dəmir çatışmazlığını bəzi hallarda ilk dəfədən müəyyənləşdirmək asan olmur. İltihab zamanı orqanizmi müdafiə reaksiyalarının aktivləşməsi nəticəsində bir sıra vacib zülali birləşmələr sintez olunur. Onlardan biri də dəmirin hüceyrə daxilində qapanmasına səbəb olan hepsidin zülalıdır. Məqsəd burada orqanizmin mikronutriyenti ilə iltihabı törədən infeksion amilin faydalanmasının qarşısını almaqdır. B6 vitamini üçün isə son tədqiqatlar göstərmişdir ki, onun qanda miqdarının azalması səbəbi iltihab nəticəsində artan katabolizmdir”.

Nərminə xanım qeyd edib ki, qida əlavələrinin xəstəliyin gedişatına təsir edib-etməməsi sualı yalnız ayrı-ayrı hallarda, xüsusilə də əvvəlcədən mövcud olan defisitləri olan uşaqlarda mütləq araşdırılmalıdır:

 

“Burada yoluxucu xəstəliklər zamanı fərdi defisitlərin, yəni dəmir, vitamin A, zink və sairin kompensasiyası xəstəliyin ağırlıq dərəcəsinə müsbət təsir göstərə bilməsinə səbəb ola bilər. Kifayət qədər və yaxşı qidalanan şəxslərdə, kəskin iltihab nəticəsində mikronutrient statusu iltihab azaldıqdan sonra yüksək ehtimalla bərpa olunur. Xroniki iltihabi xəstəlikləri zamanı və xüsusilə də əvvəlcədən mövcud olan qidalanma defisiti olduqda vəziyyət fərqli olur. Nəzərə almaq lazımdır ki, xroniki iltihab zülal və enerji metabolizminə təsirinin artması səbəbindən qida qəbulu ilə əlaqəli həm makro, həmçinin də mikronutriyent defisiti yaranır”.

Həkim deyir ki, qidalanmanın pozulması ilə müqayisədə infeksion iltihabın orqanizmdə baş verən bir sıra biokimyəvi proseslərə olan təsiri fərqlənir. Onun sözlərinə görə, iltihab zamanı sitokinlərin təsiri altında əgər əsas mübadilə sürəti artırsa, aclıq zamanı bu sürət azalmağa doğru dəyişir:

“Qlükoneogenez prosesi əgər aclıq müddətində dəf edilirsə, iltihab zamanı stimulyasiya olunur. Beləliklə, vacib metabolik proseslərə mikronutriyent çatışmazlığı və iltihab sitokinlərinin aktivləşməsi fərqli təsirlər göstərir. Aydındır ki, iltihabi proseslər zamanı müşahidə olunan mikronutrient statusunun dəyişməsi təkcə toxumalar arasında fərqli paylaşma ilə deyil, əlbəttə ki, ehtiyacın artması ilə də izah olunur. Lakin, kəskin faza zülallarının kəskin iltihabı olan xəstələrdə vitamin və ya iz elementi defisitlərinin analizi çox vaxt çətin interpritasiya olunur”.

 

A və D vitaminlərinin, eləcə də sinkin azalmasının immun sisteminə təsir göstərdiyini vurğulayan Nərminə xanım bildirdi ki, buna daha çox diqqət yetirilməlidir. Bəs parenteral və ya enteral əlavələr pasiyentin vəziyyətini yaxşılaşdırmaq üçün kifayətdirmi, yoxsa orqanizmin öz gücü hesabına bərpa olunmasını gözləmək lazımdır? Terapevtin sözlərinə görə, əgər nəzərə alsaq ki, klinik xəstələrdə qida çatışmazlığı qeyri-adi hal deyil və xəstədə mikronutrient defisiti müşahidə olunursa, əlavələrin erkən dövrdə müalicəyə daxil edilməsi lazımdır:

“Mikronitriyenlərin tövsiyyələrdə təklif olunan konsentrasiyaları tətbiq olunduğu halda, hər hansı bir yan təsirlərdən qorxmaq üçün heç bir əsas yoxdur. Şübhəsiz ki, xəstəliyin kəskin dövründə də müəyyən risk qruplarından olan pasiyentlərə bəzi faydası sübuta yetirilmiş qida əlavələri müalicə zamanı verilə bilər. Bu, təbii ki terapevtik müalicəni əvəz etməyən, yalnız kəskin xəstəlik dövründə mümkün defisit fonunda mikronutriyentlərə qarşı artan ehtiyacın ödənilməsi məqsədi ilə tətbiq edilə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir