“Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq, yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir”.
Bu sözləri oxucularımızı onurğa əyriliyi ilə bağlı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirib.
Baş həkim qeyd edib ki, normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir:
“Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr fırlanır və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və sair orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər. Skoliozun İdiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri var. İdiopatik skolioz adətən uşaqlıq və yetkinlik dövründə görülən və səbəbi bilinməyən skolioz növüdür. Bu tip skolioz erkən yaşlarda başlamağına baxmayaraq ağrı və digər gözlə görülən əlamətlər olmur. Lakin yaş artdıqca və böyümə davam etdikcə onurğa əyriliyi müxtəlif problemlər yarada, eyni zamanda xəstədə ağrı şikayətləri başlaya bilər”.
Nərminə xanım bildirdi ki, anadangəlmə skolioz uşaq ana bətnində ikən yaranır və inkişaf edir. Həkimin sözlərinə görə, bu tip skoliozun əmələ gəlməsində ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, hipertermiya, alkoqol istifadəsi, valproik turşu istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər göstərilir. Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklərin anadangəlmə skoliozu müşaiyət etdiyi də görülməkdədir:
“Anadangəlmə skoliozda körpənin anormal onurğa ilə doğulmasına baxmayaraq, ilkin mərhələdə əyrilik müşahidə olunmaya bilər. Əyrilik adətən davamlı böyümə ilə özünü göstərir. Bəzi hallarda əyrilik yeniyetmədə sürətli böyümə mərhələsinə qədər son dərəcə yavaş irəliləyir. Struktural pozğunluqlar müxtəlif yollarla anadangəlmə skolioza səbəb ola bilər. Ana bətnində meydana gələn quruluş problemləri və onurğa qüsurları şəklində özünü göstərir. Bəzi xəstələrdə hər iki qüsuru birlikdə görmək mümkündür. Qeyd edim ki, skolyozun erkən diaqnozu əyrilik və deformasiyanın inkişafının qarşısını almağa kömək edə bilər. Onurğa əyriliyi və ya ağrı şikayəti ilə həkimə müraciət edən xəstənin ilkin olaraq Skoliozla əlaqəli ola biləcək hər hansı bir şəxsi və ya ailədaxili tibbi vəziyyətin hərtərəfli tarixi həkim tərəfindən nəzərdən keçirilməlidir. Xəstənin yaşı, yetkinlik dövrü başlanğıcı və qadınlarda ilk aybaşı dövrü onurğa əyriliyinin böyüməsini və inkişaf riskini təyin etmək üçün vacibdir. Hərtərəfli fiziki müayinə xəstənin sağlamlığı və onurğa sütunu haqqında məlumat verir. Müayinədə xəstənin onurğa sütununun ümumi tarazlığı, nisbi çiyin və çanaq boyu, habelə onurğa əyriliyi və qabırğa qəfəsi deformasiyası daxil olmaqla hər hansı bir anormallığa diqqət yetirilir”.
Ailə həkimi deyir ki, kliniki müayinə zamanı skolioz əlamətləri aşkarlanarsa, həkimin göstərişi ilə rentgen müayinəsi aparılır. Onurğa əyriliyi dərəcəsinin müəyyən edilməsi üçün həm arxadan həm də yandan olmaqla görüntü alınır. Həkim bildirdi ki, görüntü xəstə ayaqüstə ikən çəkilməli, baş və çanaq mütləq görülməlidir. Onun sözlərinə görə, rentgen görüntüsünə əsasən mütəxəssis həkim onurğa sütununu nəzərdən keçirir, fəqərələrdəki anadangəlmə anormallıqlar, degenerativ dəyişikliklər, əyrilik bucağı təyin edilir.
Xəstəliyin müalicəsindən bəhsedən Nərminə xanım bildirdi ki, skolioz dərəcəsi yüngül olan və yaranma mənşəyi bilinməyən idiopatik skoliozlu xəstələrdə tərcih edilən ilkin müalicə metodu müşahidədir:
“Xəstəyə 4-6 ay ərzində kontrol müayinəyə gəlmək məsləhət görülür. Bunula yanaşı idman hərəkətləri, fizioterapiya, üzmək və sair məsləhət görülür. Orta dərəcəli skoliozlarda individual korset, fizioterapiya və idman hərəkətləri məsləhət görülür. Korset əyrilik bucağı 20-40 dərəcə olan yeni yetmə dövründə olan xəstələrə tətbiq edilən müalicə metodudur. Nizamlı olaraq gün ərzində 16-20 saat korset taxılması gələcəkdə əməliyyat riskini azaldır. Anadangəlmə skoliozlarda korset məsləhət görülmür. Çünki bu skoliozlar, sərt, elastik olmayan əyriliklərdir. Bunlarda korset istifadəsi cilt yaralanmalarına, döş qəfəsi deformasiyalarına, ağciyər funksiyasınn pozulmasına səbəb ola bilər. Proqressiya ehtimalı yüksək olan və təqib dövründə əyriliyin artdığı, korset müalicəsinin müvəffəq olmadığı hallarda cərrahi müalicə ən geniş yayılmış müalicə üsuludur. Anadangəlmə və sindromik ağır skoliozlarda mütləq cərrahi müalicə aparılmalıdır. Anadangəlmə skolyozun erkən diaqnozu baxımından son dərəcə diqqətli olmalıdırlar. Ailələr körpənin boynunda, belində hər hansı bir fərqlilik olduğunu görən kimi həkimə müraciət etməlidirlər. Erkən dövrdə əməliyyat edilən anadangəlmə skoliozun nəticəsi çox daha yaxşı olur”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)