Kanadadakı Toronto adaları mənzərəli təbii cənnətdir. Turistlər üçün gözəl istirahət yeri olan bu adalara şəhər mərkəzindən bərə ilə 15-20 dəqiqədən az müddətdə çatmaq olur. Arxipelaqdakı ən böyük adalar Mərkəz ada, Uords və Algonquindur. Adalar Torontodakı 1852-ci ildə qurulan ən qədim Kral Kanada Yaxt Klubuna da ev sahibliyi edir. Adalara il ərzində 1 milyon 200 min insan səyahət edir.

Toronto adaları şəhər və kəndin unikal mənzərələrinə malikdir. Adalarda avtomobil yoxdur. Burada görə biləcəyiniz nəqliyyat vasitələri velosipedlər, skuterlər, qayıqlar və kanoelərdir.

15 adadan ibarət qrup
Toronto adalarının maraqlı tarixçəsi var. 19-cu əsrin ortalarında landşaft dəyişiklikləri və uzun bir yarımadanın bölünməsi nəticəsində 15 adadan ibarət bir qrup yaranıb. 20-ci əsrdə yerli sakinlər arxipelaqın gələcəyi ilə bağlı narahat olmağa başlayıblar və sahil xəttini qorumaq üçün dalğaqıranlar və körpülər tikiblər. Adalar körpülər və cığırlarla bir-birinə bağlıdır və birindən digərinə asanlıqla çatmaq olur. Bu, Şimali Amerikada yalnız piyadalar üçün nəzərdə tutulmuş ən böyük ərazidir və ümumi sahəsi 230 hektardır.

Uords adasına (Ward”s island) düşən kimi turistləri adanın tarixindən bəhs edən muzey və gəzmək üçün yol xəritəsi qarşılayır.

99 illik müqavilə
Təxminən 150 il əvvəl Toronto şəhəri adaları federal hökumətdən satın alaraq öz himayəsinə götürüb. Adaları kurort, sağlamlıq və əyləncə kompleksinə çevirmək üçün plan hazırlanıb, yaşayış, hotel, teatr və əyləncə parkları üçün torpaq ayrılıb. 20-ci əsrlərin sonlarında adalarda kottec icmaları yaradılaraq, buranı yaşayış məntəqələrinə çeviriblər. Nəticədə adalar kifayət qədər daimi sakinə ev sahibliyi edib. 1900-cü illərin ikinci yarısı ada sakinləri üçün bəzi çətinliklər yaradıb. Bələdiyyə adaları sırf istirahət zonasına çevirmək üçün ərazini yenidən qurmağa başlayıb. Bu, kotteclərin sayının əhəmiyyətli dərəcədə azalmasına, sökülməsinə və adaların digər hissələrinə köçürülməsinə, eləcə də əmlak və torpaq sahibləri ilə münaqişələrə səbəb olub. Təxminən 20 illik hüquqi mübarizədən sonra sakinlər müvəqqəti qələbə qazanıblar: 1993-cü ildə sakinlərə torpaq icarələrini növbəti 99 il müddətinə uzatmaq imkanı verən “müqavilə” imzalanıb.

Buraya quşların səsindən zövq almağa gəlirlər
Uords adası Ontario gölündəki adalardan ən çox ziyarət ediləni sayılır. Təxminən hər 30 dəqiqədən bir “Liman Frontu” adlanan yerdən adaya doğru bərə yola düşür. Gediş-dönüş biletinin qiyməti 9 Kanada dollarıdır. Uşaqlar və tələbələr üçün endirimlər mövcuddur. Biletə gediş-dönüş haqqı və velosiped gətirmək üçün icazə daxildir. Bərələrdə sərnişinlər üçün velosiped dayaqları da var.

Adalar yaz və yayda əla piknik yeridir. Çoxları velosipedlərini gətirərək adalardakı sakit küçələrdə sürməkdən zövq alır. Adanın yaşlı sakinlərindən biri ilə söhbətləşirəm: “Ada yalnız yaz və yayda maraqlı olur. İnsanlar yaşıllıqdan, sakitlikdən, Ontario gölünün mənzərəsindən, quşların səsindən zövq almağa gəlirlər. Ancaq qışda bura maraqlı deyil. Qış aylarında burada turistlər olmur, heç ətraf ərazilərdən də gəlmirlər. Burada həyat dayanır və ətraf ərazi sakit və kimsəsiz olur”.

Spirtli içki və ərzaq mağazaları yoxdur
Uords adasından piyada yolla Algonquin adasına yollanıram. Hər iki adanın təxminən 650 sakini var. Ancaq turistlərdən başqa küçələrdə kimsə gözə dəymir. Sakinlər sanki evlərinə çəkiliblər. Bu adalarda spirtli içki və ərzaq mağazaları yoxdur. Sakinlər ərzaq üçün bərə ilə Torontoya gedirlər. Adalarda kanalizasiya sistemi, yanğınsöndürmə və tibb məntəqəsi, məktəb, iki uşaq bağçası, kilsə var. Polis ya qayıqla, ya da velosipedlə hərəkət edir.

Küçələrdə ucadan musiqi səsi eşidilmir. Mərkəzi hissəsi uşaq əyləncə parkı, kafe və çimərliklərdən ibarətdir. Yeri gəlmişkən, kafelər, buradakı digər evlər kimi 19-cu əsrin ortalarına aid tikililəri xatırladan gözəl taxta evlərdə yerləşir. Kafelərdə qiymətlər də Toronto ilə müqayisədə bahadır. Bunu adaya ərzaq gətirməyin çətinliyi ilə əlaqələndirirlər.

Ev alqı-satqısına ciddi nəzarət var
Adada əmlak alqı-satqısı ilə bağlı məhdudiyyətlər mövcuddur. Adadakı evlərin sahibləri, torpaq icarəçiləri əmlaklarını həyat yoldaşlarından və ya uşaqlarından savayı heç kimə vəsiyyət edə bilməzlər. Əmlakların istifadə hüququnun kiməsə verilməsi də qadağandır. Daşınmaz əmlakla bağlı hər hansı alqı-satqı əməliyyatı yalnız “Ada Trest”i tərəfindən həyata keçirilir və prosedur elə təşkil olunur ki, alıcı və satıcı bir-biri haqqında ictimai məlumata malik olmasınlar. Adalardan mənzil almaq istəyənlərin siyahısı ictimaiyyətə açıqlanmır. Bu arzuda olanlar növbəyə yazılıb lotereyada iştirak edə bilərlər. Lotereyada iştirak 110 dollardır. Siyahıda olmaq üçün hər il 45 dollar ödənilir. Siyahıya daxil olduqdan sonra hər şanslı şəxs ardıcıl nömrə alır və yuxarıdakı digər iştirakçılar kənarlaşdırıldıqca sıralamada yuxarı qalxır. İldə orta hesabla 1-3 belə əməliyyat keçirilir. Ev satışa çıxarıldıqda siyahıdakı ilk 100 nəfərə təqdim olunur. Bir sözlə, kimsə adalarda ev sahibi olmaq istəsə, buna nail olmaq üçün 40-60 il lazım ola bilər.

Adaların sakinlərinə beş il ərzində iki ildən artıq müddətə evlərini kirayə verməyə də icazə verilmir. Onlardan ildə ən azı 220 gün evlərində yaşamaq tələb olunur. Hazırda adalardakı 262 torpaq sahəsində yaşayanların sayı cəmi 600 nəfərdir.
Adalardan Torontoya qayıdanda bərədən düşən kimi özümü şəhərin mərkəzində tapıram. Ətrafda çoxlu insan, maşın və səs-küy var. Bu anda adalarda son bir neçə saat ərzində yaşadığım hisslərlə ziddiyyət daha da aydınlaşır…





Təranə Məhərrəmova
Toronto-Uords adası











































































































































































