aile budcesi

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik?

Baxış sayı: 617

Maliyyə savadlılığı mövzusu xüsusilə gənc peşəkarlar arasında aktual olsa da, reallıq göstərir ki, insanların böyük əksəriyyəti pulunu effektiv şəkildə idarə edə bilmir. Aparılan müşahidələrə görə, əksər gənclərin nə aydın büdcəsi var, nə vergi güzəştlərindən istifadə edir, nə də uzunmüddətli yığım və investisiya planı mövcuddur. Üstəlik, bir çoxu borc içində olsa da, bu borcdan necə çıxacağına dair konkret strategiya formalaşdırmayıb.

Mütəxəssislər bildirir ki, bunun səbəbi təkcə gəlirin az olması deyil. Pulun idarə edilməsində çətinlik yaradan bir sıra psixoloji və sistemli amillər mövcuddur.

Beləliklə, pul çatışmazlığı şəraitində maliyyə qərarlarının niyə daha çətin verildiyini təqdim edirik.

 

Keyfiyyətli maliyyə məlumatına çatmaq çətindir

Sadə görünən bir maliyyə qaydası var: Gəlir = Xərc + Yığım/İnvestisiya. Lakin bu balansı qorumaq real həyatda kifayət qədər çətindir. İnsanlar tez-tez belə suallarla üzləşir: Borcu əvvəl bağlamaq daha doğrudur, yoxsa investisiya etmək? Pul hansı alətlərə yönəldilməlidir?

İnformasiya bolluğu da vəziyyəti çətinləşdirir. Sosial şəbəkələr – “YouTube”, “TikTok”, bloqlar və şəxsi məsləhətlər arasında düzgün və etibarlı mənbəni seçmək asan deyil. Mütəxəssislər tövsiyə edir ki, “tez varlanma” və ya “gizli investisiya fürsəti” vəd edən mənbələrə ehtiyatla yanaşmaq, məsləhətləri bir neçə mənbə ilə yoxlamaq vacibdir.

 

Büdcə tərtibi çoxlarına çətin görünür

Büdcə aparmaq bir çox insan üçün əlavə iş və vaxt itkisi kimi qəbul edilir. Nəticədə insanlar xərclərinin real mənzərəsini görmür. Halbuki büdcə maliyyə nəzarətinin əsas sütunlarından biridir.

Mütəxəssislər bildirir ki, büdcə aləti mütləq mürəkkəb olmamalıdır – “Excel” cədvəli, “Google Sheets” və ya mobil tətbiqlər kifayət edə bilər. Əsas məsələ davamlılıq və şəffaflıqdır.

aile budcesi

Ani istəklər uzunmüddətli planları üstələyir

Müasir dünyada hər şey sürətlidir: onlayn alış-veriş, yemək çatdırılması, ani əyləncə. Bu vərdişlər maliyyə davranışına da sirayət edir. İnsanlar uzunmüddətli məqsədlər – borcsuz həyat, maliyyə müstəqilliyi, rahat pensiya əvəzinə bu günü prioritet seçir.

Mütəxəssislər vurğulayır ki, maliyyə uğuru əsasən yavaş, amma davamlı irəliləyiş nəticəsində formalaşır. Kiçik məbləğlərlə olsa belə, planlı şəkildə davam etmək əsasdır.

 

Gəlirin az olması prosesi daha da çətinləşdirir

Aşağı gəlir şəraitində həm gündəlik xərcləri ödəmək, həm də yığım etmək olduqca çətindir. Bununla belə, ekspertlər bildirir ki, pulun miqdarı artdıqca xərclər də artır. Yəni maliyyə intizamı vərdişi erkən mərhələdə formalaşmalıdır.

Əlavə gəlir mənbəyi tapmaq, bəzi xərclərdən imtina etmək və kiçik irəliləyişləri belə dəyərli saymaq uzunmüddətli maliyyə sabitliyinin əsasını qoyur.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir