Nermine  Abbasova

“Səhvlərdən biri onun əllə sıxılmasıdır…”

Baxış sayı: 877

“Adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara demək olar ki, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır”.

Bunu “Gencaile.az” saytına Akne xəstəliyindən və onun müalicəsindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir. Onun sözlərinə görə, Akne – tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx “tıxac” ilə qapanmış olur:

“Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) – piy şişi (“jirovik”) əmələ gəlir”.

Həkim-terapevt qeyd etdi ki, kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.

Aknenin əmələ gəlmə səbəblərindən söz edən Nərminə xanım vurğuladı ki, səbəblər çoxdur:

“Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır. Çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.

Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər. Məsələn, qadınların dərisində sızanaqların əmələ gəlməsi səbəbi əksər hallarda hormonal tarazlığın pozulması olur. Qadın xəstəliyini müalicə etdikdən sonra onun dərisindəki sızanaqlar da keçib gedir”.

Nərminə xanım bildirdi ki, orqanizmdə hormonal tarazlığın pozulmasından başqa dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər. Bunlar dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma, dekorativ kosmetik vasitələrin bəzi növləri və digərləri.

Həkim deyir ki, irsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar adətən dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə adətən irsi şəkildə verilir:

“Bəzi dərman preparatlarının qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.

Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Təəssüf doğuran odur ki, bunu nəinki insanların özləri, bir çox hallarda hətta bəzi “kosmetoloqlar” da edirlər.

Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır”.

Nərminə xanım xəbərdarlıq etdi ki, heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə sızanaqları “gizlətmək” düzgün deyil. Belə ki bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olur. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır:

“Əgər sizin dəriniz sızanaqların əmələ gəlməsinə meyllidirsə, yağ əsaslı kosmetik vasitələrdən imtina edərək, su əsaslı kosmetik vasitələrdən istifadə edin. Ümumiyyətlə, əgər dərinizin sağlam olmasını istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən, xüsusilə tonal kremlərdən, sıx pudralardan yalnız istisna hallarda istifadə etməyə çalışın.

Sızanaqlardan yaxa qurtarmaq üçün qadınlar çox zaman üzlərini daha tez-tez sabunla yumağa, dərilərini tərkibində spirt olan tinkturalarla (bitkinin spirtdə olan məhlulu), turşularla və s. bu kimi vasitələrlə silməyə çalışırlar. Əslində isə bu, düzgün fikir deyil. Bu yolla sızanaqlardan qurtulmaq mümkün olmayacaq. Axı sızanaqlar piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunmasından baş verir. Bu piyin funksiyası isə dərini nəmləndirmək və onu qorumaqdan ibarətdir”.

Həkim-terapevt deyir ki, tez-tez yuyunma və dərinin spirt və turşular vasitəsi ilə qurudulması, dəri üzərindəki piy qatını xaric edərək, piy vəzilərini hər dəfə daha çox işləməyə vadar edir. Bütün bunların nəticəsində isə dəridə olan sızanaqlar azalmır, əksinə, onların sayı daha da artır. Həkim məsləhət görür ki, dərini yaxşı vəziyyətdə saxlamaq üçün yağlı dərisi olanlar gündə 2 dəfə yalnız yağlı dərilər üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrlə üzlərini yuya bilərlər. Onun sözlərinə görə, üz yuyulan suya bir qədər alma sirkəsi və ya limon şirəsi də qatmaq olar. Amma dərini qurutmamaq üçün məhlul çox zəif olmalıdır:

“Əgər sizin dərinizdə sızanaqlar varsa, uzun müddət ərzində günəş şüaları altında qalmayın və solyariya getməkdən imtina edin. Günəş şüaları dərini qurudur, piy vəzilərini daha güclü şəkildə işləməyə məcbur edir. Az miqdarda olan günəş şüaları isə bunun əksinə olaraq, dərisində akne olanlara müsbət təsir göstərir, sızanaqların müalicəsinə kömək edir”.

 linkedin sharing button

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

sharethis sharing button



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir